Uşaqlarda dişçıxarma mərhələsi
Uşaqlarda dişlərin formalaşması hələ ana bətnində başlayır. İlk süd dişləri isə bir qayda olaraq, 6-8 aylığında çıxmağa başlayır. Çox nadir hallarda uşaqlar dünyaya dişləri çıxmış halda gəlirlər.
Adətən dişlərin çıxma ardıcıllığı bu cür olur: əvvəlcə aşağı kəsici dişlər çıxır (əksər hallarda uşaq 6 aylığında olarkən). Sonra yuxarı kəsici dişlər, yuxarı yan kəsici dişlər çıxır, daha sonra eyni dişlər aşağı sırada çıxmağa başlayır. Bir qayda olaraq, bir yaşına qədər uşağın 8 dişi çıxmış olur. Amma bəzi hallarda dişlərin sayı qeyd olunan rəqəmdən az və ya çox ola bilər, lakin buna görə narahat olmağa dəyməz, belə ki, ciddi patologiya sayılmır.
Bir yaşdan 1.5 yaşadək 4 ədəd kiçik azı dişi, 1.5 yaşdan sonra isə əvvəlcə “köpək” dişləri, sonra isə böyük azı dişləri çıxır. Normada 2.5-3 yaşadək uşaqda bütün 20 süd dişi çıxmış olur.
Uşaqlarda dişlər cüt və ya tək şəkildə çıxa bilər, onların çıxma müddəti isə dəyişə bilər. İnfeksiyalar, mədə-bağırsaq traktı və ürək-damar sisteminin xəstəlikləri, maddələr mübadiləsinin pozulması, o cümlədən raxit dişlərin çıxma müddətini uzada bilər.
Bəzən valideynlər uşaqlarının ilk dişlərinin çıxmasını, ümumiyyətlə, hiss etmirlər. Lakin əksər uşaqlarda dişlər çıxmazdan xeyli əvvəl artıq öz əlamətlərini büruzə verir: ağız suyu ifrazı artrır, uşaq hirslə oyunacaqları və ya yumruqlarını gəmirir, narahat olur və qışqırır. Çox vaxt dişlər çıxan dövrdə uşağın qızdırması 37.5 C kimi qaxır və bu ishalla müşayiət olunur.
– Uşağa dişləmək üçün bərk və soyuq əşya verin – bu, çənədə yaranmış gərginliyi azaldır. Bu məqsədlə bir parça yerkökü, alma və ya soyuducudan çıxarılmış xiyardan və ya dişləmə halqasından istifadə etmək olar.
– Ağrılı hissələri masaj edin - bu, ağrını azaldır və diş çıxmasını sürətləndirir. Uşağınızı qucağınızda əyləşdirib, çənələrini ehtiyatla masaj edin, bu, həm ağrını azaldır, həm də uşaq üçün bir təsəlli olur.
Həmçinin, damağın təmiz barmaqla masajı da faydalıdır. Bu üsul çənədə və damaqda qan dövranını yaxşılaşdırır, diş çıxmasını sürətləndirir.
– Möhkəm ağrılar zamanı ağrıkəsici gellərdən istifadə edin. Onlar sakitləşdirici təsir göstərir, ağrı və göynəməni götürür.
– Əgər uşağın qızdırması 38.5 C0-dən yuxarı qalxarsa, qızdırma salan vasitələrdən istifadə edin.
– Uşqda güclü ağız suyu ifrazı zamanı ağız ətrafında dəri qızartısı müşahidə edilə bilər. O zaman yağlı kremlərdən və uşaq losyonundan yararlana bilərsiniz.
– Uşağınızı əzizləyin. Unutmayın ki, sizin sevgi və nəvazişiniz ən yaxşı ağrıkəsicidir.
Yadda saxlayın ki, ilk dişlər çıxdıqdan sonra artıq onların qulluğa ehtiyacı var. Əvvəlcə dişləri axşamlar pambıq çöpü ilə təmizləmək kifayətdir. 10 diş çıxdıqdan sonra onları müntəzəm olaraq diş fırçası ilə (məcunsuz) təmizləmək tövsiyə olunur. Lakin bunu çox ehtiyatla etmək lazımdır, belə ki, dişin mina qatını zədələyə bilərsiniz. Uşaq iki yaşına qədəm qoyduqdan sonra tərkibində flor olmayan diş məcununu da əlavə etmək olar.
Mövzu ilə bağlı video:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.