Uşaqlarda görmə problemləri hekimtap.az

Uşaqlarda görmə problemləri

8857
Автор: Oftalmoloq Gülşən Dikmen , Əlaqə: 055 808-84-23

Опубликовано: 29.08.2018
Гюльшан Дикмен

Bir çox göz xəstəlikləri uşaq yaşlarında inkişaf etməyə başlayır və onun inkişafına mane olur. Göz xəstəlikləri də belə problemlərdəndir. Ona görə görmə patologiyalarına vaxtında müdaxilə etmək, mümkün dərəcədə aradan qaldırmaq lazımdır. Belə ki, görmənin pozulması məktəblilərin təhsilində əngəl yaradır, özünəgüvəni aşağı salır, idman və ya gələcək peşə seçimində tərəddüd yaradır. Bu məqalədə söhbət uşaqlarda daha çox rast gəlinən göz xəstəliklərindən söhbət gedəcək.

Anadangəlmə göz xəstəlikləri

  • Anadangəlmə katarakta – büllurun bulanıqlaşması – bəbəklərin bozumtul rəng alması və görmənin zəifləməsi ilə özünü göstərir. Patologiya cərrahi yolla aradan qaldırılır, əməliyyatdan sonra xüsusi eynəklər və ya kontakt linzlardan istifadə olunur.
  • Anadangəlmə qlaukoma – gözdaxili təzyiqin qalxması nəticəsində yaranan gözdaxili maye axıntısının çətinləşməsindən yaranır. Yüksək təzyiq göz qişasını dartır, bu isə göz almasının böyüməsinə, buynuz qişanın bulanıqlaşmasına səbəb olur, görmə siniri sıxılır və atrofiyaya uğrayır, görmə tədricən itir. Müalicəvi damcılar kömək etmədikdə, əməliyyat göstərişdir.
  • Yarımçıq doğulmuşlarda retinopatiya – torlu qişa xəstəliyi olub, damarların normal inkişafının dayanması, patoloji damarların inkişafı və fibroz toxumanın əmələ gəlməsi ilə xarakterizə edilir. Torlu qişa çapığa məruz qalır və qopur, görmə əhəmiyyətli dərəcədə - korluğa qədər aşağı düşür. Müalicəsi lazerlə və ya cərahidir.
  • Çəpgözlük – bir və ya hər iki gözün ümumi fiksasiya nöqtəsindən yayınmasıdır, yəni gözlər bir istiqamətdə deyil, müxtəlif istiqamətlərə baxır. Uşaq 2-4 aylığında olarkən göz hərəkətlərinə cavabdeh olan sinirlər hələ tam inkişaf etmir , ona görə də bir və ya hər iki göz yanlara meyillənə bilər. Gözlərin çəpləşməsi daimi və çox ifadə olarsa, oftalmoloqa müraciət etmək lazımdır. Müalicə çəpgözlüyün səbəblərinin aradan qaldırılmasına  yönəldilir (görmə pozuntusunun korreksiyası, zəifləmiş əzələnin məşq etdirilməsi).
  • Nistaqm – gözlərin qeyri-iradi, bir qayda olaraq horizontal və ya dairəvi hərəkətləridir. Nistaqm baxışın fiksasiyasına və dəqiq görmənin formalaşmasına mane olur. Müalicəsi – görmə pozuntusunun korreksiyasıdır.
  • Ptoz – göz qapağını qaldıran əzələnin inkişafdan qalması və ya bu əzələnin hərəkətini idarə edən sinirin zədələnməsi nəticəsində yuxarı göz qapağınım enməsidir. Aşağı düşümüş göz qapağı işığın gözə daxil olmasına mane ola bilər. Müalicəsi leykoplastr vasitəsilə göz qapağını fiksasiya etməkdən ibarətdir. Cərrahi müalicə 3-7 yaşlarında aparılır.

Məktəbəqədər uşaqlarda göz xəstəlikləri

  • Ambliopiya – pis görmə və ya kənara meyillənmə nəticəsində bir gözün digərinə nisbətən daha az istifadə olunmasıdır. Bu zaman istifadə olunmayan gözün tədricən zəifləməsi başlayır. Ambliapiya sağlam gözün fəaliyyətini müvəqqəti olaraq “söndürməkdən”, zədələnmişin isə məşq etdirilməsində ibarətdir.
  • Uzaqdangörmə – 3-6 yaşlı uşaqlarda ən çox yaranan refraksiyadır. Hipermetropiya 3,5 dioptiyaya çatarsa və bir göz o birisindən pis görərsə, eynək təyin olunur. Bununla yanaşı, çəpgözlük və ambliopiya da inkişaf edə bilər. Bəzən 6-7 yaşlarında eynəyə ehtiyac qalmır.
  • Yaxındangörmə – hətta az inkişaf etmiş hallarda belə, eynək korreksiyası tələb edir.
  • Astiqmatizm – həm yaxın, həm də uzaq məsafələrdə yerləşən əşyaların təsvirini yayır. Astiqamatizmi korreksiya etmək üçün slindrik şüşəli eynək (mürəkkəb eynək) təyin olunur.

Göründüyü kimi, anadangəlmə və daha yuxarı yaşlı uşaqlarda göz patologiyalarına düzgün müdaxilə edildikdə problemi uğurla aradan qaldırmaq mümkündür. Dəyərli valideynlər, uşaqlar gözlərimizin nurudur, gəlin biz də onların gözlərinin nurunu qoruyaq.


Mövzu ilə bağlı video:

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az