Aybaşı tsiklini pozan 10 əsas faktor
 hekimtap.az

Aybaşı tsiklini pozan 10 əsas faktor

60616
Автор: Endokrinoloq Ayşən Xəlilova

Опубликовано: 20.06.2018
Айшан Халилова

Son zamanlar pasientlərimin arasında ən geniş yayılmış şikayətlərdən biri də əvvəllər normal olan tsikllərinin son vaxtlar pozulması ilə əlaqəli şikayətlərdir. Əlbəttə yaxşı olardı ki, hər bir qadının öz aybaşılarını qeyd etdiyi bir təqvimi olsun. Belə təqvim sizə tsiklinizdə yaranan cüzi bir dəyişimi də vaxtında aşkarlamağa yardım edə bilər. Orta hesabla hər aybaşı tsikli 21-35 gün arasında dəyişə bilir. 35 gündən çox aybaşının ləngiməsi artıq hər hansı bir səbəbə bağlı ola bilər.

Bu müddət aybaşının ilk günündən hesablanmalıdır. Əgər son zamanlar bu ləngimənin tez- tez təkrarlandığını hiss edirsinizsə, onda, mütləq həkimə müraciət etməlisiniz. Qeyri- müntəzəm aybaşı tsikli hər hansı patologiyanın olduğunu göstərir. Aşağıda aybaşı tsiklinə neqativ təsir göstərəcək daha çox yayılmış 10 faktor ilə tanış ola bilərsiniz.

1. Həddən artıq fiziki yüklənmələr

Bilirsinizmi ki, idmançı qadınların aybaşı tsiklləri çox zaman pozulmuş olur. İntensiv fiziki aktivlik az miqdar piy toxuması ilə birgə orqanizmə neqativ təsir edir. Bu orqanizm üçün stressdir və bu zaman hipofiz adlanan və beyin əsasında yerləşən vəzimiz cinsi hormon ifrazını azaldır. Tədqiqatlar göstərir ki, 50% idmançı qadınlarda aybaşı tsiklinin pozğunluğu  ilə əlaqəli şikayətləri var. Əgər aybaşınız 3 ay və daha çox ləngiyirsə, mütləq professional məsləhət almanıza ehtiyacınız var. Belə ki, bu ciddi hormonal prosesin nəticəsində ola bilər, sümük sıxlığına və həmçinin digər orqan zədələnmələrinə səbəb ola bilər.

2. Artıq çəki

Çox təəssüflər olsun ki, artıq çəki təkcə bədən quruluşumuza mənfi təsir göstərmir. Piy toxumasının artıqlığı esterogen, insulin, testesteron kimi hormonların səviyyəsində artıma səbəb olur. Bu zaman aybaşı adətən qeyri-müntəzəm, daha çox və intensiv ola bilir. Bu tip pasientlərdə esterogenlərin uzun müddətli artıqlığı uşaqlıq divarına öz mənfi təsirini göstərə bilər, bu da qalınlaşmaya və gələcəkdə onkoloji problemlərə yol aça bilər.

3. Həddən artıq aşağı çəki

Əgər siz çox aşağı çəkilisinizsə, onda bayaqkı mexanizmin əksini gözləmək lazımdır. Yəni, yumurtalıqlardan esterogen ifrazı azalmağa başlayır. Requlyar aybaşı tsikli üçün çəki müəyyən həddə olmalıdır. Əgər qısa müddət ərzində kəskin arıqlamısınızsa, siz aybaşı tsiklinizin azaldığını özünüz hiss edəcəksiniz. Əgər çox çəki itirmisinizsə, ancaq bu norma çərçivəsindədirsə, onda bir neçə ay ərzində orqanizm buna adaptasiya olacaq.

4. Bəzi dərmanların təsiri

Bir sıra dərman növlərinin uzun müddət qəbulu da aybaşı tsiklini poza bilər. Məsələn, qalxanvari vəzi hormonal preparatları, steroid preparatlar, nevroloji praktikada istifadə olunan bəzi preparatlar aybaşı  tsiklinə təsir göstərə biləcək preparatlar arasındadır.

5. Pestisidlərin təsiri

Pestisidlər, yəni müxtəlif meyvə və tərəvəzlərə tez yetişməsi üçün vurulan kimyəvi maddələr də endokrin proseslərə təsir edə bilər. Bu maddələr endokrin vəzilərin funksiyasını azalda və hətta saxlaya bilər. Tədqiqatlara əsasən, fermada və plantasiyalarda işləyən qadınlarda, hansılarda ki, pestisidlərlə uzun müddətli kontakt qeyd olunub, uzanan aybaşı və ya uzun müddətli ləkələnmələr müşahidə olunur. Ona görə də ekoloji təmiz və mövsümi qidalara üstünlük vermək lazımdır.

6. Yorğunluq hissi

Güclü stress həmçinin aybaşı tsiklinin müntəzəmliyinə neqativ təsir. Həmçinin, çox yorulma və psixi gərginlik döllənmə ilə əlaqəli problemlər yarada bilər. Ona görə də çalışın sakit olasınız və həyatı necə var elə qəbul edib zövq alasınız.

7. Oral kontraseptivlər

Əgər siz hamiləlikdən qorunma həbləri içirsinizsə, və onları günün müxtəlif vaxtında qəbul etmisiniz, və ya tabletlər arasında 24 saat fasilə vermisinizsə, onda aybaşı pozğunluqları ilə qarşılaşa bilərsiniz.

8. Yaş

Bəlkə də elə bilirsiniz ki, yaş artdıqca həmişə aybaşının miqdarı azalaraq kəsilir. Ancaq sizi sürprizlər gözləyə bilər. Disfunksional uşaqlıq qanaxmaları kimi tanınan aybaşı pozğunluğu bu dövrün ciddi patologiyalarındandır.

9. Yuxu rejiminin pis olması

Yuxu rejiminə riayət olunmaması, reproduktiv funksiyanın, ovulyasiyanın pozulmasına, hormonların düzgün ifraz olunmamasına səbəb olur. Bundan başqa qeyri-müntəzəm yuxu melatonin ifrazının pozulmasına da gətirir ki, bu da aybaşıya öz təsirini göstərir. Ona görə də melatoninlə əlaqəli keçmiş məqalələrimdə dediyim ki, yataq otağından tünd pərdələr asıb, vaxtında yatmağa getmək lazımdır.

10. Uzun məsəfələrə səyahət

Müxtəlif saat qurşağına malik ölkələr arasında səyahət edərkən nəzərə alın ki, adaptasiyaya olunana qədər melatonin qeyri-müntəzəm ifrazı orqanizmə öz neqativ təsirini göstərir. Əgər belə səyahətlər tez-tez təkrarlanmırsa, bu o qədər də ciddi deyil, ancaq səyahətlər sizin həyatınızın bir hissəsinə çevrilibsə, bütün orqanizmdə, o cümlədən aybaşı funksiyasında da öz izini qoyacağı dəqiqdir.

Beləliklə, ən azından özümüzün riayət edə biləcəyi qaydalara əməl etsək, orqanizmin funksiyalarınn normallaşmasına nail ola bilərik. Sizi özünüzə qarşı diqqətli olmağa çağırıram.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az