Uşaqlarda limfadenopatiya
 hekimtap.az

Uşaqlarda limfadenopatiya

2822
Author: Pediatr Xəyalə Nağıyeva

Published: 19.05.2018
HekimTap Pro

Limfadenopatiya nədir?  

Limfadenopatiya limfatik düyünlər qrupunun böyüməsi ilə xarakterizə olunan bir vəziyyətdir. Əksər hallarda limfadenopatiya xoşxassəli xatakterə malik olub, orqanizmin infeksional törədicilərə (bakteriya və ya virus) qarşı reaksiyasını ifadə edir. Bir çox hallarda burada söhbət bilavasitə limfatik düyünə zərər vuran və yerli iltihabi reaksiya yaradan infeksional proses –  limfadenitdən gedir.       

Yeni doğulmuş uşaqda limfatik düyünlərin əksəriyyəti palpasiya olunmur. Antigenlə təmas zamanı limfatik toxuma elə inkişaf edir ki, uşaqlarda bunu boyun, qoltuq və qasıq nahiyəsində əl ilə hiss etmək olur. Əgər boyun və ya qoltuq düyünlərinin diametri 1 sm-dən, qasıq nahiyəsində isə 1.5 sm-dən böyük deyilsə, düyünlər böyümüş hesab olunmur.

Digər limfatik düyünlər adətən nə palpasiya zamanı, nə də rentgenoqrammada  hiss olunur.

Limfadenopatiyanın yaranma səbəbləri

Limfatik düyünlərin böyüməsi normal limfoid elementlərin poliferasiyası və ya onların bədxassəli və ya faqositar hüceyrələrlə infiltrasiyası sayəsində baş verir.

Pasiyentlərin əksəriyyətində diaqnoz anamnez və fizikal müayinə əsasında qoyulur. Boyun və digər nahyələrdə qeyri-limfoid kütlələrin böyüməsi müşahidə olunur.  

Kəskin infeksiyalaşmış düyünlər adətən ağrılı olur. Həmçinin, düyün üzərində qızarma və temperaturun artması müşahidə edilə bilər. Pulsasiya absessin yaranmasından xəbər verir.  Vərəm zamanı düyünlər hərəkətli olur.

Xroniki hallarda yuxarıda qeyd olunan əlamətlər görünmür. Şişli düyünlər adətən bərk, ağrısız,hərəkətli bəzən isə fiksə edilmiş olur.    

Generalizə olunmuş adenopatiya (iki və daha artıq düyünlərin birləşməsi) sistem xəstəlikləri tərəfindən törədilir və tez-tez digər sistemlərdə anomaliyalarla müşayiət olunur, fizikal müayinə zamanı aşkarlanır. Lokalizə olunmuş adenopatiya isə əksinə, konkret düyünün infeksiyalaşması ilə əlaqədardır.         

Regionar limfadenit infeksion agentlər tərəfdən törədilir, atipik anatomik nahiyələrdə inkişaf edir, uzunmüddətli gedişatı ilə fərqlənir.   

Limfadenopatiyanın dəyərləndirilməsi və müalicəsi

Limfadenopatiyanın dəyərləndirilməsi və müalicəsi anamnez və fizikal müayinə zamanı aşkara çıxan etioloji faktordan asılıdır. Məsələn, boyun adenopatiyalı xəstələrin anamnezində virus infeksiyası olur və müalicəyə ehtiyacı yoxdur. Bakterial infeksiyaya şübhə yaranrsa, streptokok və stafilokokların əleyhinə yönəldilmiş antibiotiklər təyin edilir.     

Absesslər zamanı cərrahi drenaj tələb olunur. Müalicədən əvvəl zədələnmiş düyünlərin ölçüsünü qeyd etmək lazımdır. Əgər düyünlər 10-14 günlük müalicədən sonra kiçilmirsə, müayinələri davam etdirmək lazımdır. Buraya qanın kliniki analizi, Epşteyn-Barr, toksoplazmoz viruslarının müayinəsi, seroloji testlər və s. aiddir.

Əgər bu müayinələr diaqnozu müəyyənləşdirməyə kifayət etməzsə, infeksion xəstəliklər üzrə mütəxəssis və onkoloqun müayinəsinə ehtiyac var. 

İzahı olmayan qızdırma, bədən kütləsinin azalması, gecə tərləmələri və ya düyünlərin fiksəsi qeydə alınarsa, biopsiya tələb olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.