Erektil disfunksiya (İmpotensiya)
 hekimtap.az

Erektil disfunksiya (İmpotensiya)

8325
Автор: Uroloq-androloq Namiq İsmayılov

Опубликовано: 01.05.2018
Намик Исмаилов

Kişiləri sağlamılqla bağlı bütün problemlərdən ən çox sarsıntıya salanı erektil disfunksiyadır desək, yanılmarıq. Buna adətən impotensiya da deyirlər. Bu xəstəliyin faciəsi ondadır ki, o, cəmiyyətdə ayıb bir hal kimi qəbul edilir, ona görə də xəstə çox hallarda problemi ilə yaşamaq məcburiyyətində qalır. Cinsi aktı başlaya və ya bitirə bilməyən kişilər əksər hallarda həkimə müraciət etmir, aptek vasitələrinin “möcüzəvi” yardımına güvənirlər. Nəticədə isə özünümüalicə vəziyyəti daha da ağırlaşdırır.

Erektil disfunksiya nədir?

Erektil disfunksiya cinsi aktın dolğun şəkildə həyata keçirilməməsi ilə bağlı xroniki çətinlikdir. Burada söhbət ereksiya problemlərindən, orqazmın baş tutmasından və seksdən zövq almağa mane olan digər problemlərdən gedə bilər. Lakin adətən, pasiyentlər həkimə birinci şikayətlə müraciət edirlər. Bu zaman seksual ehtiras zamanı hansısa səbəblər üzündən cinsiyyət orqanı kifayət qədər qanla təchiz olunmur (yumşaq qalır, ölçüləri böyümür).

Onu da bilmək vacibdir ki, impotensiya kifayət qədər geniş yayılmış diaqnozdur. Statistikaya görə, onun bu və ya digər dərəcəsindən 40 yaşdan yuxarı kişilərin 50%-ə qədəri əziyyət çəkir. Amerikalı alimlərin hesablamalarına görə, erektil disfunksiyanın “qurbanlarının” sayı 150 milyondan çoxdur.

Baxmayaraq ki, müalicənin effektliliyi 95 %-dir, pasiyentlərin cəmi 10 %-i həkimə müraciət edir. Erektil disfunksiyanın inkişafına bir sıra risk faktorları təsir edə bilər. Belə ki, potensiya probleminə daha çox uzun müddət siqaret çəkənlərdə, şəkərli diabeti olan, ürəyin işemik xəstəliyi və hipertoniya xəstəliyindən əziyyət çəkən, həmçinin depressiya, nevroz və digər psixi pozuntuları olan kişilərdə rast gəlinir.  

Bəzən impotensiya müəyyən preparatların qəbulu, qida rasionu və ya həyat şəraitinin birdən-birə dəyişilməsi, həmçinin qasıq nahiyəsində yaranan travma və orada aparılan əməliyyatların fonunda da yarana bilər. Alkohollu içkilərdən çox istifidə edən və günün çox hissəsini kompüter və ya rol arxasında keçirən kişilər də risk qrupuna aiddirlər.  

Erektil disfunksiyanın səbəbləri və növləri

Həkimlər impotensiyanın səbəblərini 3 qrupa bölürlər: orqanik (təbii ereksiyanın yaranmasına və dayanıqlılığına fiziki maneələr), psixogen (heç bir fizioloji pozuntu qeydə alınmır, seks problemi xroniki yorğunluq və ya psixoloji travma ilə izah edilir), həmçinin qarışıq (xəstəliyin inkişafına hər iki faktor təsir edir).

Müvafiq şikayətlərlə mütəxəssisə müraciət edənlərin 20%-i erektil disfunksiyanın psixogen səbəblərindən əziyyət çəkirlər. Burada söhbət daha çox gənc və orta yaşlı kişilərdən gedir. Belə pasiyentlərin müalicəsi, əsasən, həkim-psixoterapevt tərəfindən aparılır.  

