Руслан  Юнусов hekimtap.az

Руслан Юнусов,Эксперт

Нейрохирург

Эксперт

10 лет опыта работы

Баку
Meningiomalar
 hekimtap.az

Meningiomalar

Автор: Uzman neyrocərrah Ruslan Yunusov
9274

Опубликовано: 08.05.2018
Руслан Юнусов

Meningioma nədir?

Meningiomalar – ən çox rast gəlinən xoş xassəli baş beyin şişləri olub, beynin üzərini örtən qoruyucu təbəqə olan  ̏ meninks ̏ – beyin örtüyündən əmələ gəlir. Meningiomalar əksəriyyətlə xoş xassəli, düzgün konturlu, yavaş böyüyən və əməliyyatla tamamən müalicə edilə bilən baş beyin şişləridir. Xoş xassəli olsalar da, bəzən yerləşdikləri yerdən asılı olaraq ciddi fəsadlara, həmçinin həyatı təhlükəyə də səbəb ola bilərlər.

Meningiomaların rastgəlmə tezliyi

Birincili (beyin və beyin ətrafı toxumalardan qaynaqlanan) beyin şişlərinin 34%-ni meningiomalar təşkil edir. Hər 100.000 nəfərdən 4-5-ində meningioma görülür. Qadınlarda görülmə sıxlığı kişilərdən 2 dəfə çoxdur. Yaş artdıqca görülmə sıxlığı artan meningiomalar, daha çox 30-70 yaşlar arasında rast gəlinir. Meningiomaların təxminən 2-3%-i bəd xassəli olur.

Meningiomaların növləri

Ümumdünya səhiyyə təşkilatının (ÜST) məlumatlarına əsasən, 15 növü olan meningiomalar təbiətinə görə  3 qrupa ayrılır:

 – ÜST dərəcə 1 (WHO grade 1) meningiomalar: ən sıx görülən qrupdur. Xoş xassəlidirlər və yavaş böyüyür.
 – ÜST dərəcə 2 (WHO grade 2) meningiomalar:  bütün meningiomaların 8-10%-ni təşkil edirlər. 1-ci dərəcəli meningiomalara nisbətən daha sürətli böyüyürlər və təkrarlanma riskləri daha çoxdur.\
 – ÜST dərəcə 3 (WHO grade 3) meningiomalar: Digər meningiomalara nisbətən daha sürətli böyüyərək, beynin başqa yerlərinə və başqa orqanlara yayıla bilirlər.

Meningiomaların dərəcələndirilməsi əməliyyat zamanı alınan toxumaların histopatoloji dəyərləndirilməsi ilə aparılır. Əksər şişlər 1-ci dərəcəli olduğuna görə əməliyyatdan sonra hər hansı bir əlavə müalicə üsuluna ehtiyac qalmır. Bəzi 2-ci dərəcəli və bütün 3-cü dərəcəli şişlərdə əgər əməliyyatla tam çıxarılmayıbsa, şişin geri qalan qisminə şüa terapiyası tədbiq olunur.

Meningiomaların əmələ gəlməsi səbəbləri

Meningiomaların gəlmə səbəblərinə radiasiyaya məruz qalma və müxtəlif növ genetik xəstəliklərin olması göstərilmişdir. Belə ki, hər hansı səbəbə görə, üz-çənə və baş-boyun nahiyyəsinə radioterapiya alan xəstələrdə menengiomaların əmələ gəlmə sıxlığı artmışdır. Bundan başqa Neyrofibromatoz xəstəliyi kimi bəzi genetik xəstəliklərdə menengiomalar daha sıx rast gəlinir.

Meningiomaların əlamət və simptomları

Meningiomalar yavaş böyüyən şişlər olduqlarına görə nisbətən gec və yüngül əlamətlər verirlər. Adətən simptomlar əmələ gəldikdə şişlər kifayət qədər böyümüş olurlar. Meningiomalar həm ümumi beyin əlamətləri, həm də yerləşdikləri yerə xas olaraq xüsusi əlamətlər verirlər.

Ümumi beyin əlamətlərinə misal kimi aşağıdakıları göstərmək olar:
 – Baş ağrısı;
 – Bulantı-qusma;
 – Yuxululuq;
 – Şüur bulanıqlığı;
 – Qıcolma tutmaları və s.

Yerləşdikləri yerə xas əlamətlərə misal olaraq:
 – Davranış və xarakter dəyişikliyi;
 – Əldə və ayaqda keyimə;
 – Əldə və ayaqda parez və iflic;
 – Nitq və danışığın pozulması;
 –  – Müvazinətin və yerişin pozulması;
 – Eşitmə və görmə pozuntusu;
 – Qoxu ala bilməmək və s.

müningioma nədir, diaqnostika və müalicəsi

Meningiomaların diaqnostikası

Digər baş beyin şişlərində olduğu kimi meningiomaların diaqnostikasında da ən çox istifadə olunan müayinə üsulları kompüter tomoqrafiya (KT) və maqnit-rezonans tomoqrafiyadır (MRT).  Kontrastlı baş beyin MRT-si  meningiomaların yeri, ölçüsü, sinir və damarlara olan münasibəti haqqında məlumat verdiyi üçün ən önəmli müayinə üsuludur.

Meningiomaların müalicə prinsipləri

Müşahidə – Kiçik ölçülü və əlamət verməyən şişləri olan xəstələr, minimal əlaməti olan yaşlı xəstələr, əməliyyatı yüksək riskli olan və əməliyyat olmaq istəməyən xəstələr neyrocərrah tərəfindən yaxın nəzarətə alınırlar. Bu qrup xəstələr 3-6 aylıq fasilələrlə kontrol müayinəyə çağırılırlar. Əgər kontrol müayinələrdə şişin ölçüsü artarsa və ya əlamətlər ağırlaşarsa, o zaman cərrahi müalicə  tədbiq edilir.

Cərrahi müalicə – Meningiomalar əksər hallarda əməliyyatla tam çıxarıla bilən şişlərdəndir və əməliyyat bu şişlərin ən effektli müalicə üsuludur. Əməliyyatlar adətən açıq üsulla, yəni kraniotomiya ilə (kəllə qapağı açılaraq) icra edilsə də, bəzi kəllə əsası meningiomaları endoskopik yolla (burundan girilərək) əməliyyat edilə bilər.

Radioterapiya – Əgər əməliyyat zamanı hər hansı bir səbəbdən (şişlər damar və sinirlərə yapışmış olduqlarından) geridə şiş toxuması qalırsa, o zaman şişin təbiətindən asılı olaraq, belə xəstələr ya müşahidəyə alınır (xoş xassəli şiş), ya da  radioterapiya (bəd xassəli, ÜST 3-cü dərəcə şiş) tədbiq edilə bilər.  Bundan başqa, cərrahi əməliyyat mümkün olmayan hallarda da xəstələr radioterapiya ilə müalicə alır.

Meningiomaların müalicəsində kimyəvi terapiya çox nadir istifadə edilir.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   


Руслан Юнусов,Эксперт

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса