Leyla Məmmədli hekimtap.az

Leyla Məmmədli

Mama-ginekoloq

12 il iş təcrübəsi

Bakı
cinsi yolla yoluxan xəstəliklər

Cinsi yolla yoluxan xəstəliklər

Müəllif: Leyla Məmmədli
5631

Paylaşıldı: 28.03.2018
Leyla Məmmədli

Son illərdə bütün dünyada cinsi yolla yoluxan xəstəliklərin (CYYX) rastgəlmə tezliyi artmışdır. CYYX-in törədicilərinin əsas yayılma yolu qorunmadan cinsi əlaqədir. Bu infeksiyaların əsas yoluxma yolunun cinsi yol olmasına baxmayaraq, digər yollarla da yoluxması istisna edilmir. Belə ki, qanla (qanköçürmə, şpirislərin təkrar istifadəsi və s), anadan dölə və ya yenidoğulmuşa, az hallarda isə, ağız suyu və məişət əşyaları vasitəsilə infeksiyaların yoluxma halları mümkündür.

CYYX-in törədicilərini bir neçə qrupa ayırmaq olar:

 – Bakteriyalar - xlamidioz, qonoreya, yumşaq şankr, sifilis, mikoplazmoz, ureaplazmaz
 – İbtidailər – trixomoniaz
 – Göbələklər – kandidoz
 – Parazitlər – gənələr, bitlər
 – Viruslar – HİV (İnsan İmmunçatışmazlığı virusu), genital herpes, hepatit B, sitomegalovirus infeksiyası, itiuclu kondiloma

CYYX-in əlamətləri 2-3 gündən bir neçə aya qədər olan müddətdə meydana çıxa bilər. Aşağıdakı əlamətlər müşahidə olunduqda təcili həkimə müraciət etmək lazımdır:
 – Kişilərdə – uretradan ifrazatın gəlməsi (qonoreya, trixomoniaz, xlamidioz ), sidik ifrazı zamanı yanma hissi və ağrının olması
 – Qadınlarda – sidik ifrazı zamanı yanma hissi və ağrı, uşaqlıq yolundan patoloji ifrazat, həmçinin qarının aşağı nahiyəsində ağrının olması

Ağızın selikli qişasında və dəri örtüklərində səpgilərin olması da CYYX –in əlaməti ola bilər. Bu əlamətlər meydana çıxdığı halda ya ginekoloq, ya da uroloqa müraciət etməlisiniz. Lakin, bəzi CCYX –in müalicəsi yalnız dəri – zöhrəvi dispanserində aparılır.

Sifilis – xroniki gedişə malik olan, klassik CYYX - ə aiddir. Bu xəstəlik ilk növbədə mərkəzi sinir sisteminin, həmçinin daxili orqanların və sümük toxumasının zədələnməsinə səbəb olur. Sifilisin törədicisi solğun treponema (Treponema pallidum) bakteriyasıdır.

Xəstəliyin başlanğıc əlaməti kiçik, bərk əsaslı, ağrısız xoranın əmələ gəlməsidir. Sonra bütün infeksion xəstəliklərə məxsus olan ümumi əlamətlər (halsızlıq,baş ağrısı və s.) ortaya çıxır.

Xlamidioz – ən geniş yayılmış cinsi yolla yoluxan xəstəliklərdən biridir. Törədicisi Chlamydia trachomatis-dir. Kliniki gedişi əsasən simptomsuz və ya cüzi simptomlarla olur. 46% kişilərdə, 67% qadınlarda tamamilə simptomsuz gedişə malik olur.

Qonoreya – törədicisi Neisseria gonorrhoeae (qonokokklar) əsasən cinsi yolla, az hallarda isə, məişət əşyaları vasitəsilə yoluxur və sidik - cinsiyyət orqanlarının selikli qişasını zədələyir. Yoluxduqdan 3-7 sutkadan sonra xəstəlik meydana çıxır. Kəskin qonoreya üçün sidik kanalından selikli, irinli ifrazat, yanma hissi, ağrı, tez-tez ve ağrılı sidik ifrazı xarakterikdir. Lakin, təxmini xəstələrin yarısında xəstəlik simptomsuz gedişə malik olur.

Ureaplazmoz – törədicisi ureaplasma urealyticum 60 % normal qadınların, 30% isə yeni doğulmuş qız uşaqlarının uşaqlıq yolunda rast gəlinir. İnfeksiya illərlə orqanizmdə yaşamasına baxmayaraq xəstəlik törətməyə bilər.

Trixomoniaz- yayılmasına görə sidik - cinsiyyət traktı xəstəlikləri arasında birinci yeri tutur. Trixomoniaz ağır fəsadlara gətirib çıxardığından təhlükəli xəstəlik hesab olunur. Onun fəsadlarına sonsuzluq, hamiləlik patologiyaları və bu qəbildən olan digər ağırlaşmalar aiddir. Yoluxma xəstə və ya daşıyıcı ilə cinsi kontakt zamanı yaranır. İnkubasion dövrü 1-4 həftədir və ilk dəfə orqanizmə düşdükdə mütləq uretrit yaranmasına səbəb olur.

Kandidoz – candida cinsindən olan maya göbələkləri (candida albicans) tərəfindən törədilir. Maya göbələkləri ağızın, uşaqlıq yolunun və yoğun bağırsağın normal mikroflorasına aiddir və yalnız, miqdarının artması ve ya daha patogen ştammların yaranması hallarında xəstəlik yaradırlar. Kandidoz daha çox ümumi və yerli immunitetin düşməsi zamanı meydana çıxır.

Cinsi yolla yoluxan xəstəliklərin diaqnozu kliniki əlamətlər (sidik ifrazı zamanı ağrı, uşaqlıq yolundan və sidik kanalından ifrazatın gəlməsi), yaxma və qan analizləri nəticələri əsasında qoyulur.

CYYX-lər müalicə olunmadan uzunmüddət orqanizmdə qaldıqda kişi və qadın sonsuzluğu, prostatit, uşaqlıq və artımlarının iltihabı prosesləri, epididimit, cinsiyyət orqanlarının törəmələri və s. ağırlaşmalara gətirib çıxarır.


Leyla Məmmədli

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz