Göz allergiyası
 hekimtap.az

Göz allergiyası

13232
Автор: Oftalmoloq Günel Muradova

Опубликовано: 03.05.2018
AYSMED KLİNİKASI

Havada olan hissəciklər asanlıqla göz səthi ilə təmasa girərək, allergik reaksiyalara səbəb ola bilər.

Göz allergiyasının səbəbləri

Demək olar ki, hər kəs həyatında heç olmasa bir dəfə də olsa, allergik reaksiyalarla üzləşib.

Allergiya – orqanizmin hər hansı maddəyə qarşı yüksək həssaslığıdır. Müasir həyatımızda allergik xəstəliklər o qədər geniş yayılıb ki, onları haqlı olaraq sivilizasiyanın xəstəlikləri adlandırmaq mümkündür.  

Allergiya istənilən bir şeydən – qida, kosmetika, məişət kimyası, ev heyvavanları və s. yarana bilər. Bu maddələr allergenlər adlanır.

Bu və ya digər insanın hər hansı maddəyə olan hiperhəssaslığının dəqiq səbəbi məlum deyil, lakin fərdin allergik xəstəliklərə anadan gəlmə meyilliliyi və uzun müddət ərzində orqanizmdə yığılan allergenlərin allergik təsirindən danışmaq olar.   

Allergiya nəyə görə gözlərə ziyan vurur?

Gözlər anotomik və fizioloji xüsusiyyətləri baxımdan müxtəlif allergenlərə qarşı həssasdır. Allergenlərin böyük hissəsi havada olduğundan onlar gözlərin səthi və burunla asanlıqla təmasa girir.

Bu cür allergenlərə toz, bitki tozcuqları, ev heyvanlarının tüklərini, havada uçan kimyəvi maddələri misal göstərmək olar.

Göz allergiya reaksiyaları orqanizmə başqa yolla, məsələn qida və ya dərman preparatları vasitəsi ilə daxil olan allergenlər tərəfindən də yarana bilər.

Əksər hallarda allergik reaksiyalar maddələrin bilavasitə göz qapağı və ya gözün səthi ilə təmasından ortaya çıxır. Buraya kosmetik vasitələri, göz damcıları və maz şəklində olan dərman preparatlarını aid etmək olar.  

Göz allergik xəstəliklərinin növləri

Gözlərin allergik reaksiya formaları kifayət qədər müxtəlifdir. Buraya göz qapaqlarının zədələnməsindən başlamış, toksiko-allergik keratitlər, uveitlər və hətta göz sinirinin zədələnməsini aid etmək olar. Allergik reaksiyalar arasında ən çox rast gəlinəni göz qapaqlarının allergik dermatiti və müxtəlif növ konyunktivitlərdir.

Göz qapaqlarının allergik dermatiti bir qayda olaraq, kosmetik vasitələr və dərman preparatlarının istifadəsindən yaranır. Əlamətləri üz dərisinin al-qırmızı rəng alması, şişməsi, köpəşmə şəklində səpgilərin əmələ gəlməsidir. Bütün bunlar qaşınma və yanma hissi ilə müşayiət oluna bilər.

Allergik konyunktivit kəskin və xroniki ola bilər. Hər iki halda gözlərin müxtəlif səviyyədə qızarması, yaşarması, sapşəkilli selikli maddənin ayrılması müşahidə edilə bilər.

Kəskin allergik konyunktivitin əlaməti isə konyektivanın hemozudur. Bu zaman göz qişasında “şüşəyəbənzər” pərdə yaranır.

Pollinoz konyunktivitləri müxtəlif bitkilərin tozcuqları yaradır, ona görə də kəskinləşməsi daha çox mövsümi xarakter daşıyır, yəni otların, çiçəklərin, ağac və s. çiçəklənməsi dövrünə təsadüf edir.

Allergik konyunktivitin simtomları ilə yanaşı, kliniki təzahürü özünü burun axması, asqırma, dəri səpgiləri, tənəffüsün ağırlaşması (allergik bronxial astma) ilə göstərə bilər.

