Qadınlarda sistit
 hekimtap.az

Qadınlarda sistit

8079
Author: Terapevt Pərvanə Fətullayeva

Qadınlarda sistit xəstəliyi nədir? 

Sistit – sidik kisəsinin iltihabi xəstəliyidir. Anatomik - fiziyoloji fərqliliyə görə qadınlarda kişilərə nəzərən çox rastlanır, belə ki, qadınların əksəriyyəti həyatı boyunca ən azı bir vəya iki dəfə sistitdən əziyyət çəkir. Qadınlarda uretra - sidik yolu kanalı qısa 2-3 sm-dir. Kişilərdə isə uretra 15 - 20 sm-dir. Bu fərq mikrobların irəliləməsi üçün qadınlarda şərait, kişilərdə əngəl yaradan amildir. Digər fərq isə kişilərdə prostat vəzidən ifraz olunan sink maddəsi mikroblara qarşı qoruyucu bir faktordur, qadınlarda bu olmadığına görə sistit çox sıx rast gəlinir. 

Qadınlarda sistitin əmələ gəlmə səbəbləri

Qadınlarda sistit əsasən bakteriyal səbəbdən yaranır, belə ki, ən çox hallarda bağırsaq florasına aid E.coli sidiklə sidik kanalına düşərək sistitin yaranmasına zəmin yaradır. Digər bakteriyalar da sistit yarada bilər.

Həmçinin bakterial olmayan iki səbəbdən qadınlarda sistit yarana bilər: 
1. Genital bölgənin gigiyena məqsədilə müxtəlif qatqılı vasitələrlə yuyulması ilə əlaqəli və aşırı xlorlu hovuzlarda çimmək
2. Travmatik səbəb isə çox sıx cinsi əlaqə fonunda yaranır. Bu xüsusilə yeni evlənənlərdə "bal ayı sistiti" olaraq adlandırılır.

Qadınlarda sistit xəstəliyinin əlamətləri

 – Tez - tez, az - az sidiyə getmə və sidik kisəsinin tam boşalmaması hissi;
 – Sidiyə gedərkən yanma - göynəmə və ağrının olması;
 – Qasıq və göbəkaltı nahiyədə ağrının olması;
 – Cinsi əlaqə zamanı ağrının olması;
 – Pis qoxulu və bulanıq şəkildə sidiyin olması;
 – Xəstəliyin kəskin irəliləmiş formasında sidikdə qan, hərarətin yüksəlməsi, ürəkbulanma - qusma, tərləmə əlamətlələrinin olması.

Qadınlarda sistit xəstəliyinin diaqnostikası

Sidiyin ümumi analizi, sidiyin əkilməsi müayinəsi və USM olunur. 

Qadınlarda sistit xəstəliyinin müalicəsi 

Sistitin gediş şəkli (sadə, şiddətli, xroniki, intersisteial) və etiyoloji amil (bakteriyal, qeyri - bakteriyal) müayyənləşdikdən sonra müalicə aparılır. Antibiotiklər həkimin təyinatı əasasında və təlimatı üzrə istifadə olunmalıdır. Antibiotiklərə həassalıq testi ilə törədici bakteriya tanındıqdan sonra müalicə effekti də yüksək olur. Müalicədə antibiotikterapiya tək vasitə deyil, mütləq yaşam tərzində sistitin yaranmasına səbəb olan zərərli faktorlardan uzaq olmağa çalışmaq lazımdır. 

Qadınlarda sistit xəstəliyinin profilaktikası

Qeyd edək ki, şəkərli diabet xəstələri, hamiləlik və menopauza dövrlərində olan qadınlar sistitlə xəstələnmək üçün risk qruplarıdır.

Sistitin yaranmasına əngəl olmaq üçün: 
 – Gigiyenik qaydalara əməl olunmalıdır, genital bölgə təmizliyini “öndən arxaya doğru” edin. Bununla bakteriyaların sidik yollarına daxil olmasına mane olursuz. 
 – Sidiyinizi saxlamayın və bacardığınız qədər tez-tez xaric edin. Bununla bakteriyaları kənar edərsiz. 
 – Bol-bol su içmək sidik ifrazını və bakteriyaların xaric edilməsini artırır. 
 – Təbii materiallardan hazırlanmış alt geyimlərindən istifadə edin və hər gün dəyişin. 
 – Təmiz olmayan hovuz və çimərliklərdə çimməyin.
 – Sidik kisəsini qıcıqlandıran kofe, çay içəçəklərindən və acılı qidalardan uzaq olun.

* Sistit əlamətləri hiss etdikdə özünümüalicə – antibiyotik qəbulundan çəkinin.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.