DÖŞ QƏFƏSİNDƏ AĞRI
Döş qəfəsində ağrı sindromu klinik praktikada xəstələr arasında ən çox rast gəlinən şikayətlərdəndir. Bu sindromun (xüsusən ürək nahiyəsində ağrının) differensial (müqayisəli) diaqnostikası müəyyən çətinliklərlə bağlıdır, lakin xəstələrə vaxtında və düzgün ilk yardım göstərilməsində, həmçinin lazımi müayinə və müalicə taktikasının seçilməsində mühüm əhəmiyyət daşıyır.
Epidemiologiya
Ambulator müraciət edən xəstələrin əksəriyyətində döş qəfəsində ağrı əsas şikayət olaraq bildirilir. Bu sindromun səbəbi əksər hallarda kardioloji patologiya ilə əlaqəli deyil. Lakin bu ağrının ciddi ürək-damar xəstəliyinin göstəricisi olma ehtimalı nəzərdə tutularaq ilk növbədə diaqnostik və proqnostik sualları aydınlaşdırmaq vacibdir.
Təxirəsalınmaz yardım şöbələrinə döş qəfəsində ağrı ilə müraciət etmiş xəstələrin 50%-ində miokard infarktı, qeyri-sabit stenokardiya, ağ ciyər arteriyasının tromboemboliyası və ürək çatışmazlığı kimi kardioloji vəziyyətlərin diaqnozu qoyulur. Lakin ambulator şəraitdə bu şikayətlə müraciət etmiş xəstələrdə əksər hallarda əzələ-sümük patologiyaları, mədə-bağırsaq xəstəlikləri, gərginlik stenokardiyası, panik pozulmalar və ya digər psixiatrik vəziyyətlər, ağ ciyər xəstəlikləri aşkar edilir.
Döş qəfəsində ağrının səbəbləri
Döş qəfəsində ağrı aşağıdakı patologiyalar zamanı meydana çıxa bilər:
Döş qəfəsi daxili səbəblər:
Döş qəfəsi xarici patologiyalar (onurğa sütunu patologiyaları, döş qəfəsi divarı törəmələri, süd vəzisi xəstəlikləri, mədə xorası, xolesistit, pankreatit, panik pozulmalar, depressiya, hiperventilyasiya və s.).
Döş qəfəsində ağrının diaqnostikası
Diaqnozun qoyulmasında ən önəmli ilk addım ətraflı anamnez toplanmasıdır. Bu zaman ağrının necə başlandığı və hansı tempdə inkişaf etdiyinə, lokalizasiyasına, xarakterinə, davametmə müddətinə, hansı nahiyələrə ötürüldüyünə, ağrını ağırlaşdıran və yüngülləşdirən amillərə, tənəffüs aktı ilə əlaqəsinə, digər yanaşı simptomların mövcudluğuna xüsusi diqqət yetirilməlidir.
Xəstənin vəziyyətinin proqnostik cəhətdən qiymətləndirilməsində ağrıların işemik və qeyri-işemik xarakterinin müəyyənləşdirməsinin mühüm əhəmiyyəti vardır.
Residivləşən və ya davamlı ağrı sindromu zamanı provokasiyaedici amillər (məs. bədənin düzgün olmayan vəziyyəti ilə əlaqədar olması və s.) aşkar edilməlidir. Ağrının əmələ gəlməsinin şəraitini aydınlaşdırmaq lazımdır. Bu, travmalar, üzün müddətli antifizioloji vəziyyət, xüsusən xəstənin professional fəaliyyəti ilə əlaqədar meydana çıxan vəziyyətlər (ağırlıq qaldırması, uzun müddət avtomobil idarə etmə və s.), o cümlədən uzun müddətli, adət edilməmiş fiziki gərginlik, ağır yükün daşınması, kəskin hərəkətlər, ümumi və yerli soyuqlama ola bilər.
Ağrının əmələ gəlməsində psixi amillərin (keçirilmiş emosional stresslər, panika, həyəcan, qorxu hissi, apatiya) rolu nəzərə alınmalıdır. Yaş və cins kimi amillərin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir (kürək nahiyəsində ağrıların qadınlarda 9 osteoporoz mənşəli, kişilərdə onkoloji xəstəliklər nəticəsində meydana gəlməsi mümkündür).
Fizikal müayinə çox önəmlidir. Bu zaman pasiyentin emosional vəziyyəti nəzərə alınmalıdır. Vizual müayinə zamanı döş qəfəsi, onurğa sütunu və süd vəziləri nəzərdən keçirilir, herpetik səpgilərin, aşağı ətraflarda venaların varikoz genəlmələrinin olub-olmaması müəyyənləşdirilir. Arterial təzyiq, nəbz, bədən hərarəti ölçülür. Döş qəfəsinin və yuxarı ətrafların palpasiyası ağrılı (trigger) nöqtələrin, qabırğa sınıqlarının, əzələlərdə zəiflik, atrofiya, gərginlik, hissiyyatın pozulması və s. təyin etmək üçün aparılır. Ürəyin və ağciyərlərin auskultasiyası çox vacib müayinə metodudur.
Laborator-instrumental müayinələrin aparılması diaqnostikada həlledici rol oynayır (elektrokardioqrafiya, exokardioqrafiya, döş qəfəsi və həzm sisteminin rentgenoqrafiyası, qastroezofaqoskopiya, kompüter tomoqrafiya, qanın laborator müayinəsi və s.).
Anamnez və fizikal müayinələrin nəticələrinə əsasən döş qəfəsində ağrının həyat üçün təhlükəli səbəbi aşkar olunmadıqda belə, əksər yaşlı şəxslərə ən azı EKQ, ExoKQ və döş qəfəsinin rentgenoqrafiyası müayinələri aparılmalıdır.
Döş qəfəsində ağrının kardioloji əhəmiyyəti
Döş qəfəsində ağrı fiziki hərəkətlə bağlıdırsa, sakitlik vəziyyətində və dil altına nitroqliserin qəbulu ilə azalır və ya kəsilirsə, təngnəfəslik, boğulma və ürəkbulanma ilə müşayiət olunursa, döş sümüyü arxasında şiddətli yanma, göynəmə, sıxıcı, təzyiqedici xarakterlidirsə, sol qola, çiyinə, boyuna, dişlərə, kürəyə ötürülürsə, kürəkarası nahiyədə çox kəskin, “bıçaq batması“ kimi hissiyyat verirsə, dərhal xəstəyə sakit, uzanmış vəziyyət verilməli və təcili tibbi yardıma zəng edib kardioloji briqada çağırılmalıdır. Belə hallarda ən qısa zamanda ilkin tibbi yardımın göstərilməsi və stasionara çatdırılma xəstənin həyatda qalma şansını artırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az