Uşaqlarda əqli gerilik (oliqofreniya)
 hekimtap.az

Uşaqlarda əqli gerilik (oliqofreniya)

38292
Автор: Nevroloq

Опубликовано: 13.07.2018
Гульнар Гасанзаде

Əqli gerilik psixikanın ləngiməsi və ya qismən ləngiməsidir. Adətən üç yaşlı uşaqlarda rast gəlinir, bəzən erkən məktəb yaşlarında da əmələ gəlir.

Uşaqlarda əqli geriliyin səbəbləri

Əqli geriliyin yaranmasının bir çox səbəbləri mövcuddur, lakin onların hamısının yaranma səbəbləri sonadək məlum deyil. Əqli geriliyin inkişafına təsir göstərən faktorları iki qrupa ayırırlar: ekzogen (xarici) və endogen (daxili). Onlar dölün ana bətnində inkişafı dövründə və körpənin həyatının ilk aylarında və ya illərində təsir göstərə bilər. İnkişafın kəskin pozuntusuna səbəb olan bir çox faktorlar var.

Onlardan ən geniş yayılmışları aşağıdakılardır:

  • Qadının hamiləlik dövründə keçirdiyi ağır infeksion xəstəliklər - qızılca, skarlatina, qrip və s.
  • Metabolizmatik xəstəliklər, məsələn, trioid stimullaşdırıcı hormonun aşağı olması (TSH);
  • Zərbə nəticəsində dölün travmatik zədələnməsi. Əqli zəiflik doğuş zamanı yaranan travmalar nəticəsində yarana bilər;

Uşaqlarda əqli geriliyin simptomları 

Əqli geriliyin əsas əlaməti uşağın intellektinin aşağı olmasıdır. İntellektin aşağı düşmə dərəcəsindən asılı olaraq, əqli gerilik yüngül, orta və ağır formalara bölünür.

Əqli geriliyin yüngül formasında (digər adı debillik) xəstənin İQ göstəricisi 50-69 arasında dəyişir. Belə uşaqların xarici görkəmi başqa uşaqlardan heç nə ilə fərqlənmir. Onlar, əsasən, təhsildə çətinlik çəkirlər, belə ki, diqqətləri yayınıq olur. Buna baxmayaraq, əqli geriliyi yüngül olan uşaqların yaddaşları kifayət qədər dəqiq və yqxşıdır.  

Əqli geriliyin orta formasında (digər adı imbisillik) İQ 35-49 arasında dəyişir. Bu cür uşaqlar bağlılıq hiss edir, cəza və tərifi ayırd edə bilirlər. Onları elementar özünəqulluq vərdişlərinə alışdırmaq, yazı yazmaq, oxumaq, yüngül hesablama qaydalarını mənimsətmək mümkündür.

Əqli geriliyin ağır forması (idiotiya) – belə uşaqların İQ-sü 34-dən aşağıdır. Belə pasiyentlərə nəyi isə öyrətmək mümkün deyil. Onlar danışa bilmir, hərəkətləri yöndəmsiz olur. Emosiyaları narazılıq və məmnunluq hissləri ilə məhdudlaşır. Əqli geriliyin bu formasından əziyyət çəkən uşaqların daimi nəzarətə ehtiyacları var və onlar xüsusi müəssisələrə yerləşdirilirlər.

Uşaqlarda əqli geriliyin diaqnostikası

Əqli geriliyin diaqnostikası İQ səviyyəsinin yoxlanması vasitəsilə aparılır.

Bu xəstəliyi əksər hallarda, uşağın erkən yaşlarında aşkara çıxarmaq olur. Genetik səbəblərdən yaranan əqli gerilik ana bətnində özünü göstərir (məsələn, Daun sindromu). Bunu müəyyənləşdirmək üçün hamiləliyin ilk aylarında skrininq müayinəsi aparılır. Bunun köməkliyi  ana hamiləliyi saxlamaq və ya dayandırmaq barəsində qərar verir.

Əqli geriliyin elə formaları var ki, onlar körpədə müəyyən sistemin inkişafdan qalması fonunda yaranır. Bu qrupda ən geniş yayılmış xəstəlik fenilketonuriyadır.  Fenilketonuriya ilə doğulmuş uşaqlar sağlam uşaqlardan fərqlənmirlər. Lakin doğulduqdan bir neçə ay sonra onlar süstləşir, dərilərində səpgilər əmələ gəlir, xoşagəlməz spesifik iyi olan izafi tərləmə müşahidə edilir. Müalicə uşağın 3 aylığınadək aparılarsa, intellekti qoruyub saxlamaq mümkündür.

Ona görə də erkən körpəlik dövründə müntəzəm olaraq, pediatrın müayinəsindən keçmək lazımdır. Əgər müayinə zamanı pediatr əqli gerilikdən şübhələnərsə, o, uşağı nevroloqa yönəldir. Sidiyin və qanın analizi, bəzən isə ensefaloqrama təyin edilir. Böyük yaşlı uşaqlara uşaq psixopedaqoq, psixoloq və ya psixiatrın konsultasiyası tövsiyə olunur.

Əqli geriliyin səbəbini müəyyənləşdirmək məqsədilə DNT analizi də təyin edilə bilər.    

Uşaqlarda əqli geriliyin müalicəsi

Uşaqlarda əqli geriliyin müalicəsi üçün bir çox preparatlar mövcuddur. Münasib preparatı yalnız müalicə həkimi təyin edə bilər. Xəstəliyin yaranma səbəbindən asılı olaraq, yod preparatları, hormonlar (əgər xəstəlik qalxanvari vəzinin xəstəliyi tərəfindən törədilərsə) təyin olunur. Fenilketonuriya zamanı xüsusi qida rejimi kifayət edir, onu pediatr təyin edir.

Əqli geriliyin korreksiyası üçün həkimlər çox vaxt nootroplar tətbiq edir. Nootrop preparatlar beyin toxumasında maddələr mübadiləsini yaxşılaşdırmaq üçün tətbiq olunur.

Əqli geriliyin müalicəsi kompleks yanaşma tələb edir. Medikamentoz müalicə fərdi yanaşma ilə müşayiət edilməli, buraya psixoloq və loqopedlər cəlb olunmalıdır. Bütün bunlar uşağın cəmiyyətə adaptasiya olunmasına kömək edəcək.


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az