Xərçəngin daha bir səbəbi
 hekimtap.az

Xərçəngin daha bir səbəbi

6297
Автор: Leyla Zülfüqarlı

Опубликовано: 21.09.2017
Лейла Зульфугарлы

Artıq çəki problemi, piylənmə xəstəliyi tək qadınların qorxunc yuxusudur? Xeyr, bu yalnız qadınlarda deyil, həmçinin kişilərdə də tez-tez rast gəlinən problemlərdəndir. Azərbaycan əhalisi arasında piylənmədən əziyyət çəkən kişilərin sayı 60 faizdir. Qaraciyər piylənməsi cəmiyyətdə çox rast gəlinən bir hala çevrilib. Acınacaqlı hal odur ki, qadınlardan fərqli olaraq, əksər hallarda kişilər artıq çəki probleminə heç də kritik yanaşmırlar. “Mənim sadəcə, göbəyim (qarnım) var, bu məgər piylənmədir!?” - deyərək, özlərini bu həyat tərzi ilə yaşamaqda davam etməkdə haqlı sayırlar.

Bildirmək istərdim ki, kişilərdə rast gəlinən artıq çəki və daha çox qarın nahiyədə toplanan piylənmə əlbəttə ki, təsadüfi deyil. Bu zaman daxili orqanların da piylənməsi yaranır ki, bu da bəzən estetik problemdən daha çox ağır xəstəliklərin meydana gəlməsinə böyük səbəbdir. Belə hallarda qaraciyərin piy distrofiyası (qaraciyər hüceyrəsində piy damarlarının toplanması), ürəyin işemik xəstəlikləri, ateroskleroz, hipertoniya, şəkərli diabet kimi zəmanəmizin aktual xəstəlikləri meydana gəlir. Əgər piylənməyə iltihab “yoldaşlıq” edirsə, bu vəziyyət ilk olaraq qaraciyər hüceyrəsinə, sonra fibroz və oradan da sirroza qədər gedir.

Normal, sağlam orqanizmdə qaraciyər hüceyrələrində az miqdarda yağ ola bilər: “Bu, hər hansı bir xəstəliyə səbəb olmaz. Lakin artıq çəki yığdığımız zaman qaraciyərin piylənməsi qaraciyər sirrozuna, sonra da qaraciyər xərçənginə qədər yol aça bilər. Buna görə də qaraciyər piylənməsi olan xəstələr daim nəzarətdə olmalıdır.

Qaraciyər piylənməsinin səbəbləri əsasən spirtli içkiyə bağlı olaraq iki yerə ayrılır: 
 - Spirtli içkiyə bağlı olan 
 - Spirtli içkiyə bağlı olmayan

Bu da qeyri-sağlam qidalanma adətlərinin olmasından irəli gəlir. Spirtli içkiyə bağlı olan qaraciyər piylənməsinin əsas müalicə üsulu onun qəbulunun dayandırılmasıdır. Spirt qəbul etməyən və artıq çəki problemi olan kişilər isə bu xəstəlikdən yaxa qurtarmaq üçün mütləq həyat tərzlərini dəyişməlidirlər. İdmanla məşğul olmalı, yeməkdəki yağın miqdarını azaltmalıdırlar. Heyvan mənşəli yağlar, şokolad, toyuq dərisi kimi qidalardan uzaq durmaq, meyvə-tərəvəz, ağ ət istifadə etmək olar. Burada daha önəmli məqam isə həftənin dörd günü ən az 20 dəqiqə idmanla məşğul olmaq lazımdır. Yəni hərəkət etmək önəmlidir”.

Qaraciyərində piylənmə olan artıq çəkili insanlar mütləq bu çəkidən xilas olmalıdır: 
Ən önəmlisi isə bu sahədə mütəxəssisə müraciət etməkdir. Digər səbəblərdən çox zərərli qida vərdişləridir ki, bu da adətən, böyük şəhər sakinlərinə aiddir. Bunu şərti olaraq “Qərb həyat tərzi” adlandırardım. Nə vaxt ki, həyatın tempi artır, gərgin iş qrafiki olur, tələsmə və stress həyatın “normasına” çevrilir… İnsanlar səhər yeməyini və ya naharı buraxırlar, hərəkət zamanı (gedə-gedə) və ya sükan arxasında, “ayaqüstü qidalar” (fastfood) yeyirlər. Və yalnız sakit tempə düşdükdə - bu da əfsuslar olsun ki, gecə saatlarına təsadüf edir - yatmamışdan öncə (yuxudan əvvəl) bol şam yeməyi süfrəsinə əyləşirlər, doyunca yeyirlər. Bununla da, gün ərzində səhər və nahar yeməyinin təmin olunmamış ehtiyacları şam yeməyi zamanı yemək tələbatını artırmış olur.

Bəzən çox insanlar, xüsusilə də kişilər iş fəaliyyəti ilə əlaqədar olaraq stressə və gərginliyə cavab olaraq yeyirlər. Bu xoşagəlməz vəziyyətlə mübarizənin strategiyaları aktiv və passiv olur. Bəzən aktiv mübarizədə stressin səbəbi və aradan qaldırılması üçün addımlar atılır. Passiv mübarizədə isə bütün güclər stressin aradan qaldırılmasına deyil, “nəticələrin aradan qaldırılmasına” yönəlir. O mənada ki, piylənmə xəstəliyi olan kişi aktiv həyat yaşamaq istəmir, mübarizə aparmır. Əksinə, çıxış yolunu, spirtli içki qəbul edib, yağlı, çox kalorili yeməklər yeməkdə görür. Bununla da, yemək, stresslə passiv mübarizə üsullarından birinə çevrilir. Stress vaxtı kortizol (böyrəküstü vəzin hormonu) səviyyəsi yüksəlir. Hansı ki, artıq piyin toplanmasına və abdominal piylənmənin inkişafına imkan yaradır. Bu da öz növbəsində ikinci tip şəkərli diabetin, arterial hipertoniyanın və başqa xəstəliklərin inkişafı riskini artırır.

Ümumiyyətlə, bu tip maddələr mübadiləsi pozğunluğu xəstəlikləri qadınlara nisbətən kişilərdə bir az gec təzahür edir.

Bununla belə, pis fəsadlarla üzləşməmək üçün kişilərin hansı saatlarda yemək yemələri əsasdır. Yeməyinizi, maddələr mübadilənizin sürətli çalışdığı saatlarda yeməlisiniz.

Bu səbəblə mütləq bunlara diqqət edin:
 - Səhər naharı mütləq yeyilməlidir.
 - Axşam saatlarında - maddələr mübadiləsinin yavaşıdığı vaxtlarda az yemək yeyin.
 - Axşam yeməklərini yüngül qidalarla ötürməyə adət edin.
 - Axşam 20:00-dan sonra qəbul edilən qidaların bədən tərəfindən çətin parçalandığını unutmayın.
 - Spirtli içkiləri yeməkdən 1-2 saat əvvəl və ya sonra içməyi seçim edin.
 - Gec saatlarda qəbul edilən spirtin bədən tərəfindən yandırılması vaxt aldığı üçün bu pis vərdişinizdən ümumiyyətlə, imtina edin. Qaraciyər piylənməsi olan kişilər spirtli içkilər içmək, kababları və qazlı içkiləri tez-tez qəbul etmək vərdişindən əl çəksinlər. Ümumiyyətlə, qida qəbul edərkən içki içməsinlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.