USM diaqnostikası
Müasir tibbi diaqnostika həkimlərin, eləcə də onlara müraciət edən pasiyentlərin işini əhəmiyyətli dərəcədə asanlaşdırıb. Çünki müalicənin uğurla aparılması və ya terapiyanın ümumiyyətlə istisna edilməsi dəqiq diaqnozun qoyulmasından çox asılıdır. Müasir dövrdə diaqnostika sahəsində aparıcı mövqe ultrasəs müayinəsinə məxsusdur. Bu, ən sürətli, dəqiq və təhlükəsiz diaqnostika metodudur. Bəs görəsən, həkim hansı hallarda pasiyenti USM müayinəsinə göndərir? Bu barədə biraz ətraflı danışaq.
USM ən təhlükəsiz, dəqiq və sürətli diaqnostika metodudur. Ana olmuş hər bir qadın gələcək övladının cinsini müəyyənləşdirilməsində USM-in rolunu yaxşı xatırlayır. Bu diaqnostika metodu rentgendən fərqli olaraq, daha dəqiq hesab olunur, belə ki, insan müayinə zamanı hərəkət etdikdə belə, görüntülər dəqiqliyini itirmir.
Ultrasəs müayinısinin prinsipi sadədir: USM ötürücüsü səs dalğalarını xüsusi ucluqlar vasitəsilə toxunulan nahiyəyə ötürür. Orqanlar bu dalğaları əks etdirir və onlar yenidən ötürücüyə qayıdır və bu vasitə ilə monitorda müvafiq görüntü əks olunur. Qeyd olunan kimi USM-müayinə təhlükəsizdir, belə ki, insan heç bir şüalanmaya məruz qalmır. USM bir çox xəstəliklərin diaqnozlaşdırılması və ya orqanizmdə heç bir problem olmadığını təsdiqləmək üçün unikal vasitədir.
Ultrasəs vasitəsilə kiçik çanaq və qarın boşluğu orqanlarını müayinə edirlər, onun vasitəsilə həmçinin, böyrək xəstəliklərini, qaraciyər, qalxanvari vəzi, ürək, damar və limfatik düyünlərin hətta, dəri altındakı törəmələri müayinə etmək mümkündür. Qarın nahiyəsində, ürək və ya “qadın orqanları”nda ağrılar, infeksion xəstəliklər, uzun müddət davam edən xroniki və ya kəskin xəstəliklər, şiş şübhəsi zamanı, inkişaf anomaliyaları və s. hallarda həkim USM müayinəsi təyin edə bilər.
Ultrasəs müayinəsi vasitəsilə orqanların strukturundakı dəyişiklikləri, böyrəklərdə, öd kisəsi və ya sidik kisəsində daşların olub-olmamasını, kistaları, ilk dövrlərdə hamiləliyi, eləcə dölün cinsini və s. müşahidə etmək olar.
Pasiyenti diqqətlə dinləyən həkim oyanıqlığın artması, səbəb olmadan çəkinin artması və ya azlaması, ümumi halsızlıq və ya dərinin vəziyyətnin pisləşməsini müşahidə edərsə, həkim pasiyenti USM müayinəsinə yönəldə bilər.
Pasiyentin ultrasəs müayinəsinə hazırlığı böyük əhəmiyyət kəsb edir, belə ki, bu, alınan təsvirin keyfiyyətinə və nəticə olaraq, müayinənin nəticələrinə təsir göstərə bilər.
Müayinəyə 2-3 gün qalmış şlaksız pəhrizə keçmək, rasiondan bağırsaqda qaz əmələ gətirən qidaları (çiy tərəvəzlər, süd, qara çörək, qazlı sular və s.), habelə, kaloriliyi yüksək olan şirniyyat məhsullarını (pirojna, tort və s.) çıxarmaq tövsiyə edilir.
Mədə-bağırsaq traktı ilə problemi (qəbizlik) olan pasiyentlərə müəyyən müddət ərzində ferment preparatları və enterosorbentlər (məsələn, festal, mezim-forte, aktivləşdirilmiş kömür) qəbul etmək məqsədəuyğundur. Bunlar meteorizmi aradan qaldırmaq üçün tətbiq edilir.
Qarın boşluğunun USM-i acqarına aparılmalıdır (yüngül səhər yeməyi yolveriləndir).
Əgər dərman vasitələri qəbul edirsinizsə, bu haqda USM həkiminə məlumat verməlisiniz.
Fibro-qastro- və kolonoskopiya, həmçinin mədə-bağırsaq traktının rentgenoloji müayinəsindən sonra USM müayinəsi aparmaq olmaz.
Müayinə sidik kisəsi dolu olarkən aparılmalıdır. Ona görə də prosedurdan 3-4 saat əvvəl sidiyə getmək olmaz , prosedura 1 saat qalmış 1L qazsız su içmək vacibdir.
Transvaginal USM üçün xüsusi hazırlığa ehtiyac yoxdur. Pasiyentin mədə-bağırsaq traktında problem varsa, müayinədən əvvəl təmizləyici imalə olunmalıdır.
Müayinə sidik kisəsi dolu olarkən aparılmalıdır. Ona görə də prosedurdan 3-4 saat əvvəl sidiyə getmək olmaz, prosedura 1 saat qalmış 1L qazsız su içmək vacibdir.
Prostatın transrektal müayinəsi zamanı təmizləyici imalə etmək vacibdir.
Yaxşı olar ki, süd vəzilərinin müayinəsi menstrual tsiklin ilk 7-10 günündə aparılsın.
Müayinədən 2 gün əvvəl fizioprosedurlar, banka müalicəsi, şüa və kimya terapiyası aparmaq olmaz.
Qalxanvari və tüpürcək vəzilərinin, eləcə də limfa düyünləri və böyrəklərin USM-i xüsusi hazırlıq tələb etmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az