Dərinin göbələk xəstəlikləri - Dermatomikozlar hekimtap.az

Dərinin göbələk xəstəlikləri - Dermatomikozlar

29029
Автор: Dermatoveneroloq Şövgü Salahov, 055 557-79-29

Опубликовано: 20.09.2020
Şövgü Salahov

Göbələk  xəstəlikləri  nədir?

Dərinin göbələk xəstəlikləri İnsanlar arasında yayılmasına görə iltihablı dəri xəstəliklərindən sonra ən geniş yayılan xəstəlikdir. Ümumiyyətlə göbələklərin milyonlarla növü olmasına baxmayaraq insan bədənində eləcədə dərisində 300 ə yaxın göbələk növü xəstəlik yarada bilir. Sağlam insanların dərisində yaşayan göbələklər dəri tamlığı pozulduqda yaxud immun sistemi zəiflədikdə artıq patogen hala keçib xəstəlik yarada bilər. Göbələklər açıq havada, torpaqda, bitkilərdə,heyvanlarda və insan bədənində eləcədə insan dərisində yaşaya bilirlər və bakteriyalar kimi parazit mikroorqanizmlərdir . Nəmli mühitlərdə sürətlə çoxalaraq daha yoluxdurucu olurlar.                                

Göbələklərin etiologiyası       

Parazit    göbələklər hər bir mühitdə yaşamağa uygunlaşmış mikrorqanizmlərdir  və temperatura həssaslığına görə 3 qrupa bölünür(0-15 dərəcədə yaşayan, 15-40 dərəcədə yaşayan, 40 dərəcədən yuxarı). Əsas yoluxma  və yaranma yolları:
1.Göbələklərlə çirklənmiş torpaq.
2.Göbələk xəstəliyinə yoluxmuş insanlar.
3.İmmun sistemi zəifləmiş insanlar(HİV, orqan köçürmə).
4.Göbələk xəstəliyi ilə yoluxmuş xəstə heyvanlar.
5 Hormonal(kortizol) preparatlardan uzun müddət və nəzarətsiz istifadə etmiş insanlar.
6.Tez tez cinsi əlaqədə olan(fərqli partnyorlarla)insanlar.
7.Uzun müddət anribiotiklərin qəbulu.
8.Əməliyyatlardan sonra uzun müddət kateter istifadəsi.
8.Bəzi sistemik və metabolik xəstəliklərdir. 
Bundan başqa göbələk xəstəliklərinin yayılmasını sürətləndirən müxtəlif səbəblər də var. Bunlardan ümumi yaşayış yerləri, kollektiv iş yerləri,yataqxanalar,uşaq baxçası, hamam, sauna,hovuz,sintetik geyimlər(hansıki bədənin düzgün tənəffüsünə şərait yartmır və dərini nəm saxlayır),yetərsiz günəş və s qeyd etmək olar.                                 

Göbələk xəstəliyinin əlamətləri       

Dəridə yaranmış göbələk xəstəliyi daha çox özünü qaşınma ilə biruzə verir. Bundan başqa dəri səthindən azacıq qabarmış,qızarıqlıq fonunda, üzəri bəzən qabıqla örtülü olan, sağlam dəridən kəskin sərhədlə seçilən, çox fərqli ölçülərdə,fərqli sayda, bütün bədəndə eləcədə dırnaqlarda, selikli qişalarda, tüklərdə belə yayılmış ola bilir. Dərinin həm səthi(epidermisi) həm də daha dərin (dermani) qatlarını zədələyə bilir.Dərinin səthi qatını zədələyən göbələklər özlərini müxtəlif dəri elementləri ilə göstərə bilir.
1.Qızarıqlıqla.
2.Kəpəklənmə ilə.
3.Gobudlaşmış dəri ilə(keratoz).
4.Vezikulizasiya ilə (içərisi su ilə dolu qabarcıqla), irinlərlə və s .
Tutuduğu bölgəyə,eləcədə zədələdiyi dəri və dəri artımlarına görə müxtəlif formalarda,müxtəlif rənglərdə özünü göstərir. Məsələn başın tüklü hissəsini tutan göbələklər həm quru kəpəklənmə olaraq həm də irinli yaralarla müşahidə oluna bilər ki bəzi proseslərdə  yara sahəsindən tükləri çəkdikdə asanlıqla çıxa bilir. Gövdə hissəsini tutan göbələklər (boyun, üz, sinə, aşağı və yuxarı ətraflar) mərkəzdən sağalmaya meyilli olub səpginin kənarlarında aktiv formada qalır və həmişə yoluxucudur. Dırnaqları zədələyən göbələklər  dırnaqların həm rəngini həm formasını eləcədə strukturunu zədələyir. Selikli qişalarda yaranmış göbələklər (ağız böşluği, vaginada) üzəri ağ rəngli örtüklü və daha çox düzənsiz şəkilli olaraq,selikli qişalara yapışıq şəkildə özünü biruzə verir.                              

