Piylənmə
 hekimtap.az

Piylənmə

8161
Author: Tibb üzrə fəlsəfə doktoru, ali dərəcəli endokrinoloq Aytən Babaxanova

Published: 04.05.2018
Ayten Babakhanova

Piylənmə nədir?

Piylənmə – mübadilə proseslərinin pozulması nəticəsində orqanizmdə piyin dərialtı toxumada və digər toxumalarda toplanması və bədənin kütləsinin artmasıdır.

Piylənmənin əlamətləri

Piylənmənin əsas əlamətləri – bədən kütləsinin artıqlığı və bununla əlaqədar yaranan diskomfortdur. Bədən kütləsini qiymətləndirmək üçün bədən kütləsinin indeksi (BKİ) müəyyənləşdirilir. Bunun üçün çəkini (kq) boyun hündürlüyünün kvadratına (m) bölürlər. Piylənmə diaqnozu BKİ 30 və ya bundan yuxarı olduqda qoyulur. BKİ 18.5-dən 25-dək olarsa, bədən kütləsi normal sayılır, 25-30 aralığında dəyişərsə, bu halda söhbət bədən kütləsinin artıqlığından gedir.

Piylənmənin formaları

Piylənməni alimentar-konstitusional, hipotalamik və endokrin piylənmə formalarına bölürlər. Alimentar-konstitusional piylənmə sistematik izafi qidalanma zamanı inkişaf edir və qismən irsi xarakter daşıyır. Bu tip piylənmə qida rejiminin pozulmasından və fiziki yüklənmənin kifayət qədər olmamasından yaranır.

Hipotalamik piylənmə hipotalamik sistem funksiyalarının pozulmasının nəticəsidir. Endokrin piylənmə isə endokrin vəzilərin patologiyalarından (hipoterioz, hiperkortisizm, hipoqonadizm) irəli gəlir.

Piylənmənin ən geniş yayılmış səbəbi qida davranışının pozuntusu və bunun nəticəsi olaraq, qidanin izafi miqdarda qəbul edilməsidir.   

Əgər qida vasitəsilə orqanizmə daxil olan kalori gündəlik fiziki aktivlik vasitəsilə yandırılmırsa insan bədinini bu kaloriləri piy qatları şaklində özündə saxlayır.

Piylənmənin inkişafına risk faktoru kimi azhərəkətli həyat tərzini, hormonal preparatların və ya antidepressantların qəbulunu, genetik faktoru, bəzi fizioloji vəziyyətləri (hamiləlik, laktasiya, klimaks) göstərmək olar. Bundan başqa, piylənmə bəzi xəstəliklərlə, məsələn, İsenko-Kuşinq və ya Prader-Villi sindromları ilə də əlaqədar ola bilər.

Ağır artrit ümumi fiziki aktivliyin aşağı düşməsinə, bu isə öz növbəsində çəkinin artmasına və piylənmənin inkişaf etməsinə zəmin yaradır.    

Piylənmənin diaqnostikası

Piylənmənin diaqnostikası ümumi baxış və BKİ-nin müəyyənləşdirilməsi ilə aparılır. BKİ 30-35 arasında dəyişərsə birinci dərəcəli, 35-40 aralığında olarsa, ikinci dərəcəli, 40-50 arası dəyişərsə üçüncü dərəcəli, 50-dən yuxarı olarsa, dördüncü dərəcəli piylənmə diaqnozu qoyulur.

Müxtəlif növ piylənmələrin differensiyasiyası üçün deksametazon testi və ya baş və onurğanın rentgenoloji müayinəsi təyin edilə bilər. Bundan başqa, piylənməsi olan pasiyentlərə qanda qlükozasının nəzarə alınması vacibdir, xüsusən onların susuzluq və ağız quruluğundan şikayətləri varsa. Göstərişlərə uyğun olaraq, qlükozaya tolerantlıq testi aparılır.  

Piylənmənin müalicəsi

Piylənmənin müalicəsinin başlıca məqsədi bədən kütləsinin aşağı salınmasıdır. Bunun üçün diyetaterapiya və yanaşı olaraq, fiziki və psixoterapevtik müalicə metodları təyin edilir. İştaha artıqlığı zamanı onu azldan xüsusi preparatlar təyin olunur. Dördüncü dərəcəli piylənmənin müalicəsində mədə həcminin kiçildilməsinə və ya bağırsaqlarda qida maddələrinin sovrulmasının aşağı salınmasına yönəldilmiş müxtəlif üsullu cərrahi müdaxilələr tövsiyə oluna bilər. Müasir dövrdə geniş yayılmış əməliyyatlar içərisində mədədaxili balonun yerləşdirilməsini və mədənin bandajlanmasını misal göstərmək olar. Mədənin şuntlanması əməliyyatlarına daha az hallarda rasr gəlinir.

Piylənmənin ikincili endokrin formalarında əsas xəstəliyin müalicəsi aparılır.  

Piylənmənin fəsadları

Piylənmə hipertoniya xəstəliyi, 2-ci tip şəkərli diabet, metabolik sindrom, erektil disfunksiya, sonsuzluq, qaraciyər piylənməsi və bir çox başqa xəstəliklərin yaranması riskini artırır.

Piylənmənin profilaktikası

Piylənmənin profilaktikası üçün, xüsusən də irsi-konstitusional meyillilik varsa, balanslaşdırılmış və az kalorili diyetalara əməl etmək və fiziki aktivliyi artırmaq lazımdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.