Ginekomastiya hekimtap.az

Ginekomastiya

6474
Author: Plastik cərrah Op. Dr. Günel Bayramlı 055 225-57-77

Published: 11.06.2018
Gunel Bayramli

Ginekomastiya nədir?

Ginekomastiya – kişi süd vəzilərinin qadınsayağı böyüməsidir. Ginekomastiya yunan sözü olub, dilimizə tərcümədə “qadınsayağı məmə” mənasını verir.

Yeniyetməlik dövründə ginekomastiyaya bir çox oğlan uşaqlarında rast gəlinir və heç də həmişə patologiya sayılmır. Əksər hallarda bu ginekomastiya öz-özünə keçib gedir.

Ginekomastiyaya böyük yaşlı kişilərdə də tez-tez rast gəlinir.   
Əksər hallarda bunun səbəbi naməlum qalır, lakin mütəxəssislər ehtimal edirlər ki, bu patologiya qaraciyər funksiyası pozuntularından, anabolik steroidlərin qəbulundan, qadın hormonlarının balansını sıradan çıxaran estrogen tərkibli preparatların qəbulundan yarana bilər. Bəzən ginekomastiyanın yaranmasını irsi faktorla izah edirlər.

Təbii ki, kişilərdə ginekomastiyanın  yaranması ciddi kompleksə səbəb olur. Bu problemi tezliklə və fəsadsız aradan qaldırmağın ən müasir üsulu ginekomastiya əməliyyatıdır.

Ginekomastiya əməliyyatından əvvəlki mənzərə

Ginekomastiya ilə bağlı müraciət edən kişilər əvvəlcə bəzi müayinələrdən keçirlər. Belə ki, bəzən genikomastiyanı dərman müalicəsi ilə aradan qaldırmaq mümkündür.  Ginekomastiya əməliyyatı səhhətində ciddi problem olmayan hər yaşda kişilərə icra oluna bilər.

 Kişilərdə böyüyən məmənin içərisində 2 toxuma olur: Məmə toxuması və yağ toxuması.

Bununla əlaqədar ginekomastiyanın 3 növü var:
1.Qlandülar tip;
2.Lipomatoz tip;
3.Qarışıq tip.

Qlandülar tipdə böyümə məmə toxuması hesabına, lipomatoz tipdə yağ toxuması hesabına, qarışıq tipdə isə böyümə hər iki toxumanın hesabına baş verir.

Əməliyyatdan əvvəl məmənin ultrasəs müayinəsi aparılır və orada hansı toxumanın üstünlük təşkil etdiyi müəyyənləşdirilir. Bunun vasitəsilə hansı əməliyyat texnikasının seçiləcəyinə qərar verilir. Belə ki, əgər süd vəzi toxuması üstünlük təşkil edirsə, liposaksiya etməklə böyümüş məmə kiçildilir. Yox əgər süd vəzi toxuması üstünlük təşkil edərsə, areola ətrafında aparılan kiçik kəsiklə şişkinliyə səbəb olan toxuma çıxarılır.     

Ginekomastiya əməliyyatından sonrakı mənzərə

Əməliyyat xəstənin tam yatızdırıldığı ümumi anesteziya ilə həyata keçirilir və təxminən bir saat davam edir. Əməliyyatdan sonra klinikada qalmağa ehtiyac yoxdur.

Yara üzərindəki sarğılar iki gün sonra açılacaq. Sarğılar açıldıqdan sonra çimməyinizə icazə veriləcək. 2-3 gün ərzində əməliyyat sahəsində həssaslıq olmağı normaldır. Məmə ucundakı uyuşuqluq tədricən keçəcək.  3-5 gün sonra iş həyatınıza geri dönə bilərsiniz. Üzərinizdə yara yerini korreksiya etmək məqsədi ilə korset olacaq. Bu korsetin 1 ay taxılması vacibdir. 1 ay ağır qaldırmaq, ağır idman etmək, sauna və türk hamamına getmək olmaz. Şişlərin çox hissəsi 1 ay içərisində keçəcək. Tam nəticə 6 ayın tamamında görünəcək.

Bütün cərrahi əməliyyatlarda olduğu kimi bu əməliyyatında ağırlaşmaları ola bilər. Belə ki, anestezioloji risk, infeksiyalaşma, qanama, seroma kimi ağırlaşmalar həkiminizin dediyinə ciddi şəkildə riayət edərsəniz, minimaldır.

Ginekomastiya əməliyyatına əks-göstərişlər

 – Qan laxtalanması pozuntusu;
 – Kompensasiya edilməyən şəkərli diabet;
 – Qalxanabənzər vəzinin bəzi xəstəlikləri;
 – Dekompensasiya mərhələsində olan hipertoniya xəstəliyi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az