Ağciyər emfizeması
 hekimtap.az

Ağciyər emfizeması

7366
Автор: Terapevt Tural Qənbərli

Опубликовано: 24.08.2018
AYSMED KLİNİKASI

Ağciyər emfizeması nədir?

Ağciyər emfizeması ağciyər toxumasında havanın artıqlığı ilə xarakterizə olunan xroniki xəstəlikdir. Bu zaman tənəffüs və ağciyərlərdə qaz mübadiləsi pozulur. 

Xəstəliyin adı yunan sözündən götürülüb - “emphysao” – “irəli və geriyə üfürmək ” deməkdir.

Son illər emfizemadan əziyyət çəkən insanların sayı artır, xüsusilə də yaşlı insanlar arasında. Ağciyər emfizeması xroniki obstruktiv bronxit və bronxial astma ilə yanaşı ağciyərlərin xroniki obstruktiv xəstəlikləri qrupuna daxildir. 

Bütün bu xəstəliklər bronxial keçiriciliyin pozuntusu ilə müşayiət edilir və məhz ona görə onların kliniki mənzərələri arasında bəzi oxşarlıqlar var. Lakin AXOX-un bütün formaları vaxtında və düzgün diaqnozlaşdırılması, məqsədyönlü profilaktikası rasional terapiya üçün şərait yaradır. 

Ağciyər emfizemasının səbəbləri

Xəstəliyin əsas səbəbi xroniki infeksiya daşıyan xroniki bronxitdir. Xroniki bronxit adətən 30-60 yaşlarda inkişaf edir və qadınlara nisbətən kişilərdə rast gəlinir. Nəticə etibarilə, xroniki bronxit ağciyər emfizemasının yaranmasına gətitrib çıxarır.

Bullyoz emfizemanın inkişafında irsi faktorlar vacib rol oynayır.

Tütün məmulatlarının istifadəsi, çirklənmiş hava, bəzi əlverişsiz iş şəraiti də xəstəliyi yaradan səbəblərdəndir.

Ağciyər emfizemasının əlamətləri

Ağciyərlərin diffuz emfizemasının “klassik” əlamətlərinə aiddir:

  • İfadə olunmuş təngənəfəslik;
  • Sianoz;
  • Döş qəfəsinin həcminin böyüməsi və onun tənəffüs hərəkətlərinin azalması;
  • Qabırğaarası nahiyələrin genişlənməsi, bəzən şişkinləşməsi.

Emfizema xəstələri ilkin mərhələdə məcburi olaraq, başları və çiyinləri aşağı, qarınları üzərində vəziyyət alırlar – bu, onlara yüngüllük gətirir. Lakin ağır emfizema hallarnda döş qəfəsinin ifadə olunmuş dəyişkənliyi və tənəffüs əzələlərinin yorğunluğu nəticəsində horizontal vəziyyət diafraqmanın işini çətinləşdirir, ona görə xəstələr hətta, oturaqlı yatmağa məcbur olurlar.

Ağciyər emfizemasının ağırlaşmaları

  • Tənəffüs çatışmazlığı;
  • Ürək çatışmazlığı;
  • Pnevmotoraks;

Bu ağırlaşmaların hər biri xəstənin əlilliyinə gətirib çıxarır.

Ağciyər emfizemasının diaqnostika və müalicəsi

Emfizemanın diaqnostikasını pulmonoloq və ya terapevt aparır.

Diaqnostikaya aiddir:

  • Döş qəfəsinin müayinəsi, auskultasiyası (qulaq asma), perkussiyası (döyəcləməsi);
  • Rengenoloji müayinə;
  • Ağciyərlərin kompüter tomoqrafiyası;
  • Xarici tənəffüs funksiyalarının müayinəsi.

Emfizemanın əsas müalicə metodları:

  • Tütün məmulatlarından imtina. Yuxarıda qeyd olunduğu kimi, bu, emfizemanın profilaktika və müalicəsində başlıca metoddur;
  • Oksigen terapiyası;
  • Xüsusi tənəffüs gimnastikası;

Emfizemaya səbəb olmuş xəstəliklərin adekvat müalicəsi (xroniki bronxit və bronxial astma). İnfeksion proseslərdə antibiotiklər tətbiq olunur. Eləcə də bəlğəmazaldıcı və sovurucu peparatlardan istifadə edilir. Bundan başqa, bronxları genişləndirən və onların spazmını aradan qaldıran maddələr yeridilir.  

 Bullyoz efmizema hallarında cərrahi müdaxilə tövsiyə edilir.

İstənilən halda, özünümüalicə ilə məşğul olmaq yolverlməzdir. Əgər özünüzdə və ya yaxınlarınızda emfizema əlamətləri üzə çıxarsa, təxirə salınmadan mütəxəssisə müraciət edin.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az