Diz oynağının artrozu (qonartroz)
 hekimtap.az

Diz oynağının artrozu (qonartroz)

24258
Автор: Fərhad Verdiyev

Опубликовано: 05.10.2017
Фархад Вердиев

Qonartroz nədir?

Artroz və ya osteoartrit oynaq səthlərini təşkil edən qığırdaq toxumasının quruluşunun dəyişməsi və yeyilməsi zamanı yaranan xəstəlikdir. Qığırdağın öncə yumuşalmasıyla başlayan, daha sonra tam ortadan qalxmasıyla nəticələnən, fərqli mərhələlərdən ibarət olan bir xəstəlikdir. Diz oynağının artrozuna qonartroz deyilir. El arasında bu xəstəlik diz oynağının duzlaşması kimi başa düşülür, lakin burada hər hansısa duzun yığılması deyil, oynağı təşkil edən qığırdağın yeyilib öz quruluş və funksiyasının sıradan çıxmasıdır. Zamanla oynaq uclarının deformasiyası, hərəkətlərin ağrılı olması və məhdudlaşması əmələ gəlir.

Qonartrozun növləri varmı? 

Artrozu birincili və ikincili olmaqla iki yerə ayırmaq olar.

Birincili artrozun yaranma səbəbi məlum deyil. Lakin artıq bədən çəkisinin olması , həyat tərzi,  genetik faktorlar,  yaş səbəb kimi göstərilir. Yaşlı insanlarda daha çox müşahidə olunur.

İkincili artrozda isə artrozun səbəbi travma zamanı oynaqdan keçən sınıqlar, keçirilmiş infeksion xəstəliklər (diz oynağı vərəmi, irinli artriti), diz oynağının təşkil olunmasında iştirak edən menisklərdə və xaça bənzər bağlarda yaranan yırtıqlar , birləşdirici toxumanın sistem xəstəlikləri (revmatoid artit və s.), anadan gəlmə inkişaf qüsurları göstərmək olar. Gənclərdə ikincili artroz yaşlılarla müqayisədə daha çox rast gəlinir.

Qonartrozun əlamətləri nədir?

Qonartrozlu xəstələri əsas narahat edən əlamət ağrıdır. Bu ağrılar ilkin əlamətdir və hərəkət edən zaman artır, istirahət vaxtı isə azalır. Xəstə dizini büküb açarkən krepitasiya (“xırtıltı” səsi), şişkinlik müşahidə olunur. Xəstəlik inkişaf etdikcə artıq istirahət vaxtı da ağrılar kəskinləşir, oynaqda hərəkət məhdudluğu, ətraflarda əyrilik, əzələlərdə atrofiya (əzələ zəifliyi fonunda əzlələ kütləsinin azalması ) yaranır və xəstənin sərbəst hərəkət etməsi çətinləşir və xəstə köməkçi vasitələrdən (əl və qoltuq ağacı,  walker) istifadə etmək məcburiyyətində qalır.

Qonartroz diaqnozu necə təyin edilir?

Qonartrozun diaqnozunu təyin etmək elə də çətin deyildir. Sadəcə olaraq rentgenoloji müayinə ilə diaqnozu təsdiq etmək mümkündür. Bəzi hallarda KT, MRT, qanda müəyyən testlərin aparılmasına ehtiyac yaranır.

Qonartrozun yaranmasında risk faktorları hansılardır?

Artroz üçün ən əsas  risk faktoru yaşdır. 65 yaşından yuxarı diz oynağının rentgen müayinəsi aparılmış insanların 30-35% faizində artrozun əlamətləri müşahidə edilir. Bədən çəkisinin artıq olması artroz riskini kişilərdə 2, qadınlarda 3 dəfə artırır. Artrozun inkişaf etməsi qadınlarda kişilərlə müqayisədə iki dəfə daha çoxdur. Peşakar qaçış, ağırlıq qaldırma, tenis, futbol kimi idmanla məşğul olan insanlarda artroz yaranma riski çoxdur. Oynaqdan keçən sınıqlar, menisk və diz oynağını təşkil edən bağ aparatında yaranan yırtıqlar, hemofiliyalı xəstələrdə oynaq daxili qansızmalar, podaqra xəstəliyi zamanı oynağa sidik turşusu toplanması, infeksion və iltihabi amillər artrozun yaranma ehtimalını yüksəldir.