Göbələk xəstəliklərinin növləri   

Qeyd etdiyimiz kimi yüzlərlə göbələk növləri dəridə parazitlik edə bilər. Göbələk xəstəliyiklərini həm törədicilərin fərqliliyinə görə (M.canis,M.audouinii, T.tonsurans, T.violaceum və s) həm yayıldığı bölgəyə görə (Tinea corporis-bədən göbələyi, Tinea kapitis-baş göbələyi, Tinea barba-saqqal göbələyi, Tinea fasiyalis-üz göbələyi, Tinea inguinalis-qasıq göbələyi, Tinea pedis-ayaq göbələyi, Tinea manum –əl göbələyi, Onixomikoz-dırnaq göbələyi və s) və tutuduğu başqa orqan və orqan sistemlərinə (Aktinomikoz, sportrikoz, Kriptokkokozvə s) görə növlərə bölmək olar. Əlbəttdəki diaqnozun qoyulmasında,xəstəliyin müalicə və profilaktikasında bu növlərin dəqiqləşdirilməsi vacibdir.                                  

Göbələk xəstəliklərinin müalicəsi                 

Müalicədə əsas önəm verdiyimiz və yuxarıda da qeyd etdiyimiz kimi xəstəliyin növü, yayılma sahəsi, xəstədə olan başqa yanaşı xəstəlikllər eləcədə xəstənin yaşı çox vacibdir. Səthi göbələklərdə yerli müalicələr (kremlər, lasyonlar, şampunlar və s ) çox zaman yetərli ola bilər. Dərinin  daha dərin qatlarını zədələyən göbələklərdə yerli müalicələr ilə yanaşı daxilə təyin olunan antifunqal preparatlar vacibdir. Bundan başqa,birbaşa göbələk əlehinə olan preparatlarla yanaşı əgər immun sistemində zəiflik varsa xəstənin müqavimətini artırmağa yönəlik preparatlar eləcədə ikincili infeksiyalar qoşulubsa yerli və daxilə antibiotiklərin təyini zəruruidir. Qeyd edim ki düzgün diaqnoz qoyulubsa göbələk xəstəliyini birdəfəlik müalicə etmək mümkündür.                                     

Göbələk xəstəliyinin profilaktikası                   

Göbələk xəsətəliklərində müalicə ilə eyni vaxtda və sonra profilaktika vacibdir. Çünki göbələk xəstəliyinə qarşı orqanizmdə davamlı immunitet yaranmadığından təkrar yoluxma mümkündür. O üzdən xəstəliyə yoluxmamaq üçün ümumi duşxanalardan istifadə etməkdən qaçınmalı, hovuzda, dənizdə çimdikdən sonra bədəni tam qurutmalı,çirkli torpaqda,qumda ayaqyalın gəzməməli,başqalarının ayaqqabisindan, iç geyimlərindən, corablarından, üz qırxmaq və ya dirnaqlara qulluq üçün istifadə olunan setlərindən isitifadə etmək olmaz. Eləcədə vaxtlı vaxtında düzgün qidalanmaq, daima günəş vannaları qəbul etmək, xəstə insanlardan və xəstəliyə yoluxmuş heyvanlardan uzaq durmaq, əlləri dezinfeksiyaedici vasitələrlə yumaq məsləhət görülür. Həkim nəzarəti olmadan antibiotikləri yerli yersiz istifadə etməyin . Dərinizi nəm saxlayan dar, sintetik geyimlərə üstünlük verməyin və dəridə qızarıqlıq, qaşımnma, səpgi gördükdə həkimə müraciət edin.

  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az