İnsan papilloma virusu hekimtap.az

İnsan papilloma virusu

5704
Author: Mama-ginekoloq Nigar Əliyeva , Əlaqə:(+994) 51 996-76-86

Published: 30.04.2018
Nigar Aliyeva

İnsan papilloma virusu (İPV) cinsi yolla keçən və geniş yayılmış infeksiyalardan biridir.  Bundan başqa, uşaqların doğuş vaxtı, eləcə də məişət-kontakt üsulu ilə yoluxma mümkündür.

Bu virus hamam, sauna, idman zallarında bir müddət yaşaya və insanın yaralanmış dərisindən orqanizmə keçə bilir. Virus orqanizmə düşdükdən sonra dəri hüceyrələrini zədələyir.

Zədələnmiş hüceyrədə virus iki növdə olur:
 – Xromosomdan kənar – xoşxassəli forma sayılır;
 – Hüceyrənin genomuna daxil olan – bədxassəli forma. İPV-nin inkubasiya dövrü bir aydan bir neçə ilədək davam edə bilər. Virus müxtəlif faktorların təsirindən (stress, soyuqlama və s.) aktivləşir və intensiv şəkildə çoxalmağa başlayır.     

Papilloma virusu xəstəliklərin törədicisi kimi

İPV bir sıra xəstəliklərin inkişaf etməsinə şərait yaradır:

 – Dərinin zədələnməsi (adi və yastı ziyillər, ziyiləbənzər epidermodisplaziya);
 – Cinsiyyət orqanların selikli qişasının zədələnməsi (kondilomalar, uşaqlıq boynu eroziyası, uşaqlıq boynu xərçəngi və s.);
 – Digər selikli qişaların zədələnməsi (ağız boşluğunun selikli qişasının zədələnməsi, ağciyərlərin residiv edən papillomatozu, baş, boyun və ağciyərlərin xərçəngi).

İnsan papilloma virusunun diaqnostikası

Bu patologiyanın diaqnostikası üçün xüsusi İPV testlərdən istifadə olunur. Daha dəqiq müayinə metodu zəncir-polimer reaksiyası sayılır. Bu metodla nəinki virusun orqanizmdə olub-olmadığını, həmçinin, onun növünü də müəyyənıəşdirmək mümkündür.

Bəs əgər siz bu problemlə üzləşibsinizsə, nə etməli? Vurğulamaq lazımdır ki, şəxsi gigiyena qaydalarına ciddi riayət etmək və təhlükəsiz intim həyat sizə bu virusdan qorunmağa kömək edəcəkdir.

İnsan papilloma virusunun müalicəsi

Hazırda bu virus əleyhinə spesifik terapiya mövcud deyildir. Başqa sözlə, bu virusu orqanizmdən heç bir preparatla kənarlaşdırmaq olmur. İPV-nin müalicəsi bu günə kimi açıq mövzu olaraq qalır.

İPV-nin terapiyasında adətən kompleks müalicə aparılır və bu zaman onkoloji patologiyalar yarada biləcək viruslara xüsusi diqqət ayrılır. Qeyd edək ki, insan bu virusa yoluxubsa, təkcə müalicə ilə kifayətlənməməli, daim mütəxəssisin nəzarəti altında olmalıdır.

İnsan papilloma virusunun müalicəsi kompleks terapiya tələb edir. Bu zaman zədələnmiş nahiyələrə həm yerli təsir göstərilir, həm də ümumi təsir preparatları təyin edilir. Yerli müalicəyə, əsasən, kondiloma və ziyillərin kənarlaşdırılması aiddir.

Lakin onların kənarlaşdırılması yetərli deyil. Həmçinin, orqanizmin müqavimətini, immunitetini artıran preparatların da təyin edilməsi vacibdir. Ona görə də ümumi müalicə məqsədilə geniş spektrli virus əleyhinə preparatlardan, müxtəlif interferonlardan və interferon stimulyatorlarından istifadə olunur.

Hər bir pasiyent üçün həkim fərdi müalicə təyin edir. Belə ki, İPV ilə yanaşı xəstədə digər viruslar da (məsələn, herpes) inkişaf edir.            

İnsan papilloma virusunun profilaktikası

Müasir dövrdə insan papilloma virusunun təkcə müalicəsi deyil, həmçinin, peyvənd vasitəsilə profilaktikası da mümkündür. Peyvənd gənc yaşlarda olunduqda xüsusən effektli olur. Əgər özünüzdə İPV-yə şübhə yaranarsa, mütəxəssisə müraciət edin və özünümüalicədən çəkinin.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.