Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi
 hekimtap.az

Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi

5038
Автор: Qastroenteroloq-hepatoloq Ülvi İbrahimov

Опубликовано: 30.10.2018
Ульви Ибрагимов

Xora xəstəliyi nədir?

Xora xəstəliyi - xroniki xəstəlik olub, mədə və ya onikibarmaq bağırsaqda xoranın residivi ilə özünü göstərir. Adatən, xora qastrit (mədənin selikli qişasının iltihabı) və ya duodenit (onikibarmaq bağırsağın selikli qişasının iltihabı) fonunda  əmələ gəlir. Hər iki patologiyanın əsas səbəbi “Helicobacter pylori” infeksiyasıdır.  

Xora xəstəliyi istənilən yaşda yarana bilər, lakin patologiya daha çox 30-40 yaşlı kişilərdə əmələ gəlir, kişilərdə xəstəlik qadınlara nisbətən  6-7 dəfə çox rast gəlinir.  

Xora xəstəliklərinin yaranma səbəbləri 

Xora, eroziya və iltihab nəticəsində selikli qişanın zədələnməsi aqressiya faktorlarını (duz turşusu, pepsin, öd turşu) gücləndirir. Burada əsas rolu “Helicobacter pylori” infeksiyası oynayır. Bu mikroorqanizmlər selikli qişanın iltihabına səbəb olaraq, yerli müdafiə faktorlarını sıradan çıxarır və turşuluğu artırır.

Xəstəliyin başlıca yaranma faktorları aşağıdakılardır:

  • Uzun müddətli əsəbi-emosional gərginlik;
  • Genetik meyillilik;
  • Xroniki qastrit və ya duodenitin olması;
  • Qida rejiminin pozulması;
  • Tünd spirtli içkilərin qəbulu, tütün istifadəsi;
  • Bəzi dərman preparatlarının (asetilsalisil turşusu, indometasin və s.) qəbulu.

Xora xəstəliyinin əlamətləri

Xora xəstəliyinin yaranmasından xəbər verən ilkin əlamət - qarnın yuxarı nahiyəsində yaranan ağrıdır. Bu, daha çox yeməkarası baş verir, ağrı həmçinin, pasiyenti gecələr də narahat edib, onu qidaya meyilli edə bilər. Ağrı adətən, yeməkdən 30 dəq. sonra dayanır. 

Nisbətən az rast gəlinən əlamətlər - qida qəbulundan sonra yaranan ürəkbulanma, yeməkdən sonra ağırlıq hissinin yaranması, qusma, iştahanın və bədən kütləsinin azalması, qıcqırmadır.  

Xora xəstəliyinin diaqnostikası

Xora xəstəliyinin diaqnostikası üçün bir sıra müayinələr aparılır.

Buraya aiddir:

  • Qarın boşluğunun rentgenoqrafiyası;
  • Endoskopik müayinə. Bu müayinə üsulu ilə xora defektinin lokalizasiyası, dərinliyi, forma və ölçüləri dəqiqləşdirilir, habelə, zədələnmiş orqanın divarlarından histoloji müayinə üçün biopsiya götürülür, məqsəd - bədxassəli xüsusiyyətləri istisna etməkdir. 
  • PH-metriya - mədənin turşuluq yaratma funksiyasını müəyyən etmək üçün nəzərdə tutulub.  
  • “Helicobacter pylori” infeksiyasının müayinəsi.

Xora xəstəliyinin müalicəsi

Xora xəstəliyinin medikamentoz müalicəsi mütləq olaraq, mədədə duz turşusunun azaldılmasına yönəldilir. Xoranın törədicisi “Helicobacter  рylori” olduğu təqdirdə, ən azı 7 gün müddətinə əlavə antibiotiklər təyin edilir. 

DƏYƏRLİ OXUCULAR, GƏLƏCƏKDƏ MƏDƏ VƏ ONİKIBARMAQ XORA XƏSTƏLİKLƏRİNƏ DAIR AYRI-AYRILIQDA MƏQALƏLƏR HƏSR OLUNACAQ.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az