Qonartrozun qarşısını almaq mümkündürmü?

Bu günkü gündə artozun geriyə inkişaf etməsi, yəni oynaq səthlərinin əvvəlki vəziyyətinə gətirilməsi mümkün deyildir. Ancaq artıq bədən çəkisindən azad olmaq, üzmə, piyada yol getmə, velosiped sürmə, əzələləri gücləndirmə qonartrozun yaranma riskini azaldır. Oynaqdan keçən sınıqlar, menisk, bağ yaralanmaları zamanı düzgün müalicə taktikasının seçilməsi, qonartrozun yaranma ehtimalını azaldır.

Qonartrozun müalicəsi 

Qonartroz müalicəsində yaş, yanaşı gedən xəstəliklər, xəstəliyin ağırlıq dərəcəsi əsas götürülərək konservativ (əməliyyatsız) və ya cərrahi yol seçilir. İlkin olaraq konservativ müalicəyə başlanılır.

Əməliyyatsız:
Dərmanlar

- Qeyri-steroid iltihab əleyhinə preparatlar:
Artrozlarda mexaniki faktorlarla bərabər iltihabi amil olduğu üçün qonartrozun erkən mərhələsində ağrıkəsici və qeyri-steroid iltihab əleyhinə preparatların təyini simptomları aradan götürə bilir.

Xondroprotektorlar:
Hal-hazırda qonartrozun müalicəsində ən çox istifadə edilən və ağız yoluyla qəbul edilən maddələr qlükozamin və xondroitin sulfatdır. Bu iki maddə, normal oynaq qığırdağının yaşamasını davam etdirməsi üçün lazım olan komponentlərdir. Qığırdaq hüceyrələrinin çoxalmasına və onların sıradan çıxmasına yol açan fermentlərə mənfi təsiri vardır. Bu preparatların müalicəvi təsiri bir neçə aydan sonra özünü göstərir. Ancaq bu maddələrin tətbiqi müqayisəlidir və xəstəliyin gedişatının dəyişdirdiyinə dair elmi bir sübut olmasa da,  bəzi xəstələrdə yaxşı nəticələr alına bilər.

Diz oynağının artrozu (qonartroz) - Hekim Tap

Oynaq daxili inyeksiyalar

Oynaq daxili hiyaliron turşusu inyeksiyasının istifadə edilməsi xəstələrdə 6 -12 ay müddətində ağrıların aradan qaldırılmasına zəmin yaradır. Bu  manipulyasiyanın allergik reaksiyadan başqa elə bir əlavə mənfi təsiri yoxdur. Hiyaliron turşusu, oynaq qığırdağında təbii olan bir maddədir. Diz oynağının sürüşkənliyini təmin edir və qığırdaq hüceyrələrinə qoruyucu təsiri göstərir. Oynaq daxilinə inyeksiya edilən hiyaliron turşusunun əsas təsiri ağrıkəsici effekti deyil. Əsas təsir oynaqda azalan hiyaliron turşusunun miqdarını artırmaq və oynaq sürüşkənliyini təmin etmək, qığırdağın davamlılığını artırmaqdır. Hiyaliron turşusu inyeksiyasına müxtəlif adlarla rast gəlinir. Bunların bəziləri, 6 ay ərzində həftədə bir inyeksiya üç dəfə, bəziləri 6 ayda bir dəfə, bəziləri isə ildə bir dəfə inyeksiya şəklində tətbiq edilir.
Oynaq daxili steroid preparatların vurulması simptomları dərhal aradan götürə bilir, lakin bəzi hallarda prosesi surətləndirə bilər. Kortikosteroidlər, ağrıkəsici və iltihab əleyhinə təsiri ilə uzun müddətli müalicədə istifadə edilir, ancaq təsir müddəti qısadır və təkrarlanan dozalarda istifadəsi, xüsusilə nisbətən erkən qonartroz hallarında məsləhət görülmür. Daha çox ağır formada olub lakin əməliyyat olmaq istəməyən xəstələrdə tətbiq edilir. Effektli bir ağrıkəsici olmalarına baxmayaraq ədəbiyyatda oynaq qığırdağında geriyə dönməyən zədələnməyə gətirib çıxardığı haqda  məlumatlar mövcuddur. Düzgün formada icra olunduqda bir narahatçılıq yaratmır. İnyeksiyadan əvvəl yerli ağrısızlaşdırmaya ehtiyac yoxdur. Bu inyeksiyalar ciddi steril şəraitdə aparılmalıdır, əks halda oynağın infeksiyalaşması mümkündür.

Fizioterapiya

Əlavə olaraq fizioterapiya, müalicəvi idman, bədən çəkisinin azaldılmasına yönəlmiş tədbirlər aparılmalıdır. Əslində hər insanın və xüsusi ilə qonartrozu olan xəstənin müalicəvi idmana ehtiyacı vardır. Budun ön və arxa qrup əzələlərini gücləndirərək siz diz oynağına düşən yükü və gərginliyi azaldırsınız. Bu da qonartrozlu  xəstənin ən azından ayaqda durmasına köməklik göstərir və artrozun inkişafının azaldır.

Cərrahi  müalicə

Yuxarıda göstərilən tədbirlərə baxmayaraq, xüsusi ilə ağır formalı qonartrozu konservativ yolla müalicə etmək çox çətindir və konservativ müalicə effekt vermədiyi hallarda cərrahi müalicə yolu seçilir.

Sümük yönləndirmə əməliyyatları

Bu əməliyyat xəstəliyin orta ağırlıq mərhələsində, yük düşən oynaqlarda aparılır. Məqsəd oynağın sıradan çıxmış bölgəsinə düşən yükü aradan qaldıraraq, yükü sağlam tərəfə yönəltməkdir. Bunun üçün sümük kəsilərək düzəldilir, uyğun bucağa gətirilir və metal lövhə və ya xarici fiksatorla fiksasiya edilir. Bu əsasən protez qoyulması məqsədə uyğun olmayan gənc xəstələrdə icra olunan əməliyyatdır. Bu əməliyyatdan sonra xəstələr 5-7 il ağrıdan azad ola bilir.

Oynağın bağlanması (artrodez)

Bu əməliyyat zamanı oynağı təşkil edən qığırdaq səthləri kəsilərək götürülür və sümüklər bir-biri ilə, uc-uca gətirilərək müxtəlif metodlarla fiksasiya olunur. Bu əməliyyatdan sonra xəstələrin ağrıları aradan qalxır lakin bağlanmış oynaqda hərəkət olmur. Daha çox gənc, ağır fiziki işdə çalışan kişilərdə məsləhət görülür.

Diz oynağının protezləşdirilməsi (artroplastikası)

Cərrahi yolla müalicə çox hallarda diz oynağının protezləşdirilməsi (artroplastikası, süni oynaqla əvəz edilməsi) əməliyyatıdır . Yeyilib, sıradan çıxmış oynaqlarda oynaq uclarının kəsilib çıxardılaraq metal-plastik implantlarla- süni oynaqla dəyişdirilir. Protez əməliyyatından sonra ağrılar 2-3 ay müddətinə aradan qalxır. Bu əməliyyat əsasən 60 yaşdan yuxarıda olan xəstələrdə tətbiq edilir, bəzi hallarda gənc  şəxslərə də tətbiq oluna bilər. Protezin ömrü 10-20 il göstərilir. Protez sıradan çıxdığında və ya protezdə əmələ gələn yeyilmə, laxlama, protezin qırılması, yerdəyişdirməsi kimi hallarda ikinci bir əməliyyat (reviziya) ilə çıxardılıb yenidən diz oynağı protezi əvəz edilə bilər, ancaq ikinci əməliyyat daha çətindir,  daha böyük protezlərin istifadəsi lazımdır və ikinci protezin ömrü, birinci qədər deyildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.