Qol gərmə əməliyyatı (braxioplastika) hekimtap.az

Qol gərmə əməliyyatı (braxioplastika)

4322
Author: Plastik cərrah Op. Dr. Günel Bayramlı 055 225-57-77

Published: 05.05.2018
Gunel Bayramli

Qol gərmə əməliyyatı nədir?

Qadınların və kişilərin əksəriyyəti xarici görünüşlərini çox ciddi yanaşır və hər hansı qüsur yaranarsa, bunu tezliklə aradan qaldırmağa çalışırlar. Lakin bütün cəhdlərə baxmayaraq, elə problemlər üzə çıxır ki, onların öhdəsindən müstəqil gəlmək mümkün olmur. Bunlara misal olaraq yaş və çəki dəyişməsindən irəli gələn dəri sallanmalarını göstərmək olar. Dəri sallanmaları qollarda müşahidə oldunduqda xüsusən diskomfort yaradır. Qollardakı dərinin əvvəlki möhkəmliyi və elastiklikliyini qaytarmaq üçün müasir plastik cərrahiyyə unikal metodika təklif edir. Bu, braxioplastika, yəni qol gərmə əməliyyatıdır. Əməliyyat zamanı sallaq dərilər kənarlaşdırılır, dəri dartılır, nəticədə yuxarı ətrafların relyefi bərpa olunur. Beləliklə, qollar daha gənc və estetik  görünüş alır.

Qol gərmə əməliyyatı nə zaman həyata keçirilir?

Əgər, sadəcə dəri boşalmanız varsa, o zaman qol gərmə əməliyyatı icra olunur. Dəri keyfiyyəti yaxşıdırsa, amma artıq piylər varsa, belə hallarda liposaksiya həyata keçirilir.  Həm artıq piylər, həm də dəri boşalması müşahidə olunan hallarda liposaksiya ilə bərabər, dəri dartılması əməliyyatı da icra olunur.

Qol gərmə əməliyyatı 18-dən yuxarı hər yaşda icra oluna bilər. Amma çəki vermək planınız varsa, o zaman çəki verib normal kilonuza çatdıqdan sonra əməliyyatın icra olunması tövsiyə olunur. Belə olan təqdirdə əməliyyatın nəticəsi daha qənaətbəxş olacaq.

Qol gərmə əməliyyatından əvvəl

Əməliyyatdan əvvəl sağlamlığınız və sizi narahat edən xəstəliklər barədə həkimə mütləq məlumat verilməlidir. Əməliyyatdan əvvəl tələb olunan bəzi müayinələrdən keçəcəksiniz. Əməliyyatdan sonrakı nəticəni müqaisə etmək üçün qolunuzun şəkli çəkiləcək. Bu əməliyyatda dirsəkdən başlayan qolun iç səthi ilə yuxarıya doğru uzanan kəsik aparılır. Dəri bolluğu azdırsa və qolaltına yaxın bölgədədirsə, o zaman qolaltından aparılan kiçik bir kəsik yetərli ola bilər.

Qol gərmə əməliyyatından sonra

Əməliyyatdan sonra qoyulan sıxıcı sarğının və ya başqa adla desək, korsetin qolda 1 ay qalması dərinin daha gözəl oturmasını təmin edəcək. Əməliyyatdan sonra 5-7 gün qollarda gərginlik və həssaslıq hiss etməyiniz normaldır. Ağrı hissini minimallaşdırmaq məqsədi ilə ağrıkəsicilər verilir.

Əməliyyat izləri ilk bir neçə ay çəhrayı rəngdə olacaq və nəzərə çarpacaq, amma zamanla solaraq, dəri rəngini alacaq. 5-10 gün sonra iş həyatınıza geri dönəcəksiniz. Lakin bununla belə, 2 ay ağır qaldırmaq, ağır idman etmək, dartınmaq, sauna və solyariyə getmək olmaz.

Qol gərmə əməliyyatına əks-göstərişlər

Qol gərmə əməliyyatının keçirilməsi üçün bəzi ümumi əks-göstərişlər var.

Bunlar aşağıdakılardır:
 – Ürək-damar xəstəlikləri, endokrin sistemi xəstəlikləri (şəkərli diabet), onkologiya;
 – Qanın pis laxtalanması;
 – Dəri örtüyünün xəstəlik və zədələnmələri;
 – Kəskinlik dövründə olan infeksion və xroniki xəstəliklər;
 – Hamiləlik və laktasiya dövrü. 

Qol gərmə əməliyyatının ağırlaşmaları

Hər bir əməliyyatda olduğu kimi, bu əməliyyatın da ağırlaşmaları mümkündür. Buraya qanama, infeksiyalaşma, yara sağalmasında gecikmə və s. aid etmək olar. Həkimin məsləhətlərinə ciddi əməl olunarsa, ağırlaşmaların baş vermə ehtimalı çox aşağıdır.

Qollarınızda yaranacaq hissiyatsızlıq sizi qorxutmasın, bu, tədricən aradan qalxacaq. Xəstələrimizin çoxunda rast gəlinməsə də, ağırlaşmalar haqqında  məlumatlı olmağınız məsləhətdir.

Qol gərmə əməliyyatından sonra xarici görünüşünüzdə baş verəcək dəyişiklik sizi heyrətləndirəcək, daha inamlı və güvənli edəcəkdir. 


Mövzu ilə bağlı video:

 

 

Əməliyyatdan video:

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.