AORTAL QAPAQ ÇATMAMAZLIĞI hekimtap.az

AORTAL QAPAQ ÇATMAMAZLIĞI

3277
Автор: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97

Опубликовано: 13.05.2020
Гюнай Новрузова

Aortal qapaq çatmamazlığı – aortanın aypara qapaqlarının büzülmə və ya dağılma nəticəsində tam bağlana bilməməsidir. Bu qüsur izoləolunmuş şəkildə 9-14%, aortal stenozla birlikdə müştərək şəkildə 55-60% hallarda rast gəlinir. 

Aortal çatmamazlığın səbəbləri

70% hallarda əsas səbəb revmatizmdir, əksər xəstələrdə aortal stenozla və mitral qüsurlarla müştərək şəkildə rast gəlinir. Digər etioloji faktorlar infeksion endokardit, sifilitik aortit, aorta aterosklerozu, aortanın laylı anevrizması, Marfan sindromu, döş qəfəsinin travmaları və s.-dir. Hipertoniya xəstəliyi zamanı aorta mənsəbinin genişlənməsi nəticəsində nisbi aortal çatmamazlıq əmələ gəlir. 

Aortal çatmamazlıq zamanı hemodinamika 

Diastola zamanı qanın bir hissəsi (5%-dən 50%-ə qədər) aortadan sol mədəciyə qayıdır və sol qulaqcıqdan daxil olan qana qarışır. Bunun nəticəsində sol mədəcik həcmlə yüklənir, bu isə onun kompensator tonogen dilatasiyasına gətirib çıxarır. Sistola zamanı sol mədəcik aortaya artıq qan kütləsi qovur, aortada kəskin təzyiq dəyişiklikləri baş verir. 

Sistola uzanır, diastola isə, əksinə, qısalır (aortadan qanın sol mədəciyə geri qayıtmasını azaltmaq üçün), taxikardiya əmələ gəlir. Dekompensasiya zamanı sol mədəciyin miogen (əzələ) dilatasiyası inkişaf edir, bu isə sol qulaqcığın hipertrofiyasına səbəb olur. Sol mədəciyin dilatasiyası artdıqca nisbi mitral qapaq çatmamazlığı inkişaf edir, sol qulaqcıq genişlənir. Passiv ağciyər hipertenziyası, sonra da sağ mədəcik çatmamazlığı inkişaf edir. 

Diastolada koronar arteriyalarda təzyiq aşağı olduğu üçün genişlənmiş sol mədəciyin artmış oksigen təchizatı təmin olunmur, nəticədə miokardın işemiyası yaranır və aortal çatmamazlığın dekompensasiyası baş verir.

Klinik əlamətlər

Erkən mərhələdə əsas şikayətlər arteriyalarda pulsasiyanın hiss edilməsi, ürəkdöyünmə, başhərlənmə, bayılma, ürək nahiyəsində ağrılardır. Sonradan buraya təngnəfəslik, sağ qabırğaaltında ağrılar, periferik ödemlər qoşulur. Xəstədə dəri örtüklərinin avazıması, yuxu arteriyalarının kəskin pulsasiyası (“karotid rəqsi“), aorta qövsünün pulsasiyası (başın əsməsi – Müsse simptomu), badamcıqların pulsasiyası (Müller simptomu), göz bəbəklərinin pulsasiyası (Landolfi simptomu), psevdokapilyar Kvinke nəbzi müşahidə olunur. Auskultasiyada aorta üzərində diastolik küy eşidilir. Nəbz yüksək, çaparlı, tezləşmişdir. Sistolik və diastolik təzyiqlər arasındakı fərq (nəbz təzyiqi) artmış olur. 

Diaqnostika

Aortal qapaq çatmamazlığı diaqnozunun qoyulması çətinlik törətmir. Diaqnoz elektrokardioqrafiya, exokardioqrafiya, döş qəfəsinin rentgenoqrafiyasına və tipik klinik əlamətlərə əsasən qoyulur. 

Ağırlaşmalar

Aortal qapaq çatmamazlığı əvvəl sol mədəcik, sonra sağ mədəcik çatmamazlığının inkişafı ilə ağırlaşır. Ürək çatmamazlığı qısa müddətdə - 2-3 il ərzində xəstənin ölümünə səbəb olur (mitral qüsurlardan fərqli olaraq). Həmçinin, infeksion endokardit, stenokardiya, aritmiyalar da müşahidə oluna bilər. 

Müalicə və profilaktika

Dərman müalicəsi ürək çatmamazlığına və ağrı sindromunun aradan qaldırılmasına yönəldilmişdir. Sol mədəciyin disfunksiyası (təngnəfəslik, bayılma, stenokardiya), onun ölçülərinin çox böyüməsi (kəskin requrgiyasiya – vurğu həcminin 50% qədəri və ya diastolik təzyiq 40 mm c.s. və daha az olduqda) cərrahi müdaxiləyə və protez qapaq qoyulmasına göstərişdir.

Aortal qapaq çatmamazlığının profilaktikası infeksion endokarditin və revmatik atakların qarşısının alınmasına yönəldilməlidir. Xəstəliyin başlanğıc mərhələlərində fiziki aktivlik azaldılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az