Сабира Сафарова  hekimtap.az

Сабира Сафарова ,PhD

Гепатолог, Гастроэнтеролог

Доктор философии в области медицины

10 лет опыта работы

Баку
C viruslu hepatit
 hekimtap.az

C viruslu hepatit

Автор: Səbirə Səfərova
8162

Опубликовано: 19.01.2018
Сабира Сафарова

Hepatit C virusu, yoluxma yolları, aşkarlanma üsulları, müalicəsi və ən əsası – bəzi yanlış olan mifər haqqında ümumiləşdirilmiş bir məqalədə sizə maraqlı olan əksər sualların cavabını verməyə çalışmışam.

Hazırda hepatit A və B viruslarına qarşı peyvəndlər mövcud olsa da, hepatit C virusuna qarşı peyvənd mövcud deyildir.

Əksər dünya alimlərinin və praktiki həkimlərin təcrübəsinə görə HCV demək olar ki, cinsi yolla ötürülmür, bu daha çox ənənəvi cinsi aktlara aid edilir. Qeyri-ənənəvi aktlar, bir neçə cinsi partnyorun olması, homoseksual münasibətlər, aybaşı tsikli zamanı qorunmayan aktlar virusun yoluxma riskini yüksəldə bilər.

HCV gündəlik təmaslar zamanı (qucaqlaşmaq, öpüşmək, qidanın hazırlanması, eyni stəkan və boşqablardan istifadə, kitablar vasitəsilə və s.) yoluxmur.

İnyeksion narkotik istifadəçiləri arasında HCV-na yoluxma riski çox yüksəkdir, lakin HCV qan vasitəsiylə yoluxduğu üçün hər yoluxmuş şəxsin narkotik istifadəçisi olduğunu düşünmək səhvdir.

Tatu, pirsinq, manikür, pedikür, qeyri-steril alətlərlə dərinin zədələnməsinə səbəb ola biləcək müxtəlif manipulyasiyalar zamanı da HCV-na yoluxmanın baş verməsi ehtimalı yüksəkdir.

Qanla və qan preparatları ilə təmas (90-cı illərə qədər qan və qan preparatları hepatit viruslarına görə yoxlanmadan keçirilmirdi, çünki virus 1989-cu ildə kəşf edilmişdir), yəni 90-cı illərə qədər qan köçürülməsi aparılmış şəxslər bu virusa görə mütləq yoxlanılmalıdır; bəzi tibbi prosedurlar (stomatoloji, ginekoloji və s.), o cümlədən sünnət zamanı sterilizasiya olunmayan (!) alətlərdən istifadə və daha çox şəxsi gigiyena əşyalarının digər şəxslərlə birgə istifadəsi (qayçı, ülğüc, diş fırçası), eləcə də məişətdə eyni iynə və şprislərdən (məsələn, qlükometrdə şəkərin ölçülməsi üçün eyni iynə ucluğundan) istifadə kimi hallar da C virusunun ötürülməsinə səbəb ola bilər.

HCV-na yoluxmuş hamilə qadın körpəsini mütləq yoluxduracaq fikri də tamamən doğru hesab edilmir, çünki, plasentanın (ciftin) soyulması təhlükəsinin olmadığı hallarda HCV cift qanı vasitəsilə dölə ötürülmür. Nadir hallarda yoluxma doğuş zamanı baş verə bilər ki, bu da doğuşdan əvvəl virus yükünün təyini, dar çanaq və s. digər ginekoloji göstərişlər zamanı (ginekoloq tərəfindən təyin edilir!) qeysəriyyə əməliyyatı vasitəsilə aradan qaldırıla bilər.

Qeyd etmək lazımdır ki, ananın həyatı boyunca keçirdiyi infeksion xəstəliklərin bir çoxunun antitelləri kimi, hepatit C virusuna qarşı antitellər də uşağa ötürülə bilir və körpənin qanında bu antitellərin 1-1,5 il ərzində aşkarlanması heç də həmişə körpənin yoluxduğunu əks etdirmir. Məhz bu səbəbdən körpə 1,5 yaşından sonra müayinə edilməli və ya antitellər aşkarlandıqda, virus yükünün təyini də aparılmalıdır. Bu dövr ərzində hepatit B virusu əleyhinə peyvəndləri vaxtlı-vaxtında vurdurmaq lazımdır. Süd vəzisinə düzgün qulluq etməklə, gilə ətrafında çatların yaranmasının qarşısını almaqla virusun südlə yoluxmasının da qarşısını almaq olar.

HCV-infeksiyalı insanlarda qəbul edilən spirtli içkilər fonunda xroniki hepatit əlamətləri və müvafiq olaraq qaraciyər fibrozunun inkişafı sürətlənir, eləcə də aparılan virus əleyhinə müalicənin effektivliyi zəifləyir. Buna görə də əksər həkimlər spirtli içkilərin qəbulu fonunda virus əleyhinə müalicə təyin etmir.

