Haşimoto xəstəliyi (autoimmun tireoidit)
 hekimtap.az

Haşimoto xəstəliyi (autoimmun tireoidit)

18377
Author: Endokrinoloq Nazilə Abdullayeva

Published: 28.04.2018
HekimTap Pro

Haşimoto xəstəliyi nədir?

Haşimoto xəstəliyi (Hasimoto xəstəliyi və ya autoimmun tireoidit) ağır, müəlicəyə çətin yatan xəstəlikdir. “Tireoidit” sözü onu göstərir ki, bu xəstəlik qalxanabənzər vəzi zədələyir. Daha dəqiq desək, qalxanabənzər vəz hüceyrələrinin – tirositlərin xroniki iltihabı və ölməsinə səbəb olur.

Bütün digər immun xəstəliklər (yəni, elə bir xəstəlik ki, pasiyentin öz immun sistemi özünə ziyan vurur) kimi, Haşimoto sindromu da kompleks bir vəziyyətdir. O, bütün immun sistemi zədələyərək, onun fəaliyyətinə müdaxilə edir və immuniteti sahibinin ziyanına işləməyə vadar edir.   

Haşimoto xəstəliyinin təhlükəsi ondan ibarətdir ki, onu erkən mərhələdə aşkar etmək olmur. Ən başlıca təhlükəsi isə qalxanabənzər vəzin funksiyalarına mane olması – hipotireoz yaratmasıdır. Nəzərə alsaq ki, qalxanabənzər vəz bir sıra həyati əhəmiyyət daşıyan proseslərdə iştirak edir, xroniki hipotireoz pasiyentin orqanizminin fəaliyyətinə total zərbə vurmuş olur.  

Haşimoto xəstəliyinin yaranma səbəbləri

Təəssüf ki, müasir dövrdə “autoimmun tireoiditi” və “xroniki autoimmun tireoiditi” heç də az rast gəlinən diaqnozlardan deyil. Xüsusən son vaxtılar, xəstəliyin sürətlə “cavanlaşdığı” bir zamanda məktəbəqədər və məktəbli uşaqlar da Haşimoto xəstəliyindən əziyyət çəkirlər. Uşaq yaşlarında Haşimoto sindromu özünü qəfildən büruzə verir, daha sürətlə inkişaf edir və nəticədə böyüklərə nisbətən daha dağıdıcı olur.  

Haşimoto xəstəliyinin ilkin yaranma səbəbi immun sistemində baş verən pozuntudur. Digər autoimmun xəstəliklərdə olduğu kimi, burada da insanın immuniteti öz hüceyrələrini tanımamağa başayır, səhvən onları yad cism hesab edib, məhv etməyə çalışır.

Bu cür pozuntulara səbəb, əsasən, irsi faktorla izah edilir. Lakin Haşimoto xəstəliyini aktivləşdirən bir sıra başqa kənar faktorlar da mövcuddur.

Qeyd olunur ki, qadınlar arasında autoimmun tireoiditinə kişilərdən 10 dəfə çox rast gəlinir. Bu, onunla izah edilir ki, qadın endokrin sistemi cinsi sitemlə əlaqədar olaraq xətti deyil, tsiklik işləyir. Qadın endokrin sistemi, xüsusən də qalxanabənzər vəz kişilərlə müqayisədə daha zərif və həssasdır.  

Bundan başqa, hamiləlik və doğuş özlüyündə doğuşdansonra tireoidit yarada bilər. Hamiləlik dövründə qadının immun sistemi təbii olaraq zəifləyir. Doğuşdan sonra isə birdən-birə aktivləşir və irsi faktor mövcuddursa, bu halda Haşimoto xəstəliyi yarana bilir.

Daha çox qadınlara xas olan hormonal preparatların qəbulu da Haşimoto xəstəliyinin yaranmasına şərait yarada bilər.

Bəzi dərman vasitələrinin uzunmüddətli qəbulu da risk faktorlarındandır.

Haşimoto xəstəliyinin yaranmasında daha bir risk faktoru, bütün xəstəliklərdə olduğu kimi, ekoloji vəziyyət və streslərdir.   

Haşimoto xəstəliyinin əlamətləri 

Yuxarıda qeyd olunduğu kimi, Haşimoto xəstəliyi ilkin mərhələdə simptomsuz ötüşməsi ilə təhlükəlidir. Bəzən tipik formada xəstə ümumi narahatlıq hiss edir və konkret şikayət bildirməyə çətinlik çəkir.

Birinci mərhələdə Haşimoto xəstəliyi fonunda hormonal sistem qəfil aktivləşir. Bu, o zaman baş verir ki, xəstənin immun sistemi antitellər ifraz etməyə başlayır ki, onlar da qalxanabənzər vəzi hücuma məruz qoyur. Həmin periodda qalxanabənzər vəz hələ ki, tam sağlamdır, lakin antitellərin dağıdıcı təsirindən qana öz hormonlarını ifraz etməyə başlayır. Bu zaman hipertireozun tipik mənzərəsi yaranır – qalxanabənzər vəzin funksyasında artım müşahidə olunur.

İkinci mərhələ – gizli mərhələ sayılır. Bu mərhələ bir neçə aydan, bir neçə ilədək davam edə bilər. Hiperterioz vəziyyətindən bir neçə ay sonra qalxanabənzər vəzin resurları tükənir, o, hiperaktiv rejimdə işləməkdən “yorulur” və eutireoz vəziyyətinə keçir, yəni hormonları normal rejimdə ifraz edir.     

İkinci mərhələnin sonunda xəstədə hipertireoza əks – hipotireoz vəziyyət yaranır, əzginlik, zəiflik, tez yorulma müşahidə edilir. Qalxanabənzər vəzdə düyünlər və qalınlaşma, ölçülərində böyümə və ya kiçilmə qeydə alına bilər.

Üçüncü mərhələdə – autoimmun tireoidit qalxanabənzər vəzin funksiyalarının qəfildən zəifləməsi ilə müşayiət edilir. Bu, hipotireozun güclü ifadə olunan mərhələsidir. Belə hallarda xəstə daimi yorğunluq və yuxululuq hiss edir, libido və potensiya zəifləyir, menstrual tsikl pozulur.   

Autoimmun tireoidit xroniki mərhələyə keçəndə xəstənin orqanizmi tireotrop hormon reseptorlarına qarşı antitellər ifraz etməyə başlaya bilər. Nəticədə qalxanabənzər vəz hormon ifrazını bir qədər də azaldır, hipotireoz inkişafı sürətlənir.    

Haşimoto xəstəliyinin diaqnostikası

Haşimoto xəstəliyinin diaqnostikasında qalxanabənzər vəzin ultrasəs müayinəsi, hüceyrəvi immunitetin laborator müayinəsi, qalxanabənzər vəzin zülal və reseptorlarına qarşı antitellərin müəyyənləşdirilməsi, qalxanabənzər vəzin funksiyalarının müayinəsi aparılır.    

Haşimoto xəstəliyinin müalicəsi

Etiraf etmək lazımdır ki, konvensional təbabətdə autoimmun tireoiditin vahid müalicə protokolu mövcud deyil. Xəstənin müalicəsinin ümumi strategiyası pasiyentin vəziyyətinə nəzarət etmək, müntəzəm olaraq laborator analiz və qalxanabənzər vəzin USM-ni aparamağa yönəldilib. Bundan başqa, pasiyentin vəziyyətindən asılı olaraq, həkim müvafiq müalicə strategiyası seçir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.