Hidrosefaliya
 hekimtap.az

Hidrosefaliya

3577
Автор: Uzman neyrocərrah Ruslan Yunusov

Опубликовано: 19.11.2019
Руслан Юнусов

Hidrosefaliya nədir və daha çox kimlərdə rast gelinir?

Hidrosefaliya beyin cərrahlarının ən çox üzləşdiyi xəstəlik olub, hərfi tərcümədə “beyində su” demekdir. Əslində isə beyin-onurğa beyin mayesinin  beyin daxili boşluqlarda, yəni mədəciklərdə normadan çox toplanmasını ifadə edir.  Normal insanlarda da beyin mədəciklərində təxminən 25 ml beyin-onurğa beyin mayesi olur, lakin hidrosefaliyalı xəstələrdə bu mayenin miqdarı 3-4, hətta 10 dəfəyə qədər arta bilər.
Hidrosefaliya daha çox  15 yaşına qədər olan uşaqlarda və 50-60 yaşından böyük insanlarda  görülür.
Statistik məlumatlara görə 15 yaşa qədər olan uşaqlar arasında rastgəlmə tezliyi 2-2,5/1000 nəfərdir, Azərbaycanda isə bu təxminən 3000-4000 nəfər hidrosefaliyalı uşaq deməkdir. Hər yeni doğulan 1000 uşaqdan birində hidrosefaliya görülür.

Hidrosefaliyanın səbəbləri hansılardır?

Hidrosefaliyanın səbələri anadangəlmə və qazanılma olmaqla iki qrupa bölünür. Anadangəlmə hidrosefaliyalara irsi xəstəliklər, bətndaxili keçirilmiş infeksiyalar və  travmalar, sinir sisteminin digər genetik xəstəlikləri  səbəb ola bilər. Qazanılma hidrosefaliyalara beyin daxili qanamalar, uşaqlıq dönəmində keçirilən  infeksiyalar, kəllə beyin travmaları, həcmli törəmələr və s. ola bilər.

Hidrosefaliyanın əlamətləri nələrdir?

Hidrosefaliyanın əlamətləri yaşla bağlı olaraq dəyişir: 

Körpə uşaqlarda hidrosefaliya- daha çox özünü zəif əmmə, qusma, yuxululuq, başın böyüməsi, əmgəklərin qabarıq və gərgin olması, qıcolmalar, səbəbsiz ağlamalar  və s.ilə göstərir. 
Böyük uşaqlarda hidrosefaliya zamanı- baş ağrısı, 
bulantı və qusma, ümumi halsızlıq, davranış dəyişiklikləri, dərslərdən geri qalma, qıcolmalar, görmə pozğunluqları və s. kimi simptomlar görülür.
Yaşlı insanlarda hidrosefaliya zamanı- baş ağrıları, sidiyini tuta bilməmək, yerişin pozulması, əqli zəfliyin əmələ gəlməsi və s. kimi şikayətlər görülür.

Hidrosefaliyanın diaqnostikası necə aparılır?

Hidrosefaliyanın diaqnozu da yaşla bağlı olaraq fərqli aparılır. Hələ əmgəyi bağlanmamış körpələrdə  ultrasəs müayinəsi ilə, daha böyük uşaqlar və yaşlılarda isə komputer tomoqrafiyası ve maqnit rezonans tomoqrafiyası ilə qoyulur.

Hidrosefaliyanın dərmanla müalicəsi:
    
Hidrosefaliyanın müalicəsində istifadə olunan dərman maddələrinin təsiri   keçici olaraq beyin onurğa beyin mayesini ifrazını azaltmaqdan ibarətdir. Keçici təsir göstərdikləri üçündür ki, uşaqlar uzun illər bu dərmanları almaq məcburiyyətində qalırlar,  bu da, məqsədə uyğun deyil. Dərman müalicəsində məqsəd əməliyyata qədər xəstənin simptomlarını azaltmaq olmalıdır, yəni başqa sözlə desək əməliyyata qədər vaxt qazandırmalıdır.

Hidrosefaliyanın cərrahi müalicəsi:

Hidrosefaliya cərrahi patologiya olduğuna görə müalicəsi də cərrahi üsulladır. Bu üsullar şuntlama əməliyyatı və endoskopla əməliyyatdır. Şuntlamada məqsəd beyindəki artıq mayeni bədənin başqa boşluqlarına yönləndiməkdir. Bu boşluqlar qarın (periton) boşluğu, döş qəfəsi (plevra) boşluğu və ürəkdir. Endoskopla müalicədə əsas məqsəd mədəcikər arasında bağlanmış yolları açaraq beyin-onurğa beyin mayesinin dövranını bərpa etməkdir.

Endoskopik müalicənin üstünlükləri hansılardır?

Endoskopik əməliyyatın üstünlükləri  daha qısa  davam etməsi, daha az travmatik olması  (xəstənin başında sadəcə bir kəsik olur), bədəndə hər hansı bir yad cisim olmadığına görə buna bağlı ağırlaşmalar olmamasıdır. Bu ağırlaşmalar şunta bağlı infeksiya, şuntun qopması, allergik reaksiyalar və s ola bilər. Təəsüf ki endoskopik müalicə sadəcə seçilmiş xəstələrə tətbiq olunur.

Hidrosefaliyanın proqnozu necədir?

Hidrosefaliyalı xəstələrin proqnozunu öncədən demək çox çətindir və proqnoz xəstədən xəstəyə dəyişir. Çünki, hidrosefaliya beyni zədələyərək xəstələrin əqli və fiziki inkişafını ləngidir. Proqnoza ən çox təsir edən amillər yanaşı xəstəliklərin olması, xəstənin diaqnoz qoyulan andakı yaşı  və müalicənin effektivliyidir.  Erkən qoyulmuş diaqnoz və düzgün aparılan müalicə, əmələ gələ biləcək əqli və fiziki inkişaf qüsurlarının azaldaraq daha yaxşı proqnoza səbəb ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az