Ağızdan xoşagəlməz qoxu
Ağızdan xoşagəlməz qoxu (halitoz) - vacib sosial problemlərdən biridir. Eyni zamanda bir çox xəstəliklərin müəyyən edilməsində əhəmiyyətlidir. Üstünlük verilən qidalardan asılı olaraq (xüsusən qidada zülalın yüksək miqdarı, əsasən yalnız zülal maddələri ilə diet saxlayan şəxslərdə rast gəlinə bilər) - dilin üzərində, damaq ciblərində və iltihablaşmış badamcıqların səthində yerləşən yüzlərlə patogen bakteriyalar uçucu kükürd birləşmələri, bəzi yağ turşuları, fenol törəmələri (indol, skatol və s.), poliaminlər, azot törəmələri (ammonyak, sidik cövhəri və s.) əmələ gətirir və xoşagəlməz qoxuya səbəb olur.
Halitoz fizioloji və patoloji olmaqla iki yerə ayrılır:
1. Fizioloji ağız qoxusu - səhər yuxudan durarkən hiss edilən qoxudur, dişləri fırçaladıqdan sonra hiss edilməməlidir. İstifadə edilən ədviyyatlar, sarımsaq, fermentativ pendir, balıq, süd və s. qoxusu da fizioloji qoxu hesab edilir və müalicə edilmir.
2. Patoloji ağız - qoxusu dedikdə, daimi davam edən xoşagəlməz qoxu nəzərdə tutulur:
- Ağız boşluğunda quruluq;
- Ağız boşluğunun (dişlər, diş əti, süni protezlər, badamcıqların iltihabı) xəstəlikləri;
- Tənəffüs sisteminin (burun, bronx və ağciyər) xəstəlikləri;
- Həzm sisteminin (reflüks, axalaziya, qastrit, xora; qaraciyər) xəstəlikləri;
- Metabolizm pozuntuları (məs. diabet zamanı aseton qoxusu);
- Böyrək xəstəlikləri (balıq qoxusu);
- Aclıq (xüsusən bol zülallı pəhriz və oruc) zamanı rast gəlinir.
Diaqnostikası:
- Halimetr (sulfitlərin təyininə əsaslanır);
- Bakterioloji müayinələr (yaxmanın "əkilməsi", həmçinin yeni üsul olaraq bakteriyaların PZR üsulla təyini).
Müalicəsi:
- Spesifik müayinə və müalicə yalnız həkim tərəfindən aparıla bilər.
Lakin aşağıdakı qaydaları bilmək vacibdir:
- Kariesli dişləri, damaq xəstəliklərini müalicə etdirmək;
- Süni protezlər və diş qapaqlarını kontrol etdirmək (qapaqların altında toplanan qida çürümə nəticəsində xoşagəlməz qoxu yaradır);
- Dişləri səhər və axşam olmaqla gündə 2 dəfə fırçalamaq;
- Diş fırçasını hər iki aydan bir yeniləmək;
- Dişlərin arasını hər 3 gündən bir xüsusi diş sapları ilə təmizləmək, xüsusi məhlullarla (stomatoloqunuz tərəfindən tövsiyə edilmiş) qarqara etmək;
- Gündüz qəbul edilən qidalardan sonra 10 dəqiqəni keçməməklə şəkərsiz saqqız çeynəmək;
- Tərkibində çoxlu sadə şəkərlər saxlayan hazır qidalardan istifadəni azaltmaq;
- Menyuya uyğun olduğu halda nanə, alma, darçın və digər ədviyyatlardan istifadə etmək;
- Ağız qurumasının qarşısını almaq üçün periodik olaraq su içmək;
- Yatarkən burnu qapayıb yatmamaq (oksigensiz mühit bakteriyaların çoxalması üçün şərait yaradır);
- Qidanı ağızda yaxşı çeynəmək;
- Siqaret çəkməmək.
Qeyd edilənlərə riayət edildiyi, lakin nəticə əldə edilmədiyi hallarda əsas xəstəliklərin (LOR, həzm sistemi, endokrin, böyrək xəstəlikləri və s.) müayinə və müalicəsini gecikdirməmək lazımdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.