Refraksiya qüsurları hekimtap.az

Refraksiya qüsurları

5909
Author: Oftalmoloq Gülşən Dikmen , Əlaqə: 055 808-84-23

Published: 25.12.2019
Gulshen Dikmen

Refraksiya - ümumi məlumat 

Müasir dövrdə oftalmoloji xəstəliklər arasında ən geniş yayılmışlardan biri - refraksiya qüsurlarıdır. Bu patologiya insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır. 
Refraksiya -  sağlam görmədə işıq şüalarının torlu qişada fokuslanmasını təmin edən mexanizmdir. Refraksiya funksiyasına təsir edən əsas görmə orqanı parametrlərinə - göz almasının uzunluğu,təbii bùllurun sındırma qüvvəsi və buynuz qişanın sındırma qüvvəsi aiddir. 

Refraksiya qüsuru nədir?

Refraksiya funksiyasının pozulması zamanı fokusun yerdəyiməsi baş verir və lokalizasiyadan asılı olaraq, yaxındangörmə və ya uzaqdangörmə yaranır. Refraksiya qüsurlarına, həmçinin -  presbiopiya və astiqmatizm də aiddir. 

Yaxındangörmə

Yaxındangörmə (miopiya) təsvirin torlu qişanın önündə fokuslaşması ilə xarakterizə olunur. Bu, göz alması oxunun uzanması və buynuz qişanın və büllurun sındırma qüvəssinin artması səbəbindən yarana bilər. Miopiya zamanı insanlar yaxındakı obyektləri yaxşı, uzaqdakıları isə yayınıq görürlər. Miopiya - anadangəlmə (irsi) və ya qazanılmış olur. Xəstəliyin üç ağırlıq dərəcəsi var:

Yüngül - 3 dioptriyayadək;
Orta - 3-dən 6 dioptriyayadək;
6 dioptriyadan yuxarı.

 Uzaqdangörmə

Uzaqdangörmə (hipermetropiya) - təsvirin torlu qişanın arxasında fokuslaşması ilə xarakterizə edilir və göz alması oxunun qısa olması, buynuz qişanın və büllurun sındırma qűvvəsinin aşağı olması ilə müşayiət olunur. Xəstəlik zamanı pasiyent həm uzaqdakı, həm də yaxındakı əşyaları yayınıq görür. Üç ağırlıq dərəcəsi mövcuddur. Buraya aiddir:

Yüngül - 2 dioptriyayadək;
Orta - 2-dən 5 dioptriyayadək;
Ağır - 5 dioptriyadan yuxarı.

Astiqmatizm

Astiqmatizm -  buynuz qişada  üfiqi və şaquli müstəvilərdə işıq şüasının müxtəlif cür sınması nəticəsində yaranır. Nəticədə təsvirin deformasiyası və ya onun bir hissəsinin yayınıq görünməsi baş verir.

Presbiopya

Presbiopya - 40-45 yaşdan sonra, büllurun elastikliyinin və akkomodasiyasının pozulması nəticəsində əmələ gəlir. Bu, yaxından görməyə, oxumağa, xırda əşyalara baxmağa çətinlik yaradır. 

Refraksiya qüsurlarının müayinəsi

Refraksiya qüsurlarının müayinəsi - oftalmoloq tərəfindən refraktometr vasitəsilə həyata keçirilir. Tam müayinə aparıldıqdan sonra həkim qüsurun təbiətini müəyyənləşdir və bundan sonra müvafiq korreksiya və ya müalicə üsulu seçilir. 

Refraksiya qüsurlarının korreksiyası

Refraksiya qüsurlarının korreksiyası - eynəklər, kontakt linzalar və lazer korreksiyası vasitəsilə həyata keçirilir.
Refraksiyanın ən müasir korreksiya üsulu - smart linzaların (“ağıllı” linzaların) tətbiqidir. Onlar gözə uzaq, orta və yaxın məsafələrdən gələn işıq şüalarını sındıraraq torlu qişada toplayır, beləliklə bir linza ilə eyni zamanda bütün məsafələrdəki cismləri görmək mümkün olur. Bu linzalar eynək və kontakt linza ehtiyaclarını aradan qaldırır, fərdi olaraq seçilir, müvafiq linza imlantasiya olunur.