Qadın sonsuzluğu hekimtap.az

Qadın sonsuzluğu

5391
Автор: Mama-ginekoloq HekimTap

Опубликовано: 16.04.2018
Афа Тагиева

Qadın sonsuzluğu nədir?

Qadın sonsuzluğu bir il və ya 1.5 il müddətində hamiləlik əleyhinə vasitələrdən istifadə etmədən sağlam partnyorla cinsi həyat zamanı hamiləliyin  qeydə alınmamasıdır.

Geri dönməyən patoloji vəziyyətlə əlaqədar absolyut sonsuzluq və nisbi sonsuzluq (bu halda problemi aradan qaldırmağa cəhd göstərmək olar) mövcuddur.

Sonsuzluq, həmçinin, birinicili (qadında heç vaxt hamiləlik olmayıbsa) və ikincili (anamnezde hamiləlik varsa) olur.

Sonsuzluq nikahda olan cütlüklərin 10-15%-ində rast gəlinir. Kişi və qadın sonsuzluğunun faiz nisbəti demək olar ki, eynidir. Sonsuzluqla bağlı müraciət etdikdə hər iki partnyor müayinədən keçməlidir.

Sağlamlığın fiziki faktorlarından başqa, ailə problemləri, psixi və sosial gərginlik də sonsuzluğa səbəb ola bilər.            

Qadın sonsuzluğunun başlıca səbəbləri

Səbəblər arasında ilk yeri yumurtahüceyrənin yetişməməsi problemi durur. Buna 39 % hallarda rast gəlinir. Əksər hallarda belə pozuntular hormonal disfunksiya fonunda yaranır.

İkinci yerdə (30%) uşaqlıq borularının tutulması dayanır. Buna abortlar və ya uşaqlıqdan kənar hamiləlik, uşaqlıq boruları və uşaqlığın iltihabı səbəb ola bilər.

Sonsuzluğun daha bir səbəbi – uşaqlıq boynunun problemidir. Sağlam qadınlarda bu hissə seliklə dolu olur. Bunun mahiyyəti ondan ibarətdir ki, spermatozoidlər selikli qişada asanlıqla hərəkət edib, uşaqlıq boynunu keçərək yumurtahüceyrə ilə qarşılaşır. Əgər selikli qişada seliyin miqdarı az olarsa və onun kimyəvi tərkibi dəyişərsə, spermatozoidlərin uşaqlığa düşməsi çətinləşir. Adətən bu, cinsi infeksiyalar zamanı, qişayaradıcı vəzlərin işinin pisləşməsi, eroziyalar və ya uşaqlıq boynunun iltihabı zamanı baş verir.

Sonsuzluğa, həmçinin, uşaqlıqda olan qüsurlar da səbəb ola bilər. Bundan başqa, sonsuzluğa səbəb kimi uşaqlıq boynunda olan poliplər,  mioma və fibromanı göstərmək olar. 

Bəzən cinsiyyət sistemi ilə əlaqədar olmayan xəstəliklərin də sonsuzluğa gətirib çıxarması mümkündür. Məsələn, qalxanabənzər və böyrəküstü vəzin, hipofizin xəstəlikləri, şəkərli diabet, bəzi autoimmun xəstəliklər və s.           

Qadın sonsuzluğunun diaqnostikası

Hamiləliklə bağlı problemi olan qadın əvvəlcə ginekoloqa müraciət edir. Həkimin qəbulunda verilən suallara dəqiq və dolğun cavab verilməlidir. Belə ki, bunun gələcəkdə aparılacaq müayinə və müalicənin effektliyində böyük rolu var.  

Bəzi hallarda digər mütəxəssislərin də (endokrinoloq, terapevt, psixonevroloq) müdaxiləsi tələb oluna bilər.

Sonsuzluğun dəqiq diaqnostikası üçün müxtəlif laborator və instrumental müayinələrə də ehtiyac yarana bilər.

Qadın sonsuzluğunun müalicəsi

Sonsuzluğun müalicə proqramı bütün məlumatlar alındıqdan, səbəblər araşdırıldıqdan sonra tətbiq edilir.  Əvvəlcə, mütəxəssislər pasiyetin reproduktivlik problemini aradan qaldırmağa cəhd göstərirlər, əgər təbii hamiləlik alınmazsa, o zaman köməkçi reproduktiv metodikalar tətbiq edilir.

Pasiyentdən çəkinin normallaşdırılması tələb olunur.

Endokrin sonsuzluğu korreksiya etmək məqsədilə hormonal terapiya aparılır (terapiyanın effektivliyi və hamiləlik 70-80% hallarda mümkün olur).

Boruların keçilməzlik problemi zamanı laparaskopiyadan istifadə edilir (bu halda effektivlik 30-40% təşkil edir).

Sonsuzluğun səbəbi endometriozdursa müvafiq müalicə aparılır – həmiləlik ehtimalı 30-40%.

Hamiləlik immunoloji problemlər səbəbindən baş tutmursa, o zaman ərin sperması ilə süni mayalandırma həyata keçirilir (effektivlik 40%-ədək).

Sonsuzluğun səbəbləri aşkar olunmadığı halda, süni mayalandırma metodu tətbiq edilir. Buraya aiddir:

 – Donor sperması və ya ərin sperması ilə uşaqlıqdaxili inseminasiya;
 – Spermatozoidin yumurtahüceyrə daxilinə inyeksiyası;
 – Surroqat analıq;
 – Onu da bilmək vacibdir ki, 37 yaşdan sonra hamiləlik ehtimalı adətən azalır. Bu səbəbdən də sonsuzluq problemini vaxtında müalicə etmək lazımdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.