QURD XƏSTƏLİKLƏRİ
 hekimtap.az

QURD XƏSTƏLİKLƏRİ

24926
Автор: Pediatr Günay Rəsulova , (+994) 55 703-27-79

Опубликовано: 03.05.2020
Гюнай Расулова

Qurd xəstəlikləri hər yaş qrupunda  tez-tez rastlanan problemlərdəndir.Xüsusilə, uşaq yaşlarında bu xəstəliklər ciddi narahatlıq səbəbi olub, valideynləri həkimə müraciət etməyə vadar edir.

QURD XƏSTƏLİKLƏRİNİN YARANMA SƏBƏBLƏRİ: 

Səyahətdən sonra, ümumi şərti gigiyena qaydalarına əməl edilməməsi,çirkli su və qida ilə təmas, zərərli qidalanma vərdişləri ( fast-foodlar,yaxşı bişməmiş ət,göy istifadəsi), dırnaq yemək kimi zərərli vərdişlər parazitar xəstəliklərə yoluxmağa gətirib çıxarır.

QURD XƏSTƏLİKLƏRİNİN NÖVLƏRİ: 

Uşaqlarda ən çox görülən qurd xəstəlikləri aşağıdakılardır:

  • Enterobius vermicularis ( Qıl qurdu) 
  • Giardia İntestinalis ( G.Lyamblia) 
  • Ascaris Lumbricoides (Askarida) 
  • Trihocefalus trichiurius.( Trixosefalyoz)


QURD XƏSTƏLİKLƏRİNİN ƏLAMƏTLƏRİ:

Qurd xəstəliklərində uşaqlarda daha çox qarında kramp (tutma) tərzi, göbək ətrafında spastik ağrılar, iştahsızlıq, ürəkbulanma, ağızda qoxu, diş qıcama, gecə ağızdan su axma, dəridə səpgilər, anal dəlik ətrafında qaşınma, çəki itirmə, qan azlığına bağlı halsızlıq, baş ağrıları, əsəbilik, yuxusuzluq, narahat yataq sindromu, fiziki inkişafdan qalma kimi əlamətlər görülür. Bu əlamətlər varsa mütləq həkim müayinəsindən keçib parazitar xəstəliyin olub olmamasını dəqiqləşdirmək lazımdır. 


QURD XƏSTƏLİKLƏRİNİN DİAQNOSTİKASI: 

Uşaqda qurd xəstəliyinə şübhə varsa, dəqiqləşdirmək üçün bəzi analizlər olunmalıdır. Bəzən valideyn gözü ilə qurdu gördüyünü ifadə edirsə , uşaqda klinik narahatlıqlar da varsa analiz edilmədən də müalicə başlana bilər. Şübhə varsa isə, Nəcisin ümumi analizi 3 gün aralıqla ən az 3 dəfə yoxlanmalıdır. Bundan başqa Nəcisdə bəzi parazitlərə görə spesifik antigen testi, qıl qurduna şübhə olduqda isə perianal nahiyədən səhər tezdən, uşaq yuxudan durmadan sıyrıntı götürüb mikroskopla yoxlanmalıdır. Qurdun  diaqnostikasında qanla parazitlərin təyini testləri isə müasir tibbdə istifadə edilməyən yararsız testlərdir. Bəzi aparatlarla qurdun “təyin edilib”, “ müalicə edilməsi” isə cəfəngiyyatdır. 


QURD XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİ: 

Diaqnoz qoyulduqdan sonra qurdun müalicəsi ailəliklə aparılmalıdır. Müalicə müddəti  parazitin növündən asılı olaraq maximum 1-7 gün müddətində dəyişir. Müalicə kursunu qurdun növünə görə 2 həftə sonra təkrarlamaq lazımdır. Qurdun müalicəsini mürəkkəbləşdirmək, uzun müddət boş - boş bitki tərkibli siroplarla, bağırsaq yuma prosedurları ilə , aparatlarla müalicə etməyə çalışmaq gərəksizdir, yersizdir, effektsizdir. Qurdun müalicəsində çox vaxt 1 dərman preparatı kifayət edir. Əsas olan düzgün diaqnoz qoymaqdır ki, bu müalicənin 90 faizini təşkil edir. 


QURD XƏSTƏLİKLƏRİNİN DİAQNOSTİKASI VƏ MÜALİCƏSİNDƏ ƏN ÇOX EDİLƏN SƏHVLƏR. 

  • Uşaqda görülən hər narahatlığı qurdla əlaqələndirib gərəksiz və uzun müddət təkrar təkrar aparılan müalicələr YALNIŞDIR və TƏHLÜKƏLİDİR!!
  • Müalicə məqsədi ilə uzun müddət bitki tərkibli siropların, otların, çayların istifadəsi, bağırsaq yumaq prosedurları, imalələr YALNIŞDIR və TƏHLÜKƏLİDİR!!
  • Qurd dərmanı ilə bərabər istifadə edilən qaraciyər üçün dərmanlar, ödqovucular, qarnı açan siroplar LAZIMSIZDIR!!
  • Lyamblianın öddə yaşaması mifdir, bu məqsədlə ödə görə aparılan müalicələr LAZIMSIZDIR!!
  • Askarida və Lyamblianın qan analizində aşkar olunması və bu cavaba əsasən aparılan müalicələr böyük YALANDIR!!!
  • “ Lyamblia çətin sağalan qurddur, müalicəsi kurs- kurs aylarla aparılmalıdır” düşüncəsi CƏFƏNGİYYATDIR! Bu parazitin dünya protokollarına əsasən maximum 7 gündə tam müalicəsi mümkündür!


Qurd xəstəliklərinin diaqnostikasında istifadə edilən bəzi aparatlar var ki CƏFƏNGİYYATDIR!! 

Diaqnoz yalnız və yalnız nəcisdə parazitin aşkar edilməsi ilə mümkündür. 

Nəcis ümumi analizində parazitin aşkar olunması hələ uşaqda qurd xəstəliyi var anlamına gəlmir və xəstəliyin klinik əlamətləri yoxdursa bu zaman müalicəyə EHTİYAC YOXDUR!!
   

QURD XƏSTƏLİKLƏRİNİN PROFİLAKTİKASI:

Şərti gigiyena vərdişlərini uşaqlara öyrətmək, tez- tez əl yumaq vərdişi, dırnaqların tez- tez kəsilməsi, dırnaq yemə vərdişinin tərgidilməsi vacibdir. Çiy meyvə və tərəvəzlərin yaxşı yuyulmadan yeyilməməsi, çiy ət yeyilməməsi, içməli suyun təmizliyinə əmin olmadan istifadə edilməməsi, qaynadıb içilməsi, kanalizasiya sistemlərinin düzənlənməsi, çirkli sularda çimilməməsi, yalın ayaqla torpaqda gəzilməməsi parazitlərdən qorumada sizə kömək edəcəkdir. SAĞLAM OLUN!