QLAUKOMA
 hekimtap.az

QLAUKOMA

3582
Автор: Oftalmoloq Ruslan Məmmədov, Əlaqə: (+994) 77 766-77-33

Опубликовано: 06.04.2020
Ruslan Məmmədov

Qlaukoma nədir?

Qlaukoma - gözdaxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması, nəticədə görmə sinirinin tədricən atrofiyasına səbəb olan xəstəlikdir. Xalq arasında bu patologiyaya göz təzyiqi və ya “"qarasu”da deyilir. Xəstəliyin yayılma coğrafiyası çox geniş olub - dünyada 45 milyon təşkil edir, daha çox 40 yaşından yuxarı kişi və qadınlarda rast gəlinir. Xəstəlikdən əziyyət çəkən hər 20 nəfərdən biri təəssüf ki, görməsini tamamilə itirir.

Qlaukomanın hansı növləri var?

Qlaukoma, əsasən, iki qrupa bölünür: açıq bucaqlı qlaukoma və qapalı bucaqlı qlaukoma.

Açıq bucaqlı qlaukoma - bütün xəstəlik hallarının 90%-ni təşkil edir. Bu formada, adından da göründüyü kimi, qüzehli-buynuz  bucağı açıq olur. Əksər hallarda illər ərzində proqressivləşir və dəyişikliklərin üzə çıxması bir neçə il təşkil edir. Patologiyanın bu növü kor ləkənin, sinir liflərinin və görmə sahəsinin struktur və funksional defektinə səbəb our.

Qapalı bucaqlı qlaukoma - xəstəliyin nisbətən az rast gəlinən formasıdır.  Bu formada gözdaxili təzyiq sürətlə artmağa başlayır. Qapalı qlaukomada bəbəyin genişlənməsinə səbəb olan istənilən vasitə, məsələn, işıq, müəyyən dərmanlar, hətta gözləri müayinə etmək üçün istifadə edilən bəbəkgenişləndirici damcılar qüzeyli qişanın gözdaxili maye axarlarının bloklamasına səbəb olur. Bu zaman göz alması qısa zamanda sərtləşir - təzyiq qəfildən ağrı və görmənin dumanlanmasına gətirib çıxarır.

Qlaukomanın yaranma səbəbləri hansılardır?

Qlaukomanın dəqiq yaranma səbəbi hələ də məlum deyil. Xəstəliyin əmələgəlmə etiologiyası barədə müxtəlif nəzəriyyələr mövcud olsa da, başlıca səbəb kimi gözdaxili hipertenziya qeyd olunur.

Qlaukoma necə müayinə edilir?

Qlaukoma, əsasən, inkişafının son mərhələsində üzə çıxdığından böyük təhlükə doğurur. Xəstəliyə malik insan uzun müddət heç bir əlamət müşahidə etməyə bilər.  Qlaukoma geridönməz xəstəlik olduğundan onun erkən müayinə edilməsi çox vacibdir.

Müayinəni həkim-oftalmoloq və ya optometrist görmənin standart müayinəsi çərçivəsində həyata keçirir.

 Qlaukomanın müayinəsi - biomikroskopiya (yarıq lampa ilə müayinə), tonometriya (gözadaxili təzyiqin ölçülməsi), qonioskopiya (ön kamera bucağının müayinəsi) və görmə sahələrinin müəyyən edilməsindən ibarətdir.

Qlaukomanın əlamətləri hansılardır?

Qlaukoma özünü aşağıdakı əlamətlərlə büruzə verir:  

– Gözlərdə ağrı, ağırlıq və kəsilmə hissi, görmə sahəsinin daralması;

– Parlaq işığa həssaslıq;

– Görmənin dumanlanması, gözlərin önündə “torun” əmələ gəlməsi;

– Sutkanın axşam və gecə saatlarında görmənin pisləşməsi;

– Gözlərin qızarması;

– Gözətrafı zəif ağrılar və s.

Qlaukoma necə müalicə olunur?

Təəssüf ki, qlaukomanın tam müalicəsi yoxdur. Buna baxmayaraq, bəzi dərman terapiyaları, eləcə də cərrahi və lazer müalicəsi mövcuddur. Damcı və dərman müalicəsi o qədər də uğurlu hesab edilmir. Qlaukomanın ən effektli müalicəsi cərrahi və lazer əməliyyatıdıdr.    

Bu əməliyyatlar vasitəsilə gözlərin daxilindəki mayenin rahat boşalması üçün  göz daxilində əlavə kanallar açılır.  Bununla xəstəliyin inkişafı xeyli dərəcədə yubadılır  və ya olduğu səviyyədə saxlanılır. Qlaukomanın aşağıdakı cərrahi müalicə üsulları var:

- Trabekulektomiya;,

- Kanaloplastika: 

- Lazer-iridektomiya;

- Cərrahi iridektomiya

- Siliar cismin krioterapiyası;

- Endoskopik siklofotokaoqulyasiya.

Nəzə almaq lazımdır ki, əməliyyatsonrası mərhələ də çox vacibdir. Belə ki, pasiyent həkimin göstərişlərinə əməl edərək, lazım olan dərman vasitələrini vaxtında tətbiq etməlidir.

Qlaukomanı zamanında müəyyən etmək üçün ildə ən azı iki dəfə profilaktik müayinə olunmaq tövsiyə edilir. Bu müayinələr çox vaxt almır, amma sizi böyük bir bəladan xilas edə bilər!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az