Arzuolunmaz hamiləlikdən qorunma üsulları – kontrasepsiya
 hekimtap.az

Arzuolunmaz hamiləlikdən qorunma üsulları – kontrasepsiya

5761
Автор: Mama-ginekoloq Aygün Ağayeva

Опубликовано: 03.04.2018
AYSMED KLİNİKASI

Kontrasepsiya nədir?

Kontrasepsiya – arzuolunmaz hamiləliyin baş verməsinin qarşısının alınması üsuludur. 

Təəssüf ki, xanımlarımız abortlara çox müraciət edirlər. Qeyd etmək lazımdır ki, abort heç də kontraseptiv üsul deyildir və o, orqanizmə ciddi ziyan vurur. Belə ki, hamiləlik zamanı bütün orqanizm buna hazırlaşır, hormonal sistemdə dəyişikliklər baş verir. Abort etməklə bütün bu mürəkkəb proseslər dayandırılmış olur. Bundan başqa, abort cərrahi müdaxilə olduğundan hər bir cərrahi əməliyyata xas olan müvafiq riskləri var.

Kontrasepsiyanın növləri

Arzuolunmaz hamiləlikdən qorunmanın bir çox yolları mövcuddur və hər bir cütlük üçün fərdi qaydada seçilir. Buraya uşaqlıqdaxili, hormonal, baryer üsulları, cərrahi sterelizasiya və s. aiddir.

Spirallar

Uşaqlıqdaxili vasitələrə aiddir. Buraya adi (mis tərkibli) və hormonal spirallar daxildir. Bu metodun təsir mexanizmi ondan ibarətdir ki, mayalanmış hüceyrənin implantasiyasının qarşısı alınır. Qeyd etmək lazımdır ki, bu vasitə uşaqlıq borusu hamiləliyinin qarşısını almır.

Hormonal tərkibli spirallar uşaqlığın selikli qişasını atrofiya etdiyi üçün onun effektivliyi daha yüksəkdir.

Kombinə edilmiş oral kontraseptivlər – KOK

Arzuolunmaz hamiləlikdən qorunmağın daha bir yolu kombinə edilmiş oral kontraseptivlərdir. Onlar ovulyasiyanın yaranmasının qarşısını alır, uşaqlıq borularının yığılmalarını ləngidir, eyni zamanda, seliyin qatılaşmasını təmin edir və uşaqlığın selikli qişasını atrofiya edir. KOK-lar da yüksək effektivli kontraseptivlər hesab olunur.

Gestogenlər

Hamiləlikdən daha bir qorunma üsulu gestogenlərin verilməsidir. Bu vasitədən istifadə edənlərin 50%-ində ovulyasiya olur. Sadəcə bu, endometriyanın inkişafını ləngidir, eyni zamanda, seliyin qatılığını artırır ki, bu da spermatozoidlərin uşaqlığa düşməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, bu vasitənin effektivliyi KOK-ların effektivliyindən geri qalır.

Baryer üsulu

Buraya prezirvativlər aiddir. Həm qadın, həm də kişi prezervativləri mövcuddur. Bu vasitənin üstün cəhəti odur ki, o, həm də dəri-zöhrəvi xəstəliklərdən qoruyur.

Spermisidlər

Spermisidlər kimyəvi vasitə olub, spermatozoidləri məhv edərək, hamiləliyin qarşısını alır. Onlar vaginal köpüklər, şamlar, tablet və gellər şəklində ola bilər. Əgər baryer üsulu ilə birgə tətbiq olunarsa, daha çox effekt verir.

Cərrahi sterilizasiya

Əgər göstəriş varsa, qadının öz arzusu ilə, yaşı nəzərə almaqla boruların bağlanmasıdır.

Vazektomiya – kişilərin kontraseptiv üsulla sterilizasiyasıdır. Bu zaman toxumçıxarıcı kanallar kəsilir. Bu vasitə o hallarda tətbiq olunur ki, qadın hər hansı səbəbdən kontraseptivlərdən istifadə edə bilmir. Qeyd etmək lazımdır ki, vazektomiya kişilərin erektil funksiyasına və potensiyasına təsir etmir.

Hamiləliyin qarşısının alınmasının təbii üsulları

Buraya təqvim üsulu, servikal üsul, yarımçıq cinsi akt aiddir. Lakin bunlar effektiv vasitələr hesab olunmur.

Kontrasepsiyanın təsiri Perl indeksi ilə dəyərləndirilir. Bu indeks kontraseptiv üsuldan bir il ərzində istifadə edən yüz qadında nə qədər hamiləlik qeydə alınmasını göstərir. İndeks nə qədər aşağıdırsa, kontrasepsiyanın effektivliyi o qədər yüksəkdir.

Qeyd etmək lazımdır ki, kontraseptivin effektivliyi onun düzgün istifadə olmasından birbaşa asılıdır.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.