Qadınlarda sonsuzluq
 hekimtap.az

Qadınlarda sonsuzluq

3278
Author: Mama-ginekoloq Aygün Ağayeva

Published: 10.05.2018
HekimTap Pro

Demək olar ki, bütün qadınlar həyatlarının müəyyən mərhələsində dünyaya uşaq gətirmək barədə düşünürlər. Lakin uşaq planlanmasından ana olmağadək olan müddətdə qadın bir çox problemlərlə üzləşə bilər. Cütlüklərin təqribən 10-15 %-i hamiləliklə bağlı çətinliklər yaşayırlar, minlərlə qadına isə “sonsuzluq” diaqnozu qoyulur. Lakin qadın sonsuzluğu heç də faciəvi diaqnoz deyil. Əksər hallarda sonsuzluğu uğurla müalicə etmək mümkündür. Müasir reproduktiv texnologiyalar isə təbiəti “aldatmağa” kömək edir və heç nəyə baxmayaraq, uğurlu hamiləliyə nail olunur.

Qadın sonsuzluğu nədir?

Əgər 12 ay müddətində heç bir qoruyucu vasitədən istifadə etməyərək müntəzəm cinsi yaxınlıq zamanı hamiləlik qeydə alınmazsa, qadın sonsuzluğundan şübhələnmək olar.

Yaşı 35-dən yuxarı olan qadınlarda yuxarıda qeyd olunan müddət 6 ay azalır.

Qadın sonsuzluğunun əlamətləri

Sonsuzluğun hamilə qala bilməməkdən başqa əlaməti yoxdur. Lakin riski artıran bəzi faktorlar var. Buraya həddindən artıq hündür boy və bədən kütlə indeksinin çox aşağı olmasını, anamnezdə ağır iltihabi və cinsiyyət sisteminin infeksion xəstəliklərini, qeyri-müntəzəm menstrual tsikl və ya amenoreyanı (menstruasiyanın tamamilə olmaması) aid etmək olar.

Nəzərə almaq lazımdır ki, hamiləliyin mümkün olmamasına səbəb həm qadın, həm də kişi faktoru, eləcə də bunların hər ikisi ola bilər. Ona görə də sonsuzluğa şübhə yaranrsa, qadın da, kişi də hərtərəfli müayinədən keçməlidir. Bu məqalədə daha çox qadın sonsuzluğundan söhbət gedəcək.

Qadın sonsuzluğunun səbəbləri

Qadın sonsuzluğuna bir çox faktorlar səbəb ola bilər. Əksər hallarda hamiləliyin olmaması kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri ilə əlaqədardır, özü də təkcə kəskin vəziyyətdə deyil,  xroniki hallarda da. Buraya hətta, çox illər əvvəl keçirilmiş xəstəliklər də aiddir. Cinsiyyət sistemi orqanlarının iltihabi xəstəlikləri əksər hallarda uşaqlıq borularının keçilməzliyinə səbəb olur.

Qadın sonsuzluğuna, həmçinin, anadangəlmə və qazanılmış patologiyalar və uşaqlığın deformasiyası – çox vaxt buna çoxsaylı abortlar səbəb olur, uşaqlığın endometriozu, miomatoz düyünlər və s. gətirib çıxara bilər.

Qadın sonsuzluğu genetik xarakter də daşıya bilər: hamiləlik mümkündür, lakin düşük riski çox yüksəkdir. Genetik səbəblərə xromosom tərkibinin müxtəlif pozuntularını da aid edirlər.

Daha az hallarda sonsuzluq psixoemosional səbəblərlə izah olunur. Bəzi psixi pozuntular,depressiyalar, daimi ağır stress qadın fertilliyini aşağı salır.   

Qadın sonsuzluğunun diaqnostikası

Sonsuzluğun diaqnostikası üçün anamnez toplanması və ginekoloji müayinədən başqa, bir sıra test və tədqiqatlar tələb olunur:

Cinsi yolla yoluxan xəstəlikləri müəyyən etmək üçün hər iki partnyor analizdən keçməlidir.

Qanın hormonal analizi sonsuzluğun endokrin təbiətini müəyyənləşdirir.

Rentgenoqrafiya və ultrasəs müayinənin köməkliyi ilə kiçik çanaq orqanları tədqiq olunur.

Kontrast rentgenoqrafiya sonsuzluğun uşaqlıq patologiyası və ya deformasiyası, yaxud da uşaqlıq borularının birləşməsi və ya şiş səbəbindən olub-olmamasını müəyyənləşdirir.  USM həmçinin, uşaqlıq borularının vəziyyətinin dəqiqləşdirilməsində də istifadə edilir.

Uşaqlığın selikli qişasının toxuma testləri endometriyanın hüceyrə strukturu barədə məlumat verir

Histeroskopiya vizual müayinə metodudur. Bu zaman uşaqlığa kiçik kamera daxil edilir ki, onun sayəsində polipləri, şişləri, seliyin strukturundakı dəyişiklikliyi müşahidə etmək mümkündür. Bu metodla həmçinin, toxumalardan problar da götürmək olur. Qeyd olunan üsulun informatifliyi çox yüksək, dəqiqliyi isə demək olar ki, 100%-dir.

Qadın sonsuzluğunun müalicəsi

Sonsuzluğun tam müayinəsi adətən 2-3 aydan çox davam etmir. Bundan sonra həkim diaqnoz qoyur və müalicə taktikası seçir. Əksər hallarda sonsuzluq müalicə olunur. Qadınlarda sonsuzluğun müalicə metodları bunun yaranma səbəblərindən asılıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.