çənə sınıqları və müalicəsi

Çənə sınıqları

11983
Müəllif: Uzman Dr. İlyas Axundzadə, plastik, rekonstruktiv və estetik cərrah, FEBOPRAS

Paylaşıldı: 01.08.2017
İlyas Axundzadə

Çənə qafatasının ən böyük hərəkətli sümüyüdür. Ön tərəfdə yerləşdiyi üçün zədələnmələrə qarşı zəyif qalır. Çənə sınıqları ən çox avtomobil qəzaları və məişət davalarında görülür. Bu sınıqlar əksər hallarda kəllə-beyin, onurğa, alt və üst ətraf ya da daxili orqanlar travmaları ilə müşahidə olunur. 

Çənə sınıqlarında xəstənin əsas şikayətləri belədir:
1) Dişlərin bir-birinə düzgün oturmaması, ya da maloküziya (dişləm pozulması)
2) Sınıq nayiyyəsində və umumiyyətlə hərəkət zamanı ağrı hissi.

Bundən əlavə, ağız qoxusu, tüpürcək toplanması, udma çətinliyi, qançırlar və s. kimi əlamətlər görülə bilər. İlk baxışda həkim üzün şişməsini, sınıq yerində xırltı səsini, ağız içində sınmış dişləri və sınmış sümük uclarını müəyyən edə bilər. Diaqnozun təsdiqi üçün çənənin panoram və “Towne” proyeksiyalı rentgen şəklinin şəkilməsi çox vaxt kifayətdir. Əfsuslar ki, bu sadə müayinələri ölkəmizdə nadir hallarda aparırlar. Əvəzində bu halda çox da lazım olmayan, lakin bahalı kompyuter tomoqrafiyasının çəkilməsini təklif edirlər (ürək fəryadı!).

Təcili yardım tələb edən hallar:

1) Xəstə sınmış protez parçasını ya da dişi udub çeçəyirsə belindən əl ilə vurmaq, öskürməsinə şərait yaradmaq ya da Haimlich manevrini http://aribris.ru/matters.php?id=35 aparmaq lazımdır. Belə xəstəni zorla uzandırmaq olmaz! Boğazdaki yad cismi çıxarmaq üçün işarət və orta barmağı xəstənin ağzına yerləşdirib ucları ilə dairəvi çıxarma hərəkəti etmək bəzən faydalı olur. 

2) Çənin ön hissəsinin iki tərəfdən sınması dilin boğaza düşməsinə və beləliklə nəfəs yolunun tıxanmasına səbəb olur. Bu halda dili, ucundan 1 santimetr içəridən sancaq ilə dəlib köynəyin yaxasına sabitləmək ya da təcili tibbi yardım gələnə qədər barmaqlar ilə tutmaq lazımdır.

Müalicə necə aparılır?

Üz sınıqlar əksər hallarda təcili əməliyyat tələb etmir. Əvvəlcə yanaşı gedən travmaları araşdırmaq və xəstənin vəziyyətini tənzimləmək lazımdır. Bunun üçün çox vaxt 5-10 gün tələb olunur. Bu müddət ərzində çənə sınığına aparılan müdaxilələr belədir:
1) Çənə başa buxaq və təpə nahiyyələsini əhatə edəcək şəkildə elastik sarqı ilə sabitlənir (submento-vertikal sarğı). 
2) Maye ve yumşaq yeməklər verilir.
3) Ağız gündə 8-10 dəfə povidon yod (1:1 su ilə qarışdırılmış), açıq manqan, xlorheksidin, benzidamin ya da soda ( 1 çay qaşığı 1 stəkan suya) məhlulları ilə çalxalanmalıdır. Bu məqsəd üçün adı çəkilən məhlullardan hər hansı biri istifadə oluna bilər. 
4) Xəstə hündür yastıqda uzanmalı və yarı yataq rejiminə riayət etməlidir. Bu tədbirlər xəstənin üzündəki şişmənin azalmasına və tezliklə əməliyyata hazırlanmasına kömək edir.
Bəzən əlavə olaraq antibiotik və ağrıkəsici dərmanlar təyin olunur. Bunları uşaqlar üçün olan siroplar şəklində qəbul etmək daha rahatdır.

Sonra nə olmalı?

Çənə sınıqlarının müalicəsi ilə müəyyən həkimlər, məsələn plastik cərrahlar, məşğul olur. Sınmış çənə parçaları əməliyyat əsnasında xüsusi lövhə ilə sabitlənir, alt və üst dişlər müvəqqəti sürətdə bir-birinə sim ilə tutturulur. Sadə hallarda submento-vertikal sarğının 3 həftəlik tətbiqi kifayətdir. Odur ki, nəqliyyat vasitələrində şlem, kəmər və diğər qoruyucu əşyalardan istifadə edin, sülhsevər olun və xəstələnməyin!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.