İmpotensiyanın yaranma səbələri arasında ən geniş yayılmışı orqanik səbəblərdir – çox vaxt yaşla əlaqədar qan damarlarının divarlarında baş verən dəyişikliklərdən irəli gəlir. İş ondadır ki, damarların zədələnməsi zamanı cinsiyyət orqanının qanla təchizatı prosesi zəifləyir və nəticədə ereksiya problemi yaranır.

Həmçinin, sekslə bağlı problemlərə bəzən damarların elə patologiyası səbəb olur ki, bu zaman qan cinsiyyət orqanını vaxtından əvvəl tərk edir. Əgər erektil disfunksiya hormonal pozuntu fonunda yaranarsa, bu zaman ehtiras sistemi bütünlüklə iflasa uğrayır: kişi ümumiyyətlə, sekslə maraqlanmaya bilər.   

Erektil disfunksiyanın əlamətləri

Bir sıra əlamətlər var ki, onlar mütəxəssislə məsləhətləşmək üçün əsasdır: səhər ereksiyasının olmaması, masturbasiya zamanı ereksiyanın mümkün olmaması, ehtiras zamanı ereksiya sürətinin azalması və ya ereksiyanın tamamilə olmaması, erkən boşalma. Orqanik təbiətli erektil disfunksiyalarda bu simptomlar tədricən inkişaf edir, əksər hallarda kişinin seksə olan marağının azalması ilə müşayiət olunur. Əgər xəstəliyin əsasında psixoloji problemlər dayanırsa, cinsi aktdan kənar heç bir əlamət yaranmaya da bilər (səhər ereksiyası olur, seksual kontakt zamanı çətinliklər müntəzəm deyil, ayrı-ayrı hallarda müşahidə edilir). İstənilən halda, erektil disfunksiyanın əsl səbəbini yalnız həkim müəyyənləşdirə bilər. Bunun üçün ilkin konsultasiyadan sonra o, laborator analiz və xüsusi müayinələr təyin edəcək (damarların USM-i, cinsiyyət orqanının innervasiyasının yoxlanması və s.) Əgər psiyentdə xroniki somatik xəstəliklər aşkara çıxarsa (şəkərli diabet və ya hipertoniya xəstəliyi), bu halda ixtisas həkimi - kardioloq və ya endokrinoloqun konsultasiyası da diaqnostika və müalicənin əsas elementini təşkil edir.

Erektil disfunksiyanın müalicəsi

İmpotensiyanın uğurla müalicə olunub-olunmaması bir sıra faktorlardan, əsas da xəstəliyin yaranma səbəbindən asılıdır. Məsələn, gənc kişidə psixogen xarakterli erektil disfunksiyanı müalicə etmək, prostat vəzin çıxarılması əməliyyatı zəminində baş verən ağır orqanik impotensiyanı müalicə etməkdən qat-qat asandır.    

Tibbi yardıma vaxtında müraciət olunması terapiyanın müsbət nəticə verməsi baxımdan əhəmiyyətlidir. Çünki xəstəlik dərinləşdikcə patoloji prosesin qarşısını almaq çətinləşir.

Andrologiya tibbin kişi cinsiyyət sistemi problemləri ilə məşğul olan bir sahəsidir. Burada erektil disfunksiya ilə mübarizə aparmaq üçün çoxsaylı metodlar var. Həkimlər qeyd edirlər ki, pasiyentin vəziyyətinin yaxşılaşmaması hallarına demək olar ki, rast gəlinmir.

Ona görə də bu problemi geri dönməyən faciəvi proses kimi qəbul edib, ağır diaqnoz eşitmək qorxusu ilə həkimin qəbuluna düşməkdən çəkinmək lazım deyil. Erektil disfunksiya – qarşısı alına bilinəcək xoşagəlməz haldır və qətiyyən ağır emosional böhrana səbəb olmalı deyil.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.