“A viruslu hepatit, B viruslu hepatitə, o isə sonradan C viruslu hepatitə çevrilir” – kimi fikirlər tamamilə yanlışdır. Adları çəkilən hər hepatit virusunun öz xüsusi quruluşu vardır, həmçinin onların yoluxma yolları və törətdiyi xəstəliklər bir-birindən tamamilə fərqlənir. Yalnız onların törətdiyi xəstəlik (hepatit – qaraciyərin iltihabı) səbəbindən bu viruslar eyni qrupda birləşdirilmişdir.

HCV-infeksiyası varsa, mütləq bədən temperaturunun yüksəlməsi, ürəkbulanma, sarılıq, bozumtul nəcis, tündləşmiş sidik, qarın ağrısı, əzələlər və oynaqlarda ağrılar kimi əlamətlər olmalıdır deyə fikir də həmişə özünü doğrultmur, belə ki, C viruslu hepatit əksər hallarda hər hansı xarici əlamətlər olmadan gediş alır.

Virusun aşkarlanması istiqamətində ilkin müayinə edilən antitellər (əks-cisimlər) orqanizmin immun sistemi tərəfindən virusa qarşı sintez olunan maddələrdir. Onlar törədicini deyil, onunla təması əks etdirir; eyni zamanda “yaddaş” xarakteri daşıyır, yəni virus əleyhinə müalicə almış, həmçinin virusun özbaşına xaric olunduğu şəxslərdə belə  müalicədən sonra uzunmüddət və ya ömür boyu qanda aşkarlana bilər. Buna görə də virus əleyhinə müalicə almış və sağalmış şəxslər bilməlidir ki, növbəti illərdə anti-HCV qanda aşkarlanması normal haldır və təlaş səbəbi deyil. Yuxarıda vurğulandığı kimi, kəskin C viruslu hepatitdən sonra 20%-dək hallarda “müalicəsiz sağalma” baş verə bilər və həmin şəxslərdə antitellər aşkarlansa da, qanda virusun özünün bir neçə müayinə zamanı “neqativ” olması (aşkarlanmaması) müalicəyə ehtiyacın olmadığını göstərir.

Əksər viruslar kimi hepatit C virusunun da fərqli növləri vardır ki, onlar da genotiplər və subtiplər adları altında birləşdirilir. Genotip yalnız müalicənin müddətini təyin edir. Əvvəllər düşünüldüyü kimi, virusun 1-ci genotipi deyil, məhz 3-cü genotipinin daha çox və daha tez fibrotik proseslərə və fəsadlara səbəb olması artıq müəyyən edilmişdir.

Hazırki günə qədər hər hansı bitkinin HCV-na qarşı virus əleyhinə təsiri olması müəyyən edilməmişdir. Eyni zamanda son illərin tədqiqatları göstərmişdir ki, qaraciyərin normal funksiyaları fonunda nəzarətsiz qəbul edilən bir çox bitki tərkibli preparatlar, bioloji aktiv əlavələr, o cümlədən tərəvəz şirələri əksinə - özləri toksiki hepatit törədə bilir.

“C viruslu hepatitin müalicəsi yoxdur” fikri də səhvdir, çünki hazırda virusun orqanizmdən xaric edilməsinə nail olmaq üçün sınanmış preparatlar vardır, lakin qeyd edildiyi kimi, müalicədən əvvəl göstərişlərlə yanaşı müalicəyə təsir edə biləcək digər amillər də nəzərə alınmalıdır.

C viruslu hepatiti olan hər bir kəs eyni müalicəni edə bilməz. Virus əleyhinə preparatın və onun dozasının seçimində bir çox əks-göstərişlər; əvvəllər virus leyhinə aparılmış və müvəffəqiyyətlə nəticələnməmiş müalicələr (virusun xaric edilməməsi); həmçinin yaş, yanaşı xəstəliklər, qaraciyərin funksional və struktur vəziyyəti, eləcə də virusun genotipi və s. kimi amillər də nəzərə alınmalıdır, təbii ki, bunlar həkim tərəfindən müəyyən edilə bilər.

Müalicədə istifadə edilən hazırki preparatlar əvvəllər geniş istifadə edilən interferonlar kimi yan təsirlərə malik deyildir. Belə ki, son illərdə “interferonsuz müalicə” sxemləri (və ya virus əleyhinə birbaşa təsirli preparatlar) tətbiq edilməkdədir, bu isə müalicə zamanı yan təsirlərin demək olar ki, “yoxluğu”, daha qısa müalicə müddəti (12-24 həftə)  və müalicələrdən alınan effektivliyin 98-100% qədər yüksəlməsi deməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Сабира Сафарова ,PhD

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса