Язык:
Русский
Təbii doğuş, yoxsa keysəriyyə
17 августа 2018 11505Keysəriyyə əməliyyatı dünya ginekologiyasında geniş yayılmış üsuldur. Bu metod ölkəmizdə də kifayət qədər populyardır. Lakin bəzən sağlam qadınların sözügedən doğuş metodunu seçməsi hallarına da az rast gəlinmir. Beləliklə, Keysəriyyə, yoxsa təbii doğuş? Bu haqda “Aysmed” klinikasının təcrübəli mama-ginekoloqu Tatyana Çerenkova danışıb:
– Qadınlarımızın reproduktiv sağlamlığı məni qane etmir, niyə? Əvvəla sonsuzluq artdığı üçün. Bu gün cütlüklərin 16-17% sonsuzdur. Sonsuzluğun yaradan səbəblər içində ilk yerləri abortlar və ginekoloji müdaxilələr tutur. Xüsusən də, keysəriyyə metodu, ginekoloji əməliyyat və “qaşımalar”.
– Bu üsulun təbliğatı hələ 70-ci illərdə başlanmışdı və deyilirdi ki, SSRİ xarici dövlətlərdən bu sahədə çox geri qalır. “Axı bu metod sovetlər ölkəsində niyə də populyarlaşmasın?” deyib, ovaxtkı səhiyyə çinovnikləri keysəriyyənin geniş yayılmasına icazə verdilər, özü də heç bir tibbi göstəriş olmadan. Necə deyərlər, qadın doğuş aktının ağrısız keçməsini istəyirsə, buyursun keysəriyyə əməliyyatına. İndi vəziyyət o yerə çatıb ki, az qala hər dörd doğuşdan biri bu metodla həyata keçirilir.
– Bəzi təcrübəsiz həkimlər özlərini ağır doğuşlardan sığortalamaq üçün keysəriyyə əməliyyatına üstünlük verirlər. Burada söhbət həm də kommersiya faktorundan gedir.
– Bəzi misallar gətirəcəyəm. Ağır epilepsiyası olan qadına doğuş qəti əksgöstərişdir, lakin bir qadın həkimlərin sözü ilə razılaşmamış və dünyaya sağlam uşaq gətirmişdi. Elə olub ki, tək böyrəkli qadın təbii yolla uşaq dünyaya gətirib. Səhv etmirəmsə, Rusiya şəhərlərinin birində 43 yaşlı, insult keçirmiş, hipertoniyası olan, qanda antitellər yaranmış “mənfi rezus”lu qadın sağlam qız övladının anası olub. Lakin bu, o demək deyil ki, patologiyası olan hər qadın təbii yolla doğuş edə bilər. Tövsiyə edirəm ki, ağır fəsadların qarşısını almaq üçün xanımlarımız həkim məsləhəti ilə razılaşsınlar.
– Keysəriyyə əməliyyatından sonra müxtəlif ağırlaşmalara rast gəlinir. Bəzən qadınlar tikişlərin sökülməsindən ehtiyatlanıb ikinci doğuşdan çəkinirlər. Ağırlaşmalardan danışarkən bitişmə proseslərinin pozulmasını və bunun nəticəsi olaraq sidik kisəsi disfunksiyasını, sonsuzluq və ya uşaqlıqdankənar hamiləliyi misal gətirmək olar. Yeri gəlmişkən, endometriozu da qeyd etmək istərdim, belə ki, bu patologiyadan əziyyət çəkən qadınların sayı artıb.
– Əlbəttə uşaqlar təbii yolla doğulsalar yaxşı olar. Bu təbiətin qanunu olub, həm qadın orqanizmi, həm də uşaq üçün faydalıdır. Lakin bəzi patologiyalar zamanı çıxış yolu yalnız keysəriyyə əməliyyatıdır. İstənilən halda, doğuşun hansı metodla həyata keçirilməsi barədə son qərarı həkim verməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1