HİPERTONİYA XƏSTƏLİYİNDƏ DOĞRU BİLİNƏN YANLIŞLAR hekimtap.az

HİPERTONİYA XƏSTƏLİYİNDƏ DOĞRU BİLİNƏN YANLIŞLAR

1994
Автор: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97

Опубликовано: 18.05.2020
Гюнай Новрузова

Ailəmdə hipertoniya xəstəsi yoxdur. Məndə də olmaz.

1. Ailənin birinci dərəcəli üzvlərində hipertoniya xəstəliyinin olmaması sizdə də olmayacaq demək deyil. Hipertoniya xəstəliyinin rastgəlmə tezliyi genetik faktorla sıx bağlıdır, lakin həyat tərzi dəyişikliklərinə riayət etməmək bu əlaqəni aradan qaldırır. 

Yüksək arterial təzyiqin kontrol edilə bilən risk faktorları bunlardır: siqaret çəkmə, şəkərli diabet, piylənmə, qanda yüksək xolesterol səviyyəsi, qeyri-düzgün qidalanma, fiziki aktivliyin az olması. Kontrol oluna bilinməyən risk faktorlarına isə aiddir: kişi cinsiyyəti, yaş, irsiyyət, stres, xronik böyrək çatmamazlığı və s.

2. Yüksək təzyiqə qarşı dərman qəbul edirəm. Xörək duzu qəbulunu azaltmağa ehtiyac yoxdur.

Xörək duzunun gündəlik miqdarı 5 gram, yəni 1 təpəsiz çay qaşığından artıq olmamalıdır. Artıq duz qəbulu arterial təzyiqi artırır, həmçinin, təzyiq əleyhinə preparatların təsirini azaldır. Duz miqdarının təxminən 30%-ni çörəkdən alırıq. Heyvani qidalarda və işlənmiş, dondurulmuş ərzaqlarda duz miqdarı çoxdur. 

Daş duzda natrium miqdarı rafinə olunmuş duza nisbətən daha azdır, lakin yenə də çox istifadə olunması arterial təzyiqi yüksəldir. Hər hansı bir məhsulda duzun miqdarı onun tərkibindəki natriumdan 2,5 dəfə çoxdur. Yəni bir ərzaqda 100 mg natrium varsa, deməli duzun miqdarı 250 mg-dır. 

3.Yüksək təzyiqlə bağlı heç bir şikayətim yoxdur. Ona görə də təzyiqimi ölçdürmürəm. 

Əhalinin təxminən 22%-də hipertoniya vardır. Bu vəziyyət 45-54 yaş arasında 40%, 55-64 yaş arasında isə 50%-dir. Yüksək arterial təzyiq şikayətsiz, səssiz və gizli keçə bilir, bu səbəbdən “səssiz qatil“ adlandırılır. Hipertoniya beyin insultu, görmənin itirilməsi, ürək və böyrək çatmamazlığı, bütün damarlarda daralmalara və genişlənmələrə (anevrizmaya) səbəb ola bilər.

4.Təzyiqim normallaşdı. Dərman qəbulunu dayandıra bilərəm.

Hipertoniyanın müalicəsi ömür boyu davam etməlidir. Dərmanlar təzyiqi normal həddə salır, lakin onların kəsilməsi təzyiqin yenidən və daha yüksək rəqəmlərə qalxmasına səbəb olur. Buna görə də müalicəyə ara verilməməli, həkimin təyin etdiyi qaydada və dozada aparılmalıdır. Həmçinin, təyin olunmuş vaxtlarda kontrol həkim müayinələrindən keçmək hipertoniyanın ağırlaşmalarının qarşısını ala bilər. 

5.Yüksək təzyiqə qarşı dərmanlar alışqanlıq yaradır.

Antihipertenziv preparatlar alışqanlıq yaratmır. Yaş artdıqca damarların elastikliyi azaldığı üçün dərman dozası yetərsiz qala bilər, bu halda dərman dəyişdirilməli, dozası artırılmalı və ya başqa dərmanla əvəz olunmalıdır. 

6.Qohumum (tanışım) təzyiqə qarşı dərman içir. Mən də həmin dərmanı qəbul edə bilərəm.

Bu fikir qətiyyən doğru deyildir! Hər bir dərmanın təsir mexanizmi, əlavə və yan təsirləri fərqlidir. Müalicə təyin edərkən xəstənin yaşı, irsiyyəti, həyat tərzi, yanaşı xəstəlikləri nəzərə alınır. Bir xəstə üçün effektiv olan dərman digər xəstədə ağır nəticələr verə bilər.

7.Müayinələrə gedərkən xəstəxanada arterial təzyiqim ölçülür. Evdə təzyiqimi ölçməyimə gərək yoxdur. 

Dərman müalicəsi altında arterial təzyiq mütləq vaxtaşırı ölçülməli, dinamik müşahidə aparılmalıdır. Evdə xəstənin özü və ya yaxınları tərəfindən təzyiq asanlıla ölçülə bilər. Bu haqda həkim pasiyenti ətraflı və düzgün məlumatlandırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az