PROLOTERAPİYA
 hekimtap.az

PROLOTERAPİYA

2336
Author: Revmatoloq-Osteopat Əli Əlizadə, Əlaqə: 050 367-41-47

Published: 12.01.2021
Ali Alizade

Proloterapiya – bu neyrocərrahi regenerativ inyeksion texnikadır. Proloterapiya kliniki praktikada 80 ildən çoxdur ki istifadə olunur. İlk dəfə 1950-ci ildə doktor Corc Haket tərəfindən bağların zədələnməsi və bununla əlaqədar yaranan sklet-əzələ ağrıları, osteoartrit zamanı bu müalicə metodunun çox effektiv olduğu klinik tətbiqini tapmışdır. Proloterapiyaya başqa sözlə proliferativ terapiya da demək mümkündür. Zədələnmiş vətər və bağların regenerasiyasına yönəlmiş inyeksion, qeyri cərrahi rekonstruksiya metodudur.  Bu metodla orqanizmdə sağalma baş verir, zədələnmiş və ağrılı oynaqlar, birləşdirici toxuma bərpa olunur. Səbəb vətər və bağların dartılması və zədələnməsi olduğundan, oynaqda qeyri stabillik yaranır və ağrı olur. Proloterapiyanın üstünlüyü ondan ibarətdir ki, bu metodla birləşdirici toxumanın əsas tərkib komponenti olan yeni kollagen sintezini təmin etməklə birbaşa qeyri-stabilliyin səbəbini aradan qaldırır. Oynaqda stabillik yarandıqdan sonra ağrı aradan qalxır. İltihabəleyhinə və ya ağrıkəsici vasitələr bu problemi müvəqqəti aradan qaldırır.

Bu texnika zamanı degenerasiyaya uğramış və ağrılı vətərlərə, oynaqlara, bağlara az miqdarda qıcıqlandırıcı məhlul yeridilir. Bu zaman hüceyrə və toxumaların böyüməsi və inkişafı sürətlənir. Belə məhlullar olaraq dekstroza, fizioloji məhlul, trombositlərlə zəngin plazma (PRP), sümük iliyi və ya piy toxuması götürülə bilər. Regenerativ təbabətdə əldə olunan nailiyyətlər bu sahədə irəliləyiş əldə etməyə imkan verdi. Trombositlərlə zəngin plazmanın (PRP) tərkibində böyümə faktorları, kök hüceyrələrinin olması sayəsində bu inyeksiyanın proloterapiyada istifadəsinə imkan yaratdı.

Proloterapiyanın təsir mexanizmi nəyə əsaslanır?

Xroniki sümük-əzələ ağrıları olan pasientlərdə proloterapiyanın məqsədi oynaqda regenerasiya prosesinin təbii yolla stimulyasiyasıdır. Nəticədə vətərlərin və bağların birləşdirici toxumasının təzyiqə qarşı davamlılığı, möhkəmliyi artır.  Normal halda bu vətər və bağlar oynaqları stabilləşdirən strukturlardır. Proloterapiyanın məqsədi – insan orqanizmində özünübərpa prosesinin stimulyasiyasına yönəldilmiş olan bir prosesi - iltihabi reaksiyanı yaratmaqdır.  Proloterapiya texnikası zamanı proliferat inyeksiyası (zəif qıcıqlandırıcı məhlul) orqanizmdə yerli iltihabi reaksiya yaradaraq sağalma prosesini sürətləndirir. Nəticədə bağ və vətər toxumasının bərpası sürətlənir. Proloterapiyadan sonra formalaşan bağ və vətərlər, normal toxuma kimi görünüşə malikdirlər. Ancaq bu bağ və vətərlər daha qalın lifli və möhkəm olurlar, tərkiblərində müxtəlif qalınlıqlı liflər olur, bu da toxumanın yeni yarandığını sübut edir. 

 

Proloterapiya hansı xəstəliklərdə effektivdir?

  • Fəqərəarası disklərin degenerativ xəstəliyi;
  • Diz, boyun, çiyin, dirsək, bilək ağrıları;
  • Oma qalça oynağının disfunksiyası;
  • Diz oynağında menisk yırtıqları;
  • Osteoartrit;
  • Plantar fasseit və daban ağrısı;
  • Aşıq-baldır oynağı bağlarının gərginliyi və dartılması;
  • Qasıq sümüklərinin osteiti;
  • Piriformis sindrom;
  • Gicgah-çənə oynağı sindromu.


Proloterapiya ağrılı prosedurdur?

Ağrının dərəcəsi inyeksiya nahiyəsindən, inyeksiyanın növündən asılı olaraq dəyişə bilər. Müalicəyə başladıqdan 2-3 gün sonra zəif iltihabi proses və gərginlik nəticəsində ağrı tədricən arta bilər. Belə ki proloterapiya ağrının azaldılmasına deyil, zədələnmiş birləşdirici toxumanın və bağların bərpasını təmin edir.

Proloterapiyanın effektivliyi 

Xəstəlikdən asılı olaraq müvafiq diaqnostik müayinə üsulları aparılır (radioloji, laborator müayinələr). Proloterapiyanın effektivliyi müxtəlif səbəblərdən asılıdır: xəstəlik tarixindən, bərpa olunacaq hüceyrələrin vəziyyətindən, bərpa prosesinə təsir göstərən komponentlərin (maddələrin) çatışmazlığından və istifadə olunan məhluldan. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az