Doğuş sancısı necə olur, simptomlar nələrdir?
 hekimtap.az

Doğuş sancısı necə olur, simptomlar nələrdir?

2435
Müəllif: Mama ginekoloq Xanım Adıgözəlova

Təxminən 40 həftə davam edən hamiləlik prosesinin son mərhələsi olan doğum hər bir hamilə üçün maraq və həyəcanla gözlənilən bir prosesdir. Bütün hamiləliklərdə fərqli inkişaf edən və fərqli simptomları ehtiva edən doğuş ümumiyyətlə sancılar və ağrılarla başlayan bir prosesdir. Hamiləlik prosesi sona yaxınlaşdıqca tədricən başlayan sancılar doğumun başlaması ilə daha tez-tez və nizamlı olur. Eyni zamanda bu sancmaların müddəti uzanır və ağrılar güclənir. Bununla belə, hamiləliyin üçüncü trimestrində bir çox hamilələrdə yalançı sancılar kimi tanınan Braxton Hills sancılar da olur. Bəs bunları doğuş sancılarından necə ayırd etmək olar?

Mən, həkim mama-ginekoloq Xanım Adıgözəlova bu məqaləmdə məhz bu suala cavab verəcəm.

 

Doğuş sancısı necə olur?

Əsl doğuş sancısında uşaqlıq boynu yumşalır, genişlənir və bu da doğuşun başlamasına səbəb olur. Bu səbəblə doğum sancısı hamiləlik zamanı yaşanan bütün ağrılardan fərqlidir. Kifayət qədər şiddətli və uzun sürən bu ağrılar müntəzəmdir. İki ağrı arasındakı vaxta nəzarət edərək sancıların sıxlığına diqqət yetirmək lazımdır. Həqiqi doğuş sancısının yalançı sancılardan başqa bir fərqi pozaların dəyişdirilməsi və ya masajla keçib getməməsidir.

İlk dəfə doğum edəcək hamilələr adətən əvvəl doğum edənlərə nisbətən daha erkən bir mərhələdə sancılar hiss etməyə başlayırlar. Doğuş sancılarının tam olaraq harada meydana gəlməsi isə çox soruşulan suallardandı. Bu ağrılar adətən əvvəlcə qarın nahiyəsindən başlayır və zamanla arxaya doğru yayılır. Lakin bilmək lazımdır ki, hamiləlik prosesinin fərqli olduğu kimi doğum sancılarının başlama yeri də fərqli olur.

 

Doğuş sancısı necə yaranır?

Qeyd etdiyim kimi, doğuş sancıları doğuşa yaxınlaşmanın ən böyük göstəricisidir və adətən 38-42 həftələr arasında başlayır. Ağrılar doğuşa qədər davam edəcək və körpənin doğum kanalından keçərək dünyaya gəlməsini təmin edəcəkdir. Qeyd edilən bu doğuş sancısı həmçinin amniotik mayenin vaginal axmasına səbəb olur.

Doğuş sancısı ilkin mərhələdə beldə menstruasiya sancıları kimi hiss oluna bilər, lakin zaman keçdikcə bu ağrılar daha şiddətli və uzunmüddətli olur. Onun tezliyi getdikcə artır və hər 3-5 dəqiqədən bir ağrı hiss olunmağa başlayır. Ağrının uzun fasilələrlə və qısa müddət ərzində davam etməsi doğum vaxtının gəldiyini göstərir.

Doğuş sancısının 38-40-cı həftələrdə baş verdiyini qeyd etdim, lakin həmçinin bildirmək istəyirəm ki, bəzən erkən doğum da baş verə bilər. Bu halda da siz doğum sancılarını yaşaya bilərsiniz. Ona görə də hamiləlik müddətində, xüsusilə kəskin sancılarınız varsa, mütləq ginekoloqunuza məlumat verin. Erkən doğumla bağlı daha ətraflı məlumat üçün “Vaxtından Əvvəl Doğum: Səbəbləri və Mümkün Riskləri” adlı yazımı oxuya bilərsiniz.

 

Doğum sancısının simptomları nələrdir?

Yuxarıda qeyd edildiyi kimi, yalançı sancılardan fərqli hiss edilən doğuş sancıları ilə yanaşı, hamilələrdə fərqli simptomlar da olur. Belə ki, bu sancı uşaqlıq boynundakı dəyişiklik, doğum əlamətləri və ya doğuş ağrıları ilə müşayiət olunan simptomlar kimi təyin edilə bilən dəyişikliklərə əsaslanır. Uşaqlıq boynu adlanan serviksdə doğumun yaxınlaşması ilə yumşalma və genişlənmə başlayır. Bu dəyişikliklər daha əvvəl doğum etmiş analarda daha çox nəzərə çarparkən, ilk doğum edəcək qadınlarda uşaqlıq boynunda təxminən 1 sm açıqlıq görünür. Bu açılış doğumun başqa bir mühüm göstəricisidir. Bundan əlavə, vaginal axıntıda dəyişikliklər müşahidə edilə və ya amniotik maye meydana gələ bilər. Uşaqlıq boynunu tıxac kimi bağlayan xüsusi toxuma prenatal daralmalarla aşağı düşdükdə körpənin içində olduğu kisəni dolduran amniotik maye vaginal yoldan axır. Ancaq vaginadan çoxlu miqdarda suyun çıxmasına səbəb ola biləcək bu vəziyyət yaşandıqda doğumun başlama ehtimalı olduğu üçün dərhal ginekoloqunuza məlumat verməlisiniz.

Körpənin və hamilənin sağlamlıq vəziyyəti kimi faktorlara görə doğuş normal həyata keçirilə bilmədikdə qeysəriyyə əməliyyatı tətbiq oluna bilər. Qeysəriyyə ilə doğuş olacağı əvvəlcədən bilinərsə və öncədən gün təyin edilsə belə, ginekoloq tərəfindən hər hansısa sağlamlıq problemi müşahidə olunarsa, əməliyyat həkim tərəfindən uyğun görülən istənilən vaxt həyata keçirilə bilər. Bu səbəblə üçüncü trimestrdə doğumu gözləyən hamilələrin hər ehtimala qarşı doğum çantalarını hazır vəziyyətə gətirmələri faydalıdır.

Həmçinin həm təbii doğuş, həm də qeysəriyyə ilə bağlı daha ətraflı məlumat almaq üçün “Qeysəriyyə, ya Təbii Doğum? | Hansı Daha Risklidir?” adlı yazımı da oxuya bilərsiniz.