İltihabi bağırsaq xəstəlikləri
 hekimtap.az

İltihabi bağırsaq xəstəlikləri

55857
Author: Qastroenteroloq Emin Verdiyev

Published: 09.05.2018
Emin Verdiyev

İltihabi bağırsaq xəstəlikləri nədir?

İltahibi bağırsaq xəstəlikləri olan xoralı kolit və Kron xəstəliyi mədə-bağırsaq traktının ciddi orqanik xəstəlikləri olub, bağırsağın selikli qişasında iltihab yaradır. İlk növbədə gənc yaşlı insanlara ziyan vurur, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır.  

Xoralı kolit xəstəliyi zamanı yalnız yoğun bağırsaq zədələndiyi halda, Kron xəstəliyində mədə-bağırsaq traktının istənilən şöbəsi (ağız boşluğundan başlamış düz bağırsağadək), daha çox isə nazik və yoğun bağırsaq zədələnir.

İltihabi bağırsaq xəstəliklərinin rastgəlmə tezliyi müxtəlif ölkələrdə geniş diapozonda dəyişir. Bu xəstəliklərə daha çox Skandinaviya ölkələrində, ABŞ-nin şimal ştatlarında, İsraildə rast gəlinir. Orta hesabla ildə əhalinin hər 100 000 nəfərinə yeni 7-15 xoralı kolit və 4-7 Kron xəstəliyi aşkara çıxır. Bu xəstəliklərə istənilən yaş periodunda, daha çox 20-40 yaş aralığında rast gəlmək olar. Xəstəliyin başlanmasının ikinci pik nöqtəsi – 60 yaşdan sonradır.   

İltihabi bağırsaq xəstəliklərinin yaranma səbəbləri

Təəssüf ki, iltihabi bağırsaq xəstəliklərinin inkişaf səbəbləri indiyə kimi sonadək öyrənilməyib. İmmun sistemdə bağırsaq qişasının iltihabına, nəticədə isə divarının zədələnməsinə səbəb olan faktorlar məlum deyil.     

Hazırda hesab olunur ki, iltihabi bağırsaq xəstəlikləri 3 əsas faktorun təsirindən yaranır:
 – Genetik;
 – Qidalanmanın xarakteri – rasionda daha çox rafinə edilmiş və fast-food məhsullarının olması;
 – Bağırsaq mikroflorası tərkibinin pozulması.

Onu da bilmək lazımdır ki, xoralı kolit və Kron xəstəlikləri dalğavari gedişata malikdir, yəni kəskinləşmə və remissiya dövrləri var.

İltihabi bağırsaq xəstəliklərinin əlamətləri

İltihabi bağırsaq xəstəliklərinin aşağıdakı əlamətləri var:
 – İshal (diareya) sutkada 2-4 dəfədən 8-10 dəfəyədək;
 – Nəcisdə qan və selik qarışığı;
 – Yalançı defekasiya çağırışları (tenezm), demək olar ki, nəcis kütləsi olmadan selik, qan və irinin ayrılması;
 – Daha ços spastik olmaqla qarın ağrıları, defekasiyadan əvvəl güclənir və defekasiyadan sonra yüngülləşmir;
 – Yuxarıda qeyd olunan simtomlar daha çox gecə saatlarında və ya səhərə yaxın özünü büruzə verir.

Bundan başqa, iltihabi bağırsaq xəstəliklərinin ümumi simptomlarına çəkinin itirilməsi, iştahanın pozulması, bədən temperaturunun artması, yorğunluq, yaşıdlarla müqayisədə boy artımı və inkişafın ləngiməsi.   

İltihabi bağırsaq xəstəlikləri olan bəzi pasiyentlərdə bağırsaqdankənar əlamətlər də üzə çıxa bilər. Onlardan daha çox rast gəlinəni bunlardır:
 – Artrit (oynaqların iltihabı);
 – Ağız boşluğunun xoraları (stomatit);
 – Dərinin zədələnməsi (eritema);
 – Gözlərin iltihabı (daha az hallarda rast gəlinir).

İltihabi bağırsaq xəstəliklərinin diaqnostikası

İltihabi bağırsaq xəstəliklərinə şübhə yaranarsa, bir sıra müayinələrdən keçmək vacibdir:
1. Qan analizləri (iltihabı aşkara çıxarmaq üçün);
2. Nəcis analizi (qan aşkara çıxarmaq və bağırsaq infeksiyasını istisna etmək üçün);
3. Endoskopik müayinə:
 – Ezofaqoqastroduodenoskopiya
 – Kolonoskopiya
4. Şüa diaqnostika metodları (ultrasəs, rentgenoqrafik (kontrast maddə ilə)), komüter tomoqrafiyası və s. iltihabi bağırsaq xəstəliklərinin müayinəsində köməkçi xarakter daşıyır.

İltihabi bağırsaq xəstəliklərinin müalicəsi

İltihabi bağırsaq xəstəlikləri xroniki xəstəliklər olub, kəskinləşmə və remissiya periodlarına malikdir.

Müalicə aşağıdakı məqsədlərlə aparılır:
 – Kəskinləşmə dövründə mümkün dərəcədə qısa müddət ərzində remissiyaya nail olmaq (iltihabı aradan qaldırmaq);
 – Remissiyanın mümkün qədər uzunmüddətli dayanıqlılığını təmin etmək – bunun üçün xəstəliyin simptomlarının qarşısını alan dərmanlar qəbul etmək vacibdir;
 – Xəstəliyin ağırlaşmalarının qarşısını almaq.

Preparat və dərman formasının seçimi iltihabın bağırsaqda lokallaşma və yayılmasından, həmçinin xəstəliyin ağırlıq dərəcəsindən asılıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.