OSTEOPATİYA
 hekimtap.az

OSTEOPATİYA

3223
Author: Revmatoloq-Osteopat Əli Əlizadə, Əlaqə: 050 367-41-47

Published: 25.10.2020
Ali Alizade

Osteopatiya – əllər vasitəsilə xəstəliyin diaqnostika və müalicəsi aparılan tibbin bir bölməsidir. Osteopatiya ilə xəstəliyin səbəbi araşdırılaraq orqanizm bütünlükdə müalicə olunur. 
Hələ 140 il əvvəl (1874-cü ildə) amerikalı həkim Endryu Teylor Stil intensiv araşdırmalardan sonra osteopatiyanın prinsiplərini müəyyənləşdirdi. O vaxtdan etibarən osteopatiya daima inkişaf edir. 

Osteopatiya termini yunan mənşəli olub “sümük zədəsi” deməkdir. Ancaq bu metod digər anatomik strukturların da pozğunluğunu aradan qaldırır. Osteopatiyanın 4 əsas bölməsi var: kraniosakral, struktural, visseral və biodinamik osteopatiya. Bu bölmələr dayaq-hərəkət aparatı, kəllə, mərkəzi sinir sistemi və daxili orqanların işini tənzimləməyə yönəlib. 

OSTEOPATİYA nədir?

İnsan orqanizmi öz aralarında birbaşa və ya dolayı yolla əlaqəli olan çoxsaylı strukturlardan ibarətdir. Bu vacib əlaqə fassiya vasitəsilə yaradılır. Fassiya – hər bir strukturu əhatə edən nazik birləşdirici toxuma qatıdır. Nəticədə bunlar hamısı birlikdə orqanizmin böyük fassiyasını yaradır. Fassiyalar həm də öz aralarında heç bir funksional əlaqəsi olmayan strukturları da birləşdirir. Beləliklə, osteopatik nöqteyi nəzərdən, fassiyalar dəyişiklikləri ötürə bilər. Məhz buna görə də simptomlar hardasa başqa bir nahiyədə də üzə çıxa bilir. 

OSTEOPATİYANIN prinsipi nədir?

Osteopatiya orqanizmin özünübərpa və özünütənzimləmə prinsiplərinə əsaslanır. Xəstəliklər adətən orqanizmin özünütənzimləmə qabiliyyətinin pozulması nəticəsində yaranır. Osteopatik yolla orqanizmin özünübərpa qüvvəsi səfərbər olunur. Osteopatın məqsədyönlü şəkildə təsiri nəticəsində funksional pozğunluqlar və bloklar aradan qaldırılır. Məhz buna görə də osteopatik təbabət hər bir yaş üçün (hətta körpələr, hamilələr də daxil olmaqla) məqsədəuyğundur. 
Bədənin hər bir hissəsinin, hər bir orqanın optimal fəaliyyət göstərməsi üçün kifayət qədər hərəkət azadlığı olmalıdır. Osteopatik müalicə vasitəsilə toxuma gərginliyi  aradan qaldırılır və nəticədə hərəkətlilik bərpa olunur. Osteopat hər zaman şikayətin səbəbini araşdırır və ayrı-ayrı simptomları müalicə etmir. Beləliklə, xəstəlik deyil, xəstəliyi provokasiya edən faktorlar, hərəki pozğunluqlar müalicə olunur. 

OSTEOPATİYANIN tətbiq olunduğu sahələr

Osteopatiya tibbin bir sıra sahələrində tətbiq olunur: fəqərəarası disk qabarması və yırtığı, lumbaqo, bağ, vətər, əzələ və sümük travması, qulaqda küy, miqren, artrozlar, skolioz, qamət pozğunluqları, yastıpəncəlik, orqanların sallanması və s. 
 

OSTEOPATİYA vaxt tələb edir 

Geniş anamnestik məlumat toplandıqdan sonra əllər vasitəsilə diaqnostika və müalicə aparılır. Müayinə zamanı osteopat palpasiya yolu ilə toxumaları qatbaqat əlləyir. Osteopat həkim öz dərin anatomik və fizioloji biliklərindən istifadə edərək daha dərin strukturları, məsələn, əzələlərı, fassiyaları, sümüklərı, sinirlərı, qan damarları və daxili orqanları hiss edir, hərəkət məhdudluğu və gərginliyi müəyyənləşdirir. Bu yolla fiziki disfunksiyaların aşkar olunması intensiv taktil məşqlər tələb edir. 
Osteopatik müalicə 30-60 dəqiqə davam edir. Dəqiq kurs müalicə konkret xəstəlikdən asılıdır. Bəzən osteopatik müalicəyə cavab reaksiyası nisbətən gec yaranır. Ona görə də müəyyən xəstəliklərdə nəticə əldə etmək üçün bir neçə müalicə kursundan keçmək lazım olur. Hətta bəzən bir xəstəni eyni anda 2 osteopatın işləməsinə ehtiyac duyulur. 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az