Hamiləlik dövründə ağırlaşmalar hekimtap.az

Hamiləlik dövründə ağırlaşmalar

6719
Author: Mama-ginekoloq HekimTap

Published: 24.04.2018
Afa Taghiyeva

Hamiləlik dövründə ağırlaşmalar: gələcək ananın yaşı

İlkin hamiləlik üçün optimal yaş dövrü 18-19-dan (tam cinsi yetkinlik) 25 yaşadəkdir. 18 yaşadək gənclərdə hamiləlik dövründə tez-tez uşaqlıq qan dövranının pozulması və qan təzyiqi ilə bağlı problemlər yaranır. Bundan başqa, onlarda erkən doğuş ehtimalı digər qadınlardan dəfələrlə çoxdur.

Yaşı 35-dən yuxarı olan qadınlar hamiləlik dövründə ağırlaşma risk qrupuna daxildirlər. Yaş artdıqca analarda düşük riski, uşaqda isə bir sıra genetik pozuntuların yaranma ehtimalı artır. Lakin hamilə qadın özünə fikir verərsə və sağlamlığı yaxşı olarsa, hamiləlik 20 yaşında olduğu kimi uğurla keçə bilər.   

Stimulyatorların qəbulu zamanı hamiləlik dövründə ağırlaşmalar

Nikotin, alkohol və narkotik maddələrin qəbulu nəinki ananın sağlamlığına ağır zərbə vurur, həm də uşağın xəstəlik riskini artırır, hamiləlik və doğuş zamanı ağırlaşmalar verir.

Hamiləlik dövründə ağırlaşmalar: xroniki xəstəliklər

Böyrək, ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet hamiləlik dövrü və doğuşlarda ağırlaşmalar yaradır. Məsələn, əgər anada ürək qüsuru, qalxanabənzər vəzin xəstəlikləri və yaxud yüksək qan təzyiqi varsa, hamiləlik planlaşdırmazdan əvvəl ginekoloq və terapevtlə məsləhətləşmək lazımdır. Bu zaman mütəxəssislər hamiləlikdən əvvəl və hamiləlik dövrü üçün fərdi müalicə planı təyin edirlər. Xroniki infeksiyalar da, həmçinin, fərdi yanaşma tələb edir ki, bunun sayəsində ana və uşaq üçün yaranmış risklər minimuma endirilir.   

Əkiz uşaqlara hamiləlik dövründə ağırlaşmalar

Çöxdöllü hamiləlik zamanı ağırlaşmalara adi hamiləliklə müqayisədə 5-10 dəfə çox rast gəlinir. Əkizlərə hamilə olmuş qadınların normal doğuş etməsi üçün əksər hallarda ona xüsusi tikişlər qoyulur və uşaqlıq boynuna silikon halqa keçirilir ki, bu da uşaqlıq boynunun vaxtından əvvəl açılmasının qarşısını alır.    

Hamiləlik dövründə ağırlaşmalar: digər faktorlar

Əgər qadında düşük halları və ya ölmüş uşaq doğuşu qeydə alınmışsa, yeni hamiləliyi ehtiyatla planlaşdırmaq lazımdır. Bu, əvvəlki hamiləliyi qeysəriyyə əməliyyatı ilə yekunlaşmış qadınlara da aiddir. Mütəxəssislər hesab edirlər ki, doğuş, eləcə də hamiləliyin süni kəsilməsi qeysəriyyə əməliyyatından ən azı 2-3 il sonra olması məsləhətdir. Birinci halda həcmi böyümüş uşaqlıqdakı kəsik sonadək sağalmır və yenidən ağırlaşma verə bilir, abort zamanı isə uşaqlıqdakı kəsiyin deşilməsi təhlükəsi yarana bilər. Hamiləlik dövründə ağırlaşmalara aid olan bir məqam da rezus-faktor uyğunsuzluğudur. Ona görə də hamilə qadın həkimə müraciət edərkən əvvəlcə onun rezus-faktoru və qan qrupu müəyyənləşdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.