Liposaksiya əməliyyatı hekimtap.az

Liposaksiya əməliyyatı

12347
Author: Plastik cərrah Op. Dr. Günel Bayramlı 055 225-57-77

Published: 05.04.2018
Gunel Bayramli

Tibbi texnologiyaların inkişaf etdiyi dövrdə gözəl görünüş bir trendə çevrilib. Xarici görkəmlərindəki  qüsurları aradan qaldırmaq üçün xanımlarımız və hətta bəylərimiz müxtəlif kosmetoloji üsullara, plastik cərrahiyəyə müraciət edirlər. Bədən quruluşunu korreksiya etmək üçün tətbiq olunan cərrahi üsullardan biri də liposaksiyadır.

Liposaksiya nədir?

Liposaksiya piylərin vakuumla sovrulub çıxarılması əməliyyatıdır. Bu, kəsiklə deyil, dəliklərdən icra olunan bir əməliyyatdır. Liposaksiya zamanı bədəndə bir neçə kiçik dəlik açılır, piylər vakuumla sovrulur və bədəndən xaric edilir. Liposaksiya arıqlama əməliyyatı yox, bədənin korreksiya olunması əməliyyatıdır. Yəni bu metod bədəni birdən-birə 10-20 kq və ya daha artıq arıqlada bilməz. Liposaksiya lokal yerlərdə toplanmış piyləri, məsələn, qarında, qollarda, kürək nahiyəsində toplanmış piyləri çox rahatlıqla sovurub çıxarır. Liposaksiyanın aşağıdakı üsulları var:

 – Vakuumlu liposaksiya;
 – Ultrasəs dalğalı liposaksiya;
 – Lazer liposaksiya;
 – Güc dəstəkli liposaksiya;
 – Su yardımlı liposaksiya.

Vakuumlu liposaksiya

Liposaksiya üsullarından ilk kəşf olunanıdır. XIX əsrin ortalarında Amerikada populyarlaşıb, daha sonra bütün dünyada geniş tətbiqini tapıb. Bu əməliyyat zamanı müxtəlif diametrli və müxtəlif uzunluqlu kanyulalar elektrosovurucuya bağlanır və bu vasitə ilə dərialtı toxumadakı yağlar sovrulub çıxarılır.

Vakuum liposaksiyasının əsas çatışmayan cəhəti odur ki, piylərin çıxarılması zamanı damar və sinir dəstəsi çox zədələnir, dəridə nahamarlıq qalır. Bundan başqa, vakuum liposaksiyasında piyləi lazımi dərəcədə sovrulmur.  

Ultrasəs dalğalı liposaksiya

Bu liposaksiya metodu vakuumlu liposaksiyanın əskikliklərini aradan qaldırmaq üçün kəşf edilmişdir. Ultrasəs dalğalı liposaksiyanın vakuumlu liposaksiyadan fərqi odur ki, burada ultrasəs dalğa vasitəsilə yalnız piy hüceyrələrinə müdaxilə edilir – damar, sinir və bağ toxuması zədələnmir.

Bağ toxumasının zədələnməməsi dərinin tezliklə toparlanmasına şərait yaradır. Bu metodun başqa bir özəlliyi də odur ki, əməliyyat nahiyələri demək olar ki, göyərmir, sinirlər isə zədələnmədiyindən dəridə aylarla davam edən hissiyatsızlıq aradan qalxır.     

Ultrasəs dalğalı liposaksiya xüsusilə fibrozlu nahiyələrdə, kürək, bel nahiyyəsində, kişi süd vəzisi kimi çətin nahiyyələrdə mükəmməl üsuldur. Çatışmayan cəhəti isə dəri və əzələdə termal yanıqlar yaratması, uzun müddət istifadə olunduqda seromanın əmələ gəlmə ehtimalının çoxalmasıdır.

Amma ultrasəs dalğalı liposaksiyanın yeni nəsil cihazı olan Vaserdə (üçüncü nəsil) bu çatışmayan cəhətlər minimuma endirilib.

Lazer liposaksiya

Lazer tibbin bir çox sahələrində müvəffəqiyyətlə istifadə olunsa da, liposaksiyada uğurlu tətbiqini tapmadı. Məsələ ondadır ki, lazer işığı birbaşa yağ hüceyrəsinin divarını zədələyir və partladır.

Həm də lazerin termal yanıq yaratma ehtimalı daha yüksəkdir, özündən sonra dəri altında kobud çapıq toxuması yaradır. Bir də bu üsulla 1.5 kq-dan artıq yağ toxuması çıxarmaq olmur, çıxarılan yağ öz canlılığını qorumadığından şəkil vermək üçün başqa nahiyələrə vurula bilmir.  

Güc dəstəkli liposaksiya

XIX əsrin sonlarında bü üsulu kəşf etməklə ultrasəs dalğalı liposaksiyanın çatışmayan cəhətlərini aradan qaldırmaq mümkün oldu.

Düzdür, bu üsulla da, ultrasəs dalğalı liposaksiyada olduğu kimi, damar-sinir dəstəsi və bağ toxuması qorunmur. Əvəzində istilik hasil olunmur və termal zədə yetirilmir.  

Su yardımlı liposaksiya

Daha bir populyar metod su yardımlı liposaksiyadır.  Bu əməliyyatda bədənə çox miqdarda su vurulur, suyun titrəyişindən istifadə olunaraq, piylər kiçik ölçülərədək parçalanır və orqanizmdən xaric edilir.

Liposaksiya əməliyyatına göstəriş

Liposaksiya əməliyyatı aşağıdakı hallarda göstərişdir:
 – Dieta və idmanla kənarlaşdırılması mümkün olmayan lokal piylər;
 – Bədən proporsiyalarının azaldılması;
 – Pasiyentin həyatı üçün təhlükəli olan artıq çəkinin azaldılması;
 – Piylərin bədəndə qeyri-mütənasib paylanması.

Bütün digər əməliyyatlarda olduğu kimi, liposaksiya əməliyyatına da əks-göstərişlər var. Bunlar aşağıdakılardır:
 – Qan laxtalanması ilə bağlı problemlər;
 – İstənilən formalı şəkərli diabet;
 – Hipertoniyanın ağır formaları;
 – Endokrin xarakterli piylənmə;
 – Daxili orqanların ağır xəstəlikləri;
 – Ciddi somatik xəstəliklər (vərəm, pnevmoniya, hepatit, mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsi).
 – Ürək qüsurları və ürəyin digər ciddi problemləri.  


Mövzu ilə bağlı video:

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.