Psixiatriya nədir?
 hekimtap.az

Psixiatriya nədir?

10055
Author: Psixiatr Abdulla Şıxlinski

Published: 19.07.2019
Abdulla Shixlinski

Psixiatriya tibb elmləri içərisində xüsusi yer tutur. Bu, klinik bir sahədir. Psixiatriya- ruhi xəstəliklərin səbəbləri, inkişaf mexanizmləri, onların diaqnostikası, müalicəsi, profilaktikası ilə məşğul olur. Psixiatriyanın vəzifələrindən biri də psixogigiyenadır. Bu baxımdan yanaşdıqda psixiatriya təkcə ruhi xəstəliklərdən deyil, eyni zamanda, bütün psixikanın normal fəaliyyət mexanizmlərindən, bu mexanizmlərin pozulması hallarından bəhs edir. Psixiatr təkcə ruhi xəstəliklərə deyil, həm də problemli, sağlam şəxslərə yardım edən mütəxəssisdir. Hər bir psixiki problem məntiqi  olaraq ruhi xəstəliklə nəticələnə bilər. Bu baxımdan həkim-psixiatr həm sağlam, həm də xəstə insanla işləməlidir. Psixiatriya öz inkişafında fundamental təbabətin bütün sahələrini birləşdirir. Fundamental təbabəti öyrənmədən , ümumi həkimlik təcrübəsinə malik olmadan, ali sinir fəaliyyətinin normada fəaliyyət mexanizmlərini bilmədən psixika problemləri ilə məşğul olmaq mümkün deyildir. Psixika problemləri ilə məşğul olmağa cəhd edən mütəxəssislərin sayının  gündən-günə artmasına baxmayaraq, həkim-psixiatr bütün bədən fəaliyyətinin psixika ilə əlaqəli öyrənilməsi təkcə ruhi xəstəliklərin deyil, insan orqanizminin bütün xəstəliklərinin psixika ilə əlaqəsi baxımından öyrənilməsi sahəsində yeganə mütəxəssisdir. İnsanın biologiyası, fundamental təbabət, xəstəliklərin daxili şəkli problemlərini yalnız həkimlər öyrənir və bu problemlərin kökünü bilmədən nə sağlam hesab edilən, nə də faktiki xəstə olan insanlara kömək etmək mümkündür. İnsan beyni milyard sinir hüceyrələrindən təşkil olunmuşdur. Bu orqan həddindən artıq güclü gərginlik keçirir. Bu gərginliyin əsasında emosional və informativ komponentlər durur. Bizim həyatımız həddən artıq mürəkkəbləşmişdir. Müasir insan həm maraqlı, həm də qeyristabil psixikaya malikdir və təbabət elminin müxtəlif sahələrini bilmədən insanşünaslıq kimi mürəkkəb sahəni qavramaq olmaz. Psixiatriyanın bir neçə sahələri mövcuddur ki, onlar sərbəst şəkildə fəaliyyət göstərə bilməz: psixiatriya- narkologiya, psixiatriya- psixoterapiya, kriminalistik psixiatriya, psixiatriya- seksopatologiya, uşaq psixiatriyası, psixologiya. Bununla da belə fikir yaranır ki, həkim-psixiatr psixikanın normal və xəstə vəziyyətdə öyrənilməsi ilə məşğul olan yeganə mütəxəssisdir.