Amenoreya
 hekimtap.az

Amenoreya

6952
Автор: Mama-ginekoloq Aygün Ağayeva

Опубликовано: 21.07.2018
AYSMED KLİNİKASI

Amenoreya reproduktiv yaş həddinə (16-45 yaş) çatmış qadınlarda menstrual funksiyanın pozulmasıdır. Bu halda menstruasiya 6 ay və daha çox müddətdə qeydə alınmır. Amenoreya bir qayda olaraq müstəqil xəstəlik yox, genetik, biokimyəvi,  fizioloji, psixo-emosional pozuntuların simptomudur. “Yalançı” amenoreya zamanı yumurtalıq və uşaqlıqdakı tsiklik və hormonal dəyişikliklər qorunub saxlanılır, lakin cinsiyyət orqanlarındakı axıntılar hər hansı anatomik baryer səbəbindən qeydə alınmır. “Həqiqi” amenoreyada isə ovulyasiya və hamiləlik baş vermir.

Amenoreyanın yaranma səbəbləri

Birincili amenoreyaya səbəb genetik, anatomik və psixo-emosional faktorlar ola bilər.

Birincili amenoreya “Terner sindromu”da  - cinsi vəzilərin inkişafdan qalması səbəbindən yarana bilər.

Birincili amenoreyanın anatomik faktorlarına fiziki inkişafın ümumi geriliyi aiddir. Bu, əsasən bədən quruluşundakı anomaliyalar zamanı üzə çıxır (arıqlıq, inkişaf etməmiş döş, ensiz çanaq və s.). Birincili amenoreyanın yaranma səbələrinə stress, ağır psixo-emosional sarsıntılar, anoreksiya  və izafi fiziki yüklənmələri də aid etmək olar.  

Birincili amenoreyanın müalicəsi

Birincili amenoreyanın müalicə prinsipləri onu yaradan faktorların korreksiya edilməsi və ya aradan qaldırılmasına yönəldilib. “Terner sindrom”lu pasiyentlərə ömürlük əvəzləyici hormonoterapiya (estrogenizasiya) göstərişdir. Fiziki və reproduktiv ləngimə zamanı qızlara xüsusi pəhrizlər təyin edilir ki, bu da əzələ və piy kütlələlərinin böyüməsinə şərait yaradır, hormonal müalicə isə menstrual funksiyanı stimullaşdırmağa yönəldilir.

İkincili amenoreyanın yaranma səbələri

İkincili amenoreya 17-45 yaşlı qadınların 10%-də rastr gəlinir və menstrual funksiyanın ağır pozuntusu hesab edilir.

İkincili amenoreyanın yaranmasına əsasən, aşağıdakı faktorlar təsir edir:

  • Anoreksiya, ağır pəhrizlər fonunda çəkinin sürətlə aşağı düşməsi - qadınların 38%-də müşahidə olunur.
  • Yumurtalıqların polikistoz zədələnməsi - qadınların 26%-də rast gəlinir; 
  • Erkən menopauza - qadınların 22%-də rast gəlinir;
  • Hiperprolaktinemiya - qadınların 11%-də müşahidə edilir.

Bəzi hallarda menstruasiyanın pozulması əsəb sarsıntısına müvəqqəti reaksiya kimi özünü göstərə və əlavə müdaxilə olmadan öz-özünə keçib gedə bilər. Lakin ikincili amenoreya əksər hallarda ciddi tibbi müdaxilə tələb edir.  

İkincili amenoreyanın diaqnostikası

Menstruasiyanın kəsilməsindən şikayətlənən pasiyentlərin müayinəsi zamanı əvvəlcə hamiləlik istisna edilir və ikincili amenoreyaya səbəb ola biləcək faktorlar araşdırılır: pəhrizlərdən sui-istifadə, fiziki və psixi yüklənmələr, yanaşı gedən xəstəliklər, ana və nənədə menopauzanın başlama dövrü və s. Həkim-ginekoloq pasiyentin boy və çəkisini dəyərləndirir, onlar biri-biri ilə mütənasibliyini qeydə alır və norma ilə müqayisə edir.

Bəzi hallarda distrofiya və ya əksinə, piylənmə ikincili amenoreyaya səbəb ola bilər (orqanizmdə fizioloji və hormonal pozuntular fonunda).

İkincili amenoreya şübhə yaranarsa, müayinə yumurtalıqların funksional pozuntularının xarakterinin aşkarlanmasına yönəldilir. Bu məqsədlə hormon səviyyəsi tədqiq olunur (ilk növbədə prolaktin, hestagen, cinsi hormatin, kariotin), kiçik çanaq orqanlarının USM-i (yumurtalıqların polikistozu və endometriyanın vəziyyətini müəyyənləşdirmək üçün) aparılır.

Əlavə olaraq, rektal temperaturun dəyişməsi qrafiki tərtib olunur, yaxmanın sitoloji analizi həyata keçirilir.

Əldə olunan nəticələr əsasında ikincili amenoreyanın səbəbi müəyyənləşdirilir və müalicə kursu təyin edilir. 

İkincili amenoreyanın müalicəsi

İkincili amenoreyanın müalicəsi onu yaradan faktorların aradan qaldırılmasına yönəldilir. Çəkinin sürətlə azalması və ya fiziki yüklənmələrlə əlaqədar olan amenoreya qeyri-düzgün həyat tərzinin təzahürüdür.

Menstrual funksiyanın tam normallaşması üçün oral progesteron kontraseptivlər (tərkibində estrogen komponentlər olmayan) təyin olunur. Bəzən ikincili amenoreya hormonal terapiya olmadan - fiziki yüklənmələrin düzgün bölüşdürülməsi, rasional qida rejimi, əmək və istirahət, psixo-emosional faktorları normallaşdırmaqla aradan qaldırılır.

Reproduktiv yaşa çatmış qadınlarda menstruasiyanın qəfil kəsilməsi orqanizmdə ciddi problemdən xəbər verir və ciddi münasibət tələb edir. Onların bəziləri həyat tərzini dəyişməklə aradan qalxsa da, digərlərinə  peşəkar tibbi müdaxilə lazımdır. Amenoreyanın əsas təhlükəsi qadın sonsuzluğu ilə nəticələnməsidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az