Dovşandodaq anomaliyası
Üst dodağın anadangəlmə yarılması ilə müşahidə olunan deformasiya dovşandodaq (yarıq dodaq) adlanır. Bu hal tək başına, ya da başqa anomaliyalar ilə birlikdə ola bilər. Qafqaz irqində dovşandodaq anomaliyası 1000 canlı doğumda 1 xəstə tezliyi ilə görülür. Bu uşaqların 68%-də əlavə olaraq üst dodaq yarığına (qurdağzı) da rast gəlinir. Oğlanlarda bu anomaliya qızlara görə 2 dəfə daha çox müşahidə olunur.
Dovşandodaq əksər hallarda tək tərəfli olur və üst dodağın sol tərəfini tutur. İki tərəfli dodaq yarığı nadir və daha ağır anomaliya olub bərpası üçün ardıcıl müalicə tələb edir. Bu haqda növbəti məqaləmdə danışacağam. Burada isə söhbət tək tərəfli dovşandodaq anomaliyasından gedəcək.
Xəstəlik ana bətnində ilk 4-8-ci həftələrdə baş verən üz inkişafının pozulması nəticəsində ortaya çıxır. Səbəbləri tam dəqiq bilinməsə də, ananın hamiləlik vaxtı siqaret çəkməsi, qızılca ya da məxmərək keçirməsi, epilepsiya əleyhinə fenitoin qəbul etməsi (məsələn sızanaq müalicəsi üçün) A vitamini analoqlarını qəbul etməsi belə anomaliyanın riskini qat-qat artdırır.
Üst dodağın pozulmuş şəkli valideynlərdə psixoloji gərginliyə səbəb olur. Belə uşağı cəmiyyətə göstərdikdə yaşanan utanma və xəcalət hissləri yeni övlad sevincinə kölgə salır. Qohumlarda və ətrafdakı insanlarda uşağın zəkadan zəif olduğu barədə yanlış fikir yarana bilər. Qeyd etmək lazımdır ki, belə uşaqların əksəriyyəti əqli keyfiyyətlərinə görə normaldır və vaxtında düzgün müalicə edildikdən sonra öz yaşıdlarından fərqlənmir.
Ağzın ətrafında yerləşən dairəvi əzələnin quruluşu bu anomaliyada pozulduğu üçün uşağın özündə əmmə refleksinin zəifliyi və süd əmmədə problemlər yaranır. Bu funksiya ciddi pozulduqda uşaq xüsusi əmzik ilə yaxud kiçik qaşıqdan yedirilməlidir.
Dovşandodaq anomaliyasının bərpası cərrahi yolla aparılır. Əməliyyat artıq 2-3 günlük uşaqlara aparıla bilər və 6 aylığa qədər mütləq icra olunması tövsiyyə olunur. Hal-hazırda dovşandodaq anomaliyasının bərpası üzrə bir çox mərkəz bu əməliyyatı körpənin 2-3 aylığında aparır. Həmçinin mən də bu zamanı əməliyyat üçün uyğun hesab edirəm. Əməliyyatın erkən aparılması daha az iz buraxır, diş sırasının daha düzgün formalaşmasına yardım edir, əmmə funksiyasını və beləliklə qidalanmanı bərpa edir, uşağa öz üzünü normal şəkildə qavrama imkanı verir, valideyn və qohumların uşağa alışmasını tezləşdirir.
Əməliyyat ümumi narkoz altında aparılır və təxminən 1 saat davam edir. Yarılmış dodağın hissələri qat-qat bərpa edilir. Bundan sonrakı ilk saatlarda qidalanma uşaq şaquli vəziyyətdə ikən kiçin qaşıq ilə aparılır. Tikişlər 1 həftə sonra alındıqdan sonra körpə artıq yeni normal simasına qovuşdurulmuş olur.
Sizə və körpənizə xoş günlər arzulayıram! Üzünüz daim gülsün!
Mövzuya aid video bloq:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.