Otoplastika
 hekimtap.az

Otoplastika

3058
Автор: Plastik cərrah T.Ü.F.D. Elşən Nəsibov , Əlaqə: (+994) 55 212-88-34

Опубликовано: 12.03.2020
Elşən Nəsibov

Otoplastika nədir?

Otoplastika qulaqda olan anadangəlmə və ya sonradan yaranan qüsurların aradan qaldırılmasına xidmət edir.

İnsanın üzündə estetik və funksional əhəmiyyəti olan qulaq seyvanlarının böyük olması, formasının düzgün olmaması və ya heç inkişaf etməməsi kimi anomaliyaları ola bilir. Bunların arasında ən çox rastlaşdığımız qulaq seyvanlarının önə doğru yerləşməsidir. Qulaqlar normal ölçüdə olsa da başla əmələ gətirdiyi bucaq böyük olduqda estetik cəhətdən ciddi problemlər yarada bilər. Bu estetik çatışmazlıq xüsusilə uşaqlıq və gənclik yaşlarında insanın psixologiyasında və sosiallaşmasında  ciddi problemlər yarada bilir. Otoplastika əməliyyatı ön tərəfə doğru böyük bucaq əmələ gətirmiş qulaq seyvanının təbii anatomik qırışlarını yenidən formalaşdıraraq normal bucaq əmələ gətirmə əməliyyatıdır.

Otoplastika əməliyyatı hansı yaşda aparılır

Demək olar ki, bütün yaşlarda otoplastika əməliyyatı aparıla bilər. Ən erkən 5-6 yaşdan sonra cərrahi əməliyyat aparıla bilər. Ancaq əməliyyatın uşağın məktəbə başlamasından əvvəl aparılması psixoloji və özünə inam problemlərinin yaranmasının qarşısını alaraq məktəbə adaptasiyanı tezləşdirir. Qulaqlarının formasından narazı olan yetkin yaşlı insanlarda da bu əməliyyat aparıla bilər.

Əməliyyat necə aparılır?

Qulaq ilə baş arasındakı bucaq qadınlarda ən çox 20, kişilərdə 25 dərəcə olmalıdır. Əməliyyatda qarşıya qoyulan məqsəd qulaqla baş arasında bucağı azaltmaq və qulaq qırışlarının fomasındakı pozğunluqları düzəltməkdir. Uğurlu bir otoplastika əməliyyatı qulaqların ölçülərini mütənasib olmasını və formasının başa uyğun olmasını təmin edir. Bu əməliyyat təqribən 1-2 saat davam edir. Bu əməliyyatı çox vaxt ümumi anesteziya altında aparmağa üstünlük verirəm. Əməliyyat qulaq arxasında qulaq seyvanın başa yapıştığı qövsə parallel bir kəsik aparmaqla başlayır. Normadan artıq olduğu müəyyənləşdirilmiş dəri çıxarılır. Müəyyən yerlərdə qığırdaq hissələrə şırımlar ataraq qığırdağın forması kövşəkləşdirilir. Qalıcı tikişlərlə qığırdağa son forması verilir. Qulağın baş ilə əmələ gətirdiyi bucağı yoxlamaqla yanaşı qulaq seyvanının yuxarı və aşağı hissələrinin öz aralarındə əmələ gətirdiyi bucaq da yoxlanmalıdır. Əməliyyat qulaq arxasındakı dəriyə tikişlərin və drenajın qoyulması ilə başa çatır.

Otoplastika əməliyyatından sonra

Əməliyyatdan çıxdıqdan sonra qulaqlarınız da daxil olmaqla başınızın bandajla sarıldığını görəcəksiniz. Burada məqsəd həm əməliyyat nahiyəsində ödem əmələ gəlməsinin qarşısını almaq həm də qulağa qoyduğumuz tikişləri qorumaqdır. əməliyyatdan sonra qızartı və şişkinlik ola bilər. Qızartı və şişkinlik birinci həftədən sonra öz-özünə çəkiləcək. Qulaq arxasındakı tikişlər adətən 7-10 gün sonra sökülür. Birinci həftə ərzində arxasıüstə yatmağınız qulaq ətrafı nahiyənin travmaya məruz qalmasının qarşısını alır. Qulaq tikişlərinin qorunması və yeni formasına alışa bilməsi üçün əməliyyatdan sonra bandaj istifadə olunur. Bir neçə gün sonra başdakı bandaj çıxarılaraq daha yumşaq sarğılara və ya saç və qulaq bantlarına keçmək olar. 2-3 həftə ərzində qulaqlarınızı hər hansı bir zərbədən qorumalı və qulağın önə doğru bükülməsinə səbəb ola biləcək hərəkətlərdən uzaq durmalısınız.

Effektivliyi.

Otoplastikanın nəticəsi sabit və ömürlük olur. Zaman keçdikcə qulaq qığırdaqlarınını cüzi sərtləşməsi müşahidə olunur. Eyni zamanda, qulaq seyvanlarının havanın temperatur dəyişikliklərinə həssaslığı arta bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az