Epilepsiya xəstəliyi
 hekimtap.az

Epilepsiya xəstəliyi

5757
Author: Nevroloq Dr. Vüsal Əzimov

Published: 09.09.2017
Vusal Azimov

Epilepsiya - beyin hüceyrələrində keçici anormal elektrik yayılması nəticəsində ortaya çıxan bir klinik tablodur. Xəstədə klinik olaraq qısa bir müddətdə huşun, hisslərin, hərəkətlərin, davranışın pozulması müşahidə olunur. Hər qıcolma tutması keçirən epilepsiya xəstəsi sayılmır. Epileptik tutmalara fərqli şəkillərdə rast gəlinir. Bu tutmalara 2-3 saniyə sürən boş baxışlardan tutmuş, əzələ səyirmələrinə və ya huşun tamam itməsinə qədər rast gəlinir.  

Epilepsiya xəstəliyi:
 - Simtomatik
 - İdiopatik
 - Genetik olur

Simtomatik epilepsiyalar - Beyin şişi xəstəlikləri, beyində olan işemik lezyonlar (ocaqlar), beyin qanaması, doğuş travmaları, konjenital malformasiya, beynin iltihabi xəstəlikləri (meningit, ensefalit), qalxanabənzər vəzi xəstəlikləri, vitamin B6 əskikliyi xəstəlikləri zamanı yaranan epileptik tutmalar baş verdikdə simtomatik epilepsiya qrupuna aid edilir.

İdiopatik epilepsiya - Beyində heç bir orqanik səbəb olmadan baş verən epileptik tutma idiopatik epilepsiya qrupuna aid edilir (Beynin funksional pozulması nəticəsində baş verir).  

Genetik epilepsiyalar - Ailədən gələn, mutasiyaya uğramış gen xəstəlikləri nəticəsi olaraq yaranan epileptik tutmalar genetik epilepsiya qrupuna aiddir.

Epilepsiya xəstəliyinin əsas iki növü vardır:
1. Parsiyal tutmalar - elektrik deşarjlar beynin bir bölgəsindən başlayır.
2. Generalize tutmalar - beynin hər iki bölgəsindən yayğın şəkildə başlayır. Bunların da ayrıca bir neçə növləri vardır.
Epilepsiya əlamətləri hər xəstədə eyni cür görülmür. Daha çox rast gəlinən əlamətlər bunlardır:

Huşun və yaddaşın qısa müddətli itməsi, stres, iki görmə, baş gicəllənmə, bayılma, titrəmə, yerə yıxılma, halusunasiya, nəfəs darlığı, nəfəsin kəsilməsi, ağızdan köpüyün gəlməsi, geyri-iradi sidik ifrazı, hərəkətlərini kontrol edə bilməməsi, qıcolmalar, əllərin və ayaqların çırpınmaları, tutmadan sonra çaşqınlıq halı, qorxu, yuxu halı, burun axıntısı və qanaması, dodaqda və ağızın içinde uçuqlamalar, qoxuya, iyə həssaslığın artması, bir nöqtəyə baxmalar. Bu əlamətlərin hamısı görülməyə bilir.

Epilepsiyanın müalicəsində - antiepileptik dərmanlar verilir. İstifadə olunan dərman epileptik tutmanın növünə görə seçilir. Müalicəyə bir antiepileptik dərmanla başlanılır. Müalicə yetərsiz olduğu hallarda bir neçə antiepileptik dərman konbinasiyasından istifadə olunur. Müalicədə məqsəd tutmaların qarşısını almaqdır. Müalicə müddəti tutmalar olmadığı halda 3-5 il davam edir. Həkim məsləhəti olmadıqda dərmanları kəsmək olmaz.

Epileptik tutma anında xəstəyə ilk yardım mütləq olunmalıdır. Bunun üçün xəstə güvənli bir yerə uzadılır, ətrafındakı əşyalar xəstənin yanından uzaqlaşdırılır (çırpıntı zamanı xəstə zədə almaması üçün). Başı yerə çırpılmamaq üçün əl yardımıyla dəstəklənir. Xəstəni ayıltmaq üçün kəskin iyli şeylər (soğan, naşatır spirti) iylətmək olmaz. Kəskin hərəkətlər durdurulmağa çalışılmalıdır. Xəstə dişini sıxırsa əlinizi və ya hər hansı sərt cismi (qaşıq, taxta) xəstənin ağzına salmayın. Xəstəni ayıltmağa çalışmayın, xəstə özü yavaş-yavaş ayılacaqdır. Xəstə özünə gəldikdən sonra yorğunluq, keçici yaddaş pozulması, sərsəmlik halı ola bilir. Ona görə xəstə bir müddət dincəlməlidir, özünə gəldikdən sonra xəstəxanaya aparılmalıdır.

Epileptik status - 30 dəqiqədən uzun sürən, ardıcıl bir neçə dəfə epleptik tutmaların baş verməsidir. Bu tutmalar arasında xəstə özünə gəlmir və bu halda mütləq təcili tibbi yardıma müraciət olunmalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.