XOLESTERİN VƏ TRİQLİSERİDLƏR hekimtap.az

XOLESTERİN VƏ TRİQLİSERİDLƏR

29616
Author: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97

Published: 15.04.2020
Gunay Novruzova

Xolesterin nədir?

Xolesterin – üzvi birləşmədir, təbii yağlı (lipofil) spirtdir, bütün canlı orqanizmlərin hüceyrə membranında mövcuddur; ancaq heyvanlarda vardır, bitkilərdə xolesterin yoxdur.

İnsan orqanizmində xolesterin qaraciyərdə, baş və onurğa beynində, böyrəküstü və cinsiyyət vəzilərində, piy toxumasında, həmçinin, çoxlu miqdarda ana südündə mövcuddur. Bu maddənin bədənimizdə ümumi miqdarı təxminən 350 qramdır, bunun 90%-i toxumalarda, 10%-i qandadır (mürəkkəb birləşmələr şəklində). Beynin bərk maddəsinin 8%-dən çoxunu xolesterin təşkil edir.

Orqanizmdə olan xolesterinin təqribən 2/3 hissəsini orqanizm özü istehsal edir, əsas “fabriklər“ qaraciyər (80%), böyrəküstü vəzilər, yumurtalıqlar, bağırsaq divarlarıdır; qalan 1/3 hissə xolesterin isə orqanizmə heyvani qidalarla daxil olur, bunlar əsasən ət, yumurta, yağ, süd və süd məhsullarıdır. Sağlam insanda normal həyat fəaliyyəti üçün qida ilə əlavə xolesterinin daxil olmasına ehtiyac yoxdur.

Xolesterinin faydaları

Xolesterin olmadan həyati vacib orqan və toxumaların normal fəaliyyəti mümkün deyil. Xolesterin maddələr mübadiləsində, öd turşularının, müxtəlif steroid hormonların (həmçinin, cinsiyyət hormonlarının), vitamin D-nin istehsalında bilavasitə iştirak edir. Bundan başqa, xolesterin beynin normal fəaliyyəti üçün vacibdir; son elmi araşdırmalar göstərir ki, xolesterin insanın intellektual qabiliyyətinə birbaşa təsir edir, belə ki, baş beyində neyronların yeni sinapslar yaratmasında iştirak edir.

“Yaxşı“ və “pis“ xolesterin

Xolesterin sərbəst halda deyil, yağlar və zülallarla birlikdə lipoproteid adlanan birləşmələr şəklində fəaliyyət göstərir. 

LDL (“pis” xolesterol) – aşağı sıxlıqlı lipoproteiddir, damar divarında plakların əmələ gəlməsində iştirak edir. Buna baxmayaraq, LDL də normal hüdudlarda orqanizm üçün vacibdir, belə ki, immun sistemin işində, o cümlədən, xərçəng hüceyrələrinə qarşı müdafiədə, qana daxil olan bakteriya və toksinlərin neytrallaşdırılmasında aparıcı rol oynayır.  

HDL (“yaxşı” xolesterol) – yüksək sıxlıqlı lipoproteiddir, artıq xolesterolun damar divarından və periferik orqanlardan qaraciyərə geri nəqliyyatını təmin edir, burada xolesterolun utilizasiyası və ödə çevrilməsi baş verir. Həmçinin, sübut olunmuşdur ki, HDL Alsheymer xəstəliyinin inkişaf riskini 30-40% azaldır. 

Beləliklə, rasionda yağların artıqlığı ilə yanaşı, çatışmazlığı da orqanizmə ziyandır. Plazmada HDL-in azalması və LDL-in artması ateroskleroz riskini artırır.

Yüksək xolesterinin zərərləri

Xolesterinin qanda səviyyəsi tədricən yüksəlir və öz-özlüyündə uzun müddət heç bir klinik symptom və görünən əlamətlər yaratmır, ona görə də insanlar əksər hallarda bundan xəbərsiz olurlar. Xolesterolun artıq miqdarı arteriya divarlarına çökərək aterosklerotik piləyin yaranmasına səbəb olur, ateroskleroz inkişaf edir. Böyük ölçülü piləklər və ya əmələ gəlmiş tromblar atreriya mənfəzini qismən və ya tamamilə daraldır və qan axınının zəifləməsinə, hətta kəsilməsinə səbəb olur. Bu vəziyyət ürək damarlarında baş verərsə, stenokardiya, miokard infarktı, beyin damarlarında baş verərsə, beyin insultu ilə nəticələnir. 

Aterosklerotik piləyin arterial sistemin hansı qismini tutmasından asılı olaraq müvafiq klinik əlamətlər meydana çıxır.

Xolesterinin normal səviyyəsi

Xolesterin vacib metabolism məhsulu olduğu üçün onun qanda səviyyəsi ciddi çərçivə daxilində müəyyən olunur. Ortalama və şərti yuxarı hədd 5.17 mmol/l (200 mg/dl) təyin olunmuşdur. Ümumiyyətlə, 20 yaşdan başlayaraq hər 5 ildən bir xolesterin səviyyəsi yoxlanmalıdır. 35 yaşdan sonra xolesterin və digər lipidlər ildə 1 dəfə mütləq kontrol olunmalıdır.

Triqliseridlər

Triqliseridlər qanda dövr edən lipidlərin (yağların) bir növüdür. 

Qida ilə daxil olan karbohidratlar orqanizmdə qlükozaya çevrilir, qan damarları ilə hüceyrələri “qidalandırmaq” üçün toxumalara paylanılır. Hüceyrələr özünə lazım olandan artığını qəbil etmir. Artıq qalmış qlükoza qaraciyərə qaytarılır, qlikogenə çevrilir və əzələlərdə toplanır. Yenə də artıq qalmış qlikogen qaraciyərdə triqliseridlərə çevrilir, piy ehtiyatı şəklində müxtəlif nahiyələrdə toplanır. Bu yağ molekullarının bir hissəsi qanın tərkibində daim dövr edir, qanın özlülüyünü (qatılığını) artırır, trombun əmələ gəlmə ehtimalını yüksəldir. 

Qanda triqliseridlərin optimal səviyyəsi 1.7 mmol/l-ə qədərdir. 

Nə etməli

Kontrol həkim müayinələri və laborator analizlərin təhlili qanda yağların səviyyəsinə nəzarət edilməsində və ciddi ürək-damar xəstəliklərinin qarşısının alınmasında vacib şərtdir. Müəyyən olunmuşdur ki, omeqa-3 yağ turşuları vitamin C və aşağı karbohidratlı pəhrizlə birlikdə qanda triqliserid səviyyəsini normallaşdırır; buna görə də yağlı balıq və zeytun yağı yüksək xolesterin və triqliseridlərlə mübarizədə çox təsiredici vasitədir. Marqarin və fast food-ların tərkibindəki transyağlar isə orqanizm üçün birmənalı şəkildə ziyandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az