Гюнай Новрузова hekimtap.az

Гюнай Новрузова

Кардиолог

11 лет опыта работы

Баку
MİTRAL QAPAQ PROLAPSI
 hekimtap.az

MİTRAL QAPAQ PROLAPSI

Автор: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97
7817

Опубликовано: 30.04.2020
Гюнай Новрузова

Mitral qapaq prolapsı nədir

Mitral qapaq – sol qulaqcıqla sol mədəcik arasında yerləşir, iki (ön və arxa) taydan ibarətdir, taylara sol mədəciyin məməyəbənzər əzələlərinin vətər xordaları birləşir.  Mitral qapaq prolapsı – ürəyin yığılması zamanı qapaq taylarının sol qulaqcığa doğru əyilməsidir. Bu, ən çox rast gəlinən qapaq anomaliyasıdır. Bütün yaş qruplarını əhatə etməklə əhalinin 5-8%-də müşahidə olunur. Cavan yaşlarda əsasən qadınlarda, 50 yaşdan yuxarı kişilərdə və qadınlarda eyni nisbətdə rast gəlinir. 


Əmələ gəlmə səbəbləri və növləri

Əsas səbəblər qapaq taylarının özünün, məməyəbənzər əzələlərin və xordaların anatomik dəyişiklikləri, sol mədəciyin yığılma funksiyasının pozulmasıdır. Mitral qapaq prolapsı ilə bir çox anadangəlmə və qazanılmış ürək patologiyaları əlaqəlidir: qulaqcıqlararası çəpərin defekti, hipertrofik kardiomiopatiya, ürəyin işemik xəstəliyi, revmatik endomiokardit, miokarditlər, Marfan sindromu və s.

Prolaps birincili və ikincili ola bilər. Birincili prolaps anadangəlmə sindrom hesab olunur və qapaq və əzələ-xorda strukturunda dəyişikliklə izah olunur. İkincili prolaps hər hansı bir xəstəliyin ağırlaşması kimi meydana çıxır. Əsas iltihabi səbəblərdən biri revmatizmdir. Endokardın revmatik zədələnməsi zamanı mitral qapaq prolapsı 20-80% hallarda qeyd oluna bilər. İkinci əsas səbəb ürəyin işemik xəstəliyidir, bu zaman 16-32% hallarda prolaps yarana bilər.

      
Prolapsın ağırlaşması

Mitral qapaq taylarının sol qulaqcığa doğru nə qədər əyilməsindən asılı olaraq prolapsın 3 dərəcəsi ayırd edilir:  I – yüngül dərəcə (3-6mm); II – orta dərəcə (6-9mm); III – ağır dərəcə (>9mm).

Prolapsın əsas ağırlaşması mitral çatmamazlığın (sistola zamanı qanın bir hissəsinin sol qulaqcığa geri qayıtması) əmələ gəlməsidir. Prolapsı olan pasiyentlərin 42-100%-də rast gəlinir. Mitral çatmamazlığın 4 dərəcəsi ayırd olunur. II dərəcədən başlayaraq aydın klinik şikayətlər meydana çıxır. Prolaps və mitral çatmamazlıq nəticəsində ürək çatmamazlığı, infeksion endokardit, qulaqcıqların səyriməsi və tromboembolik ağırlaşmalar inkişaf edə bilər.

      
Klinik əlamətlər

Əksər hallarda prolaps simptomsuz keçir. Bəzi pasiyentlərdə qeyri-spesifik əlamətlər görülə bilər: döş qəfəsində zəif ağrılar, təngnəfəslik, ürəkdöyünmə hissi, başhərlənmə, həyəcan. Bəzən emosional gərginlik ürəkdöyünməni artıra bilər, bu, əsasən, xoşxassəli aritmiyaların əlamətidir (qulaqcıq ekstrasistolaları, tutmaşəkilli qulaqcıq taxikardiyası və s.). 

Endokardit əmələ gəlmişdirsə, xəstədə temperaturun yüksəlməsi, bədən çəkisinin azalması, tromboemboliyalar, hətta insult qeyd oluna bilər. Ağır dərəcəli prolaps zamanı 1%-dən az hallarda vətər xordalarının yırtılması nəticəsində qəfləti ölüm baş verə bilər. Mədəcik aritmiyaları səbəbindən ölüm halları nadir olur.


Prolapsın diaqnostikası

Mitral qapaq prolapsının diaqnostikasında “qızıl standart“ metod exokardioqrafiyadır. Müayinə zamanı prolapsın dərəcəsi, yaratdığı ağırlaşmalar, ürəyin ölçüləri və funksiya pozğunluqları dəqiq görülür və ölçülür. 


Prolapsın müalicəsi

Yüngül dərəcəli prolaps müalicə tələb etmir, lakin dinamik müşahidə aparılması, vaxtaşırı exokardioqrafiya olunması lazımdır. Ağır hallarda prolapsın və qapaq çatmamazlığının törətdiyi ağırlaşmaların simptomatik müalicəsi aparılır. Mitral çatmamazlığın ağır dərəcələrində və xordaların yırtılması zamanı rekonstruktiv (bərpaedici) cərrahi əməliyyat olunması göstərişdir.


Prolapsın proqnozu

Bir qayda olaraq, proqnoz qənaətbəxşdir. Patologiyanın erkən aşkar olunması proqnoza təsir edir. Bəzi hallarda ağırlaşmaların qarşısını almaq üçün dərman müalicəsi təyin edilməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Гюнай Новрузова

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса