Anadangəlmə hipotireoz
Anadangəlmə hipotireoz yenidoğulmuşlarda ən çox rast gəlinən endokrin problemdir. Qeyd edim ki, hipotireoz qalxanvari vəzin (hamının bildiyi «zob»u yaradan orqan) fəaliyyətinin normadan aşağı olmasıdır və insanlar arasında əsasən böyüklərin endokrin patologiyası kimi tanınır.
Buna görə də çox vaxt valideyn uşaqda xəstəliyin bəzi əlamətlərini gördükdə bunu yenidoğulmuşlarda tez-tez rast gəlinən digər nevroloji, dəri və mədə-bağırsaq problemləri ilə əlaqələndirir. Nəticədə isə anadangəlmə hipotireoz diaqnozunun qoyulması gecikir.
Xəstəlik hər canlı doğulmuş 3500-4000 uşaqdan birində rast gəlinir. Bu isə böyük rəqəm sayılır. Bəzi ölkələrdə xəstəliyi erkən aşkar etmək üçün yenidoğulmuşlarda topuq testi (ilk 7 gün ərzində dabandan qanın alınması) aparılır. Təəssüf ki, bizim ölkədə bu test hələ ki dövlət səviyyəsində aparılmır, yaxın gələcəkdə aparılacaq.
Anadangəlmə hipotireozun əsas səbəbi ana bətnində olarkən dölün qalxanvari vəzin özünün və ya hormonunun formalaşmasında əmələ gələn problemlərdir.
Hamiləliyin ilk 12 həftəsində döl tamamilə ananın qalxanvari vəzisindən asılıdır, daha sonralar isə öz hormonları ifraz olunmağa başlayır. Bu isə birbaşa hamiləlik planlayan qadında və hamiləlik boyu hər trimestrə uyğun olaraq qalxanvari vəz hormonlarının səviyyəsinin normal olmasını tələb edir.
Xəstəlik zamanı vəzin yetərli inkişaf etməməsi, ektopiyası (vəzin yerinin dəyişməsi), yaxud dishormonogenez nəticəsində vəzin böyüməsi (ur, zob), və ya yod çatışmazlığı, ya da tiroid hormon dirəncinə təsadüf edilir.
Xəstəliyin əsas əlamətləri bunlardır: fizioloji sarılığın uzun çəkməsi, qəbizlik, aşırı yuxuya meyillilik, zəif əmmə və ya əmməmə, iştahsızlıq, dəridə quruluq.
Bundan başqa belə uşaqlarda göbək yırtığı, iri dil, arxa əmgəyin 1sm-dən böyük, burun yəhərinin çökək, səsin kobud, saçların kobud və kövrək olması da tez-tez rast gəlinən əlamətlərdəndir.
Daha sonra isə uşağın vaxtında oturmaması, danışa bilməməsi (bəzən, zəif eşitməsi), boyunun və cinsi inkişafının geri qalması və s. kimi müxtəlif əlamətlər meydana çıxır.
Xəstəlik vaxtında aşkarlanıb müalicəsinə başlanmadıqda uşağın gələcəyi üçün ən çox problem yaradan əqli inkişafın geri qalması olur. Belə ki, artıq 6 aylıq olarkən başlanan müəlicə İQ dəyərinin (zəka göstəricisi) 80-dən aşağı olmasına səbəb olur.
Normalda isə bu göstəricinin orta göstəricisi 90-110, yüksək göstəricisi isə 120 və yuxarıdır. Beləliklə, müalicəyə nə qədər tez başlanarsa uşağın o qədər cəmiyyət üçün normal psixiki və fiziki sağlam şəxs kimi yetişəcəyinə şans artır.
Müalicə diaqnoz uşaq endokrinoloqu tərəfindən təstiqləndikdə dərhal başlanır. Çatışmayan hormon müalicə ilə əvəz olunur.
Bəzi hallarda 3 yaşında müalicə həkim nəzarəti altında 1 aylıq müddətə kəsilir, əgər vəz funksiyasını normal davam etdirərsə müalicə dayandırılır. Bu keçici anadangəlmə hipotireozun olduğunu göstərir. Əks halda isə müalicə ömür boyu davam etdirilir. İdealda müalicəyə başlama zamanı ilk 2 həftədir.
Mövzu ilə bağlı video:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.