Bahar konyunktiviti və ya keratokonyunktivit (buna bahar katarı da deyilir) mövsümi xəstəlik olub, ilin isti aylarında kəskinləşir. Hesab olunur ki, xəstəliyə səbəb ultrabənövşəyi şüalara qarşı, yəni günəş işığına olan fərdi hiperaktivlikdir. Lakin təkanverici mexanizm kimi bəzi bitkilərin allergenləri də göstərilir.

Bu xəstəlikdən yalnız uşaqlar, daha çox oğlanlar əziyyət çəkirlər. Onları gözlərdə göynəmə, işiqdan qorxu, göz yaşarması, seliyin ayrılması incidir.

Kontakt linza istifadəçilərini linzaların materialına və ya linzaları saxlamaq üçün nəzərdə tutulmuş məhlula allergik reaksiyası ola bilər. Uçan kimyəvi maddələr, məsələn, saç lakı, dezodorant və digər aerozollar asanlıqla linzaların səthinə düşərək allergik konyunktivit yarada bilər.  

Göz allergiyasının diaqnostikası

Gözlərin allergik zədələnməsinin diaqnozu spesifik klinik mənzərəyə, həmçinin dəqiq anamnez göstəricilərinə əsaslanır – simptomların ilin hansı dövründə yaranması, nədən sonra yaranması, ev heyvanlarının olub-olmaması və s.

Allergik reaksiyanı qanda eozinofillərin miqdarını müəyyənləşdirməklə təsdiq etmək olar. Bu məqsədlə, həmçinin ümumi İgE-nin və kation eozinofil zülalının konsentrasiyasının təyin edilməsindən istifadə olunur. Konkret allergen növünü müəyyən etmək üçün dəri probları da aparılır.

Göz allergiyasının müalicəsi

Əgər allergik reaksiya yaradan maddə məlumdursa, ən yaxşı müalicə üsulu allergenin aradan qaldırılması və onunla təmasın profilaktikasıdır.

Allergiyanın simptomlarının aradan qaldırılması üçün yerli və sistem terapiya təyin olunur.

Onu da bilmək vacibdir ki, istənilən preparatın özünəməxsus xüsusiyyəti, o cümlədən yan təsirləri var. Ona görə də mütəxəssis müalicəni müayinədən və diaqnozun təsdiq olunmasından sonra təyin edir.  

Allergik reaksiyaların azaldılması və aradan qaldırılması üçün əsasən, histamin reseptorları blokatorlarından və membran stabilizatorlarından  tosqun hüceyrə membran stabilizatorlarından istifadə edilir. Bu preparatlar həm göz damcıları, həm də daxilə qəbul etmək üçün dərman şəklində olur.   

Həmçinin, kortikosteroid, iltihab əleyhinə qeyri-steroid vasitələr təyin edilə bilər - onlar iltihabı müalicə edir, şişləri azaldır.

Maz və damcı şəklində olan kortikosteroidlər bir qayda olaraq, xroniki proseslərdə əlavə terapiya kimi təyin edilir.

Onu da nəzərə almaq lazımdır ki, kortikosteroid preparatlar bir sıra yan təsirlərə malikdir: gözdaxili təzyiq, yerli immunitetin düşməsi və s.

İltihab əleyhinə qeyri-steroid vasitələr ağır konyunktivitlərin, uveitlərin, bahar keratokonyunktivitlərinin kompleks müalicəsində tətbiq olunur.

Damar daraldıcı preparatlar qısa müddətlik də olsa, şişləri, gözlərin qızartısını azaldır,  lakin alleregik konyunktivitin əsas müalicəsi hesab edilmir.

Kontakt linza istifadəçiləri konyunktivit və digər ciddi xəstəliklərin profilaktikası məqsədilə linzaları istifadə və onlara qulluq qaydalarına ciddi əməl etməli və vaxtaşırı oftalmoloqun qəbuluna gəlməlidirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.