Uşaqlarda ən çox qarşılaşdığınız cərrahi xəstəliklər?
Həm poliklinikada müayinə etdiyimiz, həm də ən çox əməliyyat etdiyimiz uşaq cərrahi xəstəlikləri qasıq kanalı patalogiyalarıdır. Buraya: qızlarda və oğlanlarda qasıq yırtığı, oğlanlarda Hidrosel (su yırtığı) və bunun qızlarda qarşılığı Nuck kanal kisti (çox nadir), oğlanlarda Kord kisti və kriptorxizm (enməmiş xaya) daxildir.
Bildiyimiz kimi xayalar 7-ci aydan etibarən qarın içindən xayalığa doğru enməyə başlayırlar. Xayanı endirən Gubernakulum adlı toxuma qasıq kanalına girdiyi zaman özü ilə birlikdə qarın zarı kimi bilinən Peritonu da xayalığa qədər endirir və nəticədə xayalıqla qarın boşluğu arasında bir əlaqə əmələ gəlir. Xayalar təqribən 35-38-ci həftələr arasında xayalığa enirlər. Enmə prosesinin arxasınca qarın boşluğu ilə xayalıq arasındaki əlaqə kəsilir – Prossesus Vaginalis bağlanır. Qızlarda isə Uşaqlığın Girdə Bağı kanala girdikdən sonra qarın boşluğu ilə əlaqə kəsilməlidir. Bəhs etdiyimiz qarın boşluğu ilə olan əlaqə kəsilməzsə qarın içi orqanlar – oğlanlarda ən çox nazik və qalın bağırsaqlar, piylik, qızlarda isə yumurtalıq, yumurtalıq boruları və piylik qarın boşluğundan peritonun açıq qalmış çıxıntısı vasitəsi ilə qasıq kanalına keçərək yırtıq əmələ gətirirlər. Əgər açıq qalan periton çıxıntısı orqanların keçə biləcəyi genişlikdə deyilsə,çox dar isə o zaman qarın içi maye kanala toplanaraq Hidrosel – su yırtığı əmələ gətirirlər. Əgər kanalın hər iki tərəfi bağlanıb sadəcə orta hissəsi açıq qalarsa kord kistası inkişaf edəcəkdir.
Peritonun yataq çıxıntısının – Prosessus Vaginalisin açıq qalmasının səbəbi tam olaraq bilinməməkdədir.
Normal doğuş populyasiyasında qasıq yırtığı 1/100 təşkil edir. Ancaq yarımçıq doğulan uşaqlarda bu rəqəm 30 %-ə kimi yüksələ bilər.
Xeyr, qasıq yırtığının hamiləlik dövründə diaqnostikasının heç bir əhəmiyyəti yoxdur və hamiləlik müddətində qarşısını almaq hələ ki, müasir tibdə mümkün deyil.
Qasıq yırtığının diaqnozunu adətən ailələr özləri qoyurlar. Qasıq nahiyyəsində şişlik olması səbəbi ilə xəstəxanaya gətirirlər. Ətraflı toplanmış anamnez və diqqətlə edilən müayinə sonrasında diaqnozu təsdiqləmək mümükündür. Adətən böyük uşaqsa valsalva manevrası etdirməklə, kiçik yaşda isə ağladığı zaman palpasiyada yırtıq kisəsini hiss etmək mümkündür.
Qasıq yırtığı oğlanlarda qızlardan təqribən 8-10 dəfə çox rast gəlinir. Adətən 60% sağ tərəfli,30% sol tərəfli, 10% isə iki tərəfli olur.
Qasıq yırtığının müasir tibdə tək müalicə metodu vardır ki,o da cərrahi əməliyyat ilə kanalın bağlanmasıdır. Bəzi hallarda ailələrin özləri tərəfindən və ya başqa birisinin yalnış məsləhəti ilə şişlik olan nahiyyəni bandaj və ya sarğı ilə bağlamağa çalışırlar. Ancaq bu manevranın heç bir faydası olmamaqla yanaşı, eyni zamanda çox təhlükəlidir. Kisə içərisinə girən orqanların mexaniki olaraq sıxılmasına səbəb olduğu üçün ciddi fəsadlara yol açır. Əməliyyat yaşına gəlincə, qasıq yırtıqlarının müalicə protokolunda yaş və gözləmə taktikası yoxdur. Qasıq yırtıqları bizə iki şəkildə müraciət edirlər. Ya boğulmuş, reduksiya edilə bilməyən, yəni inkarserasiya və ya geçikmiş strangulasiya (işemiyanın və nekrozun başlanması) mərhələsində - bu vəziyyətdə yaş, yanaşı xəstəlik və s. nəzərə alınmadan bütün önləmlər alınaraq təcili əməliyyat edilməlidir.
Digər halda isə ailələr qasıq nahiyyəsinin ara-sıra şişməsi şikayəti ilə gətirirlər. Bu zaman diaqnoz təsdiqlənərsə yenə də yaş nəzərə alınmadan yaxın bir tarixdə elektiv əməliyyat planlanmalıdır.
Xəstə üçün ən faydalı üsul qasıq nahiyyəsində təqribən 1.5-2 sm-lik kəsik icra edilərək aparılan cərrahi üsuldur. Əgər xəstə bir tərəfli qasıq yırtığı ilə gətirilən 5 yaşından kiçik qız uşağıdırsa və ya 2 yaşından kiçik yarımçıq doğulmuş oğlan uşağıdırsa qarşı tərəfdə də kanalın açıq olma ehtimalı yüksəkdir. Bunun üçün əməliyyat sırasında yırtıq olan tərəfin kisəsini bağlamadan öncə Laparoskop ilə kisənin içərisindən girib qarşı tərəfə baxmaq lazımdır. Qarşı tərəf açıq olarsa, əməliyyat etmək lazımdır. Nəzərə almaq lazımdır ki, oğlanlarda qasıq kanalının içərisindən 3 sinir, 3 damar, venoz kələf və toxumdaşıyıcı kanal, qızlarda isə iki sinir və uşaqlığın girdə bağı keçir. Buna görə də bu əməliyyatı icra edən təcrübəli bir uşaq cərrahı olmalıdır.
Xəstənin əməliyyatdan öncə qan analizlərinə baxılır, əməliyyat ümumi anesteziya ilə icra edildiyi üçün əməliyyatdan öncə anestezioloq tərəfindən müayinə olunur. Əməliyyat günü isə sabah erkəndən 5 saat ac olaraq xəstəxanaya gətirilir. Şöbəyə yatızdırılır və qlukoza tərkibli sistem qoşulur. 6 ayından böyükdürsə damardaxili sakitləşdirici vurularaq əməliyyata verilir. Əməliyyatdan 2 saat sonra qidalandırılır və adətən axşama doğru evə göndərilir. Əgər uşaq yarımçıq doğulmuşsa o zaman bir gün xəstəxanada saxlanılmalıdır. Xəstə 3 gün sonra kontrol müayinəyə çağrılır və yara sarğısı açılır. Bundan sonra isə 3 həftə, 3 ay və 6-cı aylarında müayinəyə çağrılır.
Mövzu ilə bağlı